SƏNAYE

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı
10 SENTYABR
1053

“Əsrin müqaviləsi”: Azərbaycanın müasir neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı

2019-09-10 13:49:00

Neft sənayesi tariximizə qısa baxış

1847-ci ildə neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə Azərbaycan tarixində yeni, əhəmiyyətli bir dövr başlanır. Həmin dövrdən bu günə kimi 67 neft, qaz və kondensat yatağı kəşf edilib ki, hazırda onlardan 55-i istismar olunur.

Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkarlanır, neft hasilatı artırdı. Bununla da Azərbaycanda milli burjuaziya formalaşır, Bakı dünyanın sənaye mərkəzlərindən birinə çevrilir.

1878-ci ildə Balaxanı yatağı ilə Bakı Neftayırma zavodunu birləşdirən 12 km-lik kəmər çəkilir ki, bu, Rusiyada ilk neft kəməri sayılır.

1883-cü ildə Bakı-Batumi dəmir yolu tikilir. Bu layihə Azərbaycan neftinin Avropaya ixracı üçün mühüm addım hesab olunur. Elə həmin ildən Rotşild neftin satışına başlayır.

Birinci Dünya Müharibəsi illərində neft sənayesində ağır vəziyyət yaşanır. Artıq ötən əsrin 20-ci ilərindən başlayaraq axtarış-kəşfiyyat işləri genişləndirilir. Bir sıra yeni yataqlar kəşf olunur.

Xəzər dənizində 1949-cu ildə 942 m-lik dərinlikdən neft çıxarılır və bununla da dənizdə nefçıxarmanın əsası qoyulur.

Sovet illərində neft sənayesi inkişaf etsə də, həm quru, həm də dənizdən neft hasilatı yüksəlsə də, buradan əldə olunan gəlir Moskvaya axırdı. Bu vəziyyət Azərbaycan müstəqilliyini əldə etdikdən sonra dəyişdi.

 

“Əsrin müqaviləsi” – Azərbaycan xalqının xilası

1994-cü ildən Azərbaycan dövləti yeni neft strategiyasını həyata keçirir. Bu strategiyanın əsas məqsədi Azərbaycanın zəngin neft və qaz sərvətlərindən xalqımızın rifahı naminə daha da səmərəli şəkildə istifadə etməkdən ibarətdir. Strategiyanın banisi Ümummilli Lider Heydər Əliyev layihənin əhəmiyyətini belə şərh edirdi:

“Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün xoşbəxt dövr olacaqdır”.

Dünyanın 8 ölkəsinin 13 ən məşhur şirkətinin iştirak etdiyi bu müqavilə ilə yeni neft strategiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi” qazma sənayesinin inkişafı üçün də mühüm təkan oldu.

1995-ci ildə ilkin neft hasilatı dövründə “Çıraq 1”in özülü müasir standartlara uyğun bərpa olundu. Bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. Yeni qazma qurğusu laylara horizontal quyuların qazılmasına imkan verdi. Maksimal maililiklə qazılmış quyular işə düşdü. 1997-ci ildə bu yataqdan heft hasilatına başladılar.

1998-ci ildə isə SOCAR-ın nəzdində Pirallahı adasına bitişik neft yataqlarının qazılmasının intensivləşdirilməsi məqsədilə “Pirallahı” Dəniz qazma işləri idarəsi yaradılır. 2003-cü ildə bu idarə artıq 46 işləyən quyu qazmışdı.

1999-cu ildə “Şahdəniz” yatağında “İstiqlal” qurğusundan ilk kəşfiyyat quyusu qazılır.

“Şahdəniz” perspektiv strukturu Azərbaycanın Xəzər sektorunda dənizin 50-500 metr dərinliyində yerləşir. Müqavilə imzalanan dövrdə onun qaz ehtiyatları 400 milyard kubmetr, qaz kondensatı 200 milyon ton, neft ehtiyatı isə 100 milyon ton kimi qiymətləndirilirdi.

2003-cü ildə isə “Lider” yeni qurğusunun köməyi ilə “Zəfər-Marşal” dəniz yatağında ilk kəşfiyyat quyusu qazılmağa başlanır. Layihəyə görə, quyunun dərinliyi 6800 m. təşkil edir.

2004-cü ilin fevralında isə “Dədə Qorqud” yarımsalınan qazma qurğusunun köməyi ilə BP-Azərbaycan şirkəti “East Azeri” neft yatağında qabaqlayıcı qurğuların qazılmasına başlayır. Həmin ilin aprelində isə SOCAR “Cənub-Qərbi Qobustan” müqaviləsi sahəsində fəaliyyət göstərən şirkət üçün qazma proqramını təsdiq edir. Proqrama əsasən 10 quyunun qazılması planlaşdırılır ki, onlardan 5-i kəşfiyyat quyusu olur.

2004-cü ildə Səngəçal neft terminalı ərazisində tikilmiş ilk Texniki hazırlıq mərkəzinin açılışı olur. Mərkəzin yetişdirdiyi mütəxəssislər qazma sənayesinin inkişafına öz töhfələrini verməkdədirlər. Mərkəz eyni zamanda 400 qazma operatoruna təlim keçmək qabiliyyətindədir.

2005-ci ildən isə “Central Azeri” neft yatağından hasilat başlanır. 2006-cı ildə isə həmin yataqda sonuncu – onuncu neft quyusu istismara verilir.

2001-2004-cü illərdə heft hasilatı az artsa da, 2005-ci ildə bu rəqəmdə sıçrayış baş verir. Səbəb kimi tammiqyaslı işlənmənin başlaması göstərilir.

2007-ci ildə BP – Azərbaycan şirkəti Xəzər dənizində ən bahalı və dərin quyunu qazır. Bu, “Şahdəniz qaz-kondesat yatağında qazılmış dördüncü kəşfiyyat quyusudur. Quyunun dərinliyi 7301 metrdir.

Artıq 2008-ci ildə Neft daşlarındakı 1887 saylı platformadan sayca onuncu quyu istismara verilir. Geoloqların əvvəldən hesabladığı kimi, quyu sutkada 30 ton keyfiyyətli neft verir.

2010-cu ildə Azərbaycanda rekord həcmdə neft hasil edilir – 51 milyon ton! Ümumiyyətlə, son illər qaz və neft hasilatı ilə bağlı rəqəmlər yeni rekordlar müəyyənləşdirir.

İcrasına 2010-cu ildə başlanmış “Çıraq neft layihəsi” üzrə “Qərbi Çıraq” platforması quraşdırılır. Bu platformadan ilk neft 2014-cü ilin yanvarında hasil olunur.

2014-cü il 28 yanvar tarixində “Qərbi Çıraq”dan hasilat başladı. Bununla da, “Çıraq Neft Layihəsi” başa çatmış hesab edilir.

2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti  və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə “Azəru Çıraq Günəşli”nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzalayırlar.

2010-cu ildə “Ümid” qaz yatağının kəşfi Azərbaycan üçün yeni perspektivlər açır. Bundan başqa, “Babək” strukturunun ehtiyatları da yüksək qiymətləndirilir.

Göründüyü kimi, “Əsrin müqaviləsi” təkcə Azərbaycanın sosial-iqtisadi və siyasi tərəqqisində, xarici ölkələrlə qarşılıqlı əlaqələrin qurulmasında mühüm amil kimi çıxış etmir, həm də sənayemizin intibah dövrünün başlanğıcı sayılır.

 

Yeni üfüqlər...

Danılmaz faktdır ki, “Əsrin müqaviləsi”nin proqnozlaşdırılan pik dövrü artıq geridə qalıb. Bundan sonra hasilatın tədricən azalması təbii prosesdir. Buna baxmayaraq, müqavilə Azərbaycan neft sənayesində danılmaz iz buraxdı. Bu iz hələ ki gələcək nəsillər üçün də önəmlidir.

“Əsrin müqaviləsi” ilə başlayan yol Xəzər dənizindəki zəngin karbohidrogen ehtiyatların istismarı sahəsində Azərbaycan ilə xarici şirkətlər arasında qarşılıqlı faydalı və sistemli əməkdaşlığın təməli qoyuldu. Bu təməl yeni ideyaların, o cümlədən böyük potensiala malik “Şahdəniz –2”, TANAP və TAP layihələrinin yaranmasına səbəb oldu.

Azərbaycan nefti tarix boyunca regionda ölkəmizin ictimai-siyasi əhəmiyyətini artıran əsas səbəblərdəndir. Görünən odur ki, bu fakt hələ neçə il də dəyişilməz qalacaq.

Azərbaycan Prezidenti İlham Əliyev də ölkənin inkişafını neft sənayesi ilə bağlı görür: "Azərbaycan iqtisadi və siyasi cəhətdən müstəqil ölkədir. İqtisadi müstəqillikdə neftçilərin böyük əməyi var. Neft-qaz sektoru Azərbaycanın inkişafı üçün əsas sahə olacaq, bu sahənin inkişafı üçün zəruri addımlar atılacaq”.

Müəllif: Tuncay Türbəndəzadə

SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır