SƏNAYE

SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər
17 SENTYABR
168

SOCAR Albaniyanın qazlaşdırılmasında iştirak edə bilər

2019-09-17 17:56:00

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Albaniyanın qazlaşdırılması ilə bağlı görüləcək işlər üçün tenderin başa çatmasını və baş icraçı qurumun seçilməsini gözləyir.

Fins.az xəbər verir ki, bunu “SOCAR Balkans” şirkətinin icraçı direktoru Murad Heydərov deyib.

O, Albaniyanın müvafiq təşkilatları tərəfindən keçirilən tenderdən sonrakı mərhələdə SOCAR-ın hərtərəfli layihələndirmə işlərini ödənişsiz həyata keçirməyə hazır olduğunu bildirib.

“Hazırda tender nəticəsində icraçının seçilməsini gözləyirik. Bundan sonra Albaniyanın qazlaşdırılmasında yerimizi bu ölkənin hökuməti ilə dəqiqləşdirəcəyik. Onlar üçün təfərrüatlı layihələndirmə işlərini ödənişsiz həyata keçirməklə bağlı öhdəliyimiz qüvvədə qalır. Albaniya hökuməti tender başa çatdıqdan və baş icraçı seçildikdən sonra bu məsələni həll edəcəyimizi bildirib. Yəni baş icraçı seçildikdən sonra onlarla birgə fəaliyyətimizi razılaşdıracağıq. Çox güman ki, baş icraçı bizim təfərrüatlı layihələndirmə işini görəcəyimizə müsbət baxacaq. Tender vaxtı başa çatıb, müəyyən çətinliklərin ola biləcəyini başa düşürük”, – SOCAR nümayəndəsi diqqətə çatdırıb.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanla Albaniya hökumətləri arasında Albaniyanın qazlaşdırılmasına dair əsas planın icrasını nəzərdə tutan anlaşma memorandumu imzalanmışdır. SOCAR-ın törəmə şirkəti olan “SOCAR Balkans” Avropa İttifaqı, İsveçrə hökuməti, TAP, "Enagas" kimi maraqlı tərəflərlə yanaşı, bu layihədə daha çox məsləhətçi qismində iştirak edir. Qazlaşdırma layihəsi ilə bağlı keçirilən texniki iqtisadi əsaslandırma nəticəsində Fier şəhəri yaxınlığındakı kompressor stansiyası ilə Vlora şəhərindəki qaz emalı müəssisəsi arasında 40 kilometrədək uzunluğu, ilkin nəqletmə gücü 1 milyard kubmetr həcmində olan yeni qaz kəmərinin tikintisi zərurəti yaranıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır