SƏNAYE

STP Azərbaycan istehsal sənayesi üçün gənc mütəxəssislərin yetişməsinə xidmət edir
10 İYUL
186

STP Azərbaycan istehsal sənayesi üçün gənc mütəxəssislərin yetişməsinə xidmət edir

2019-07-10 14:53:00

Azərbaycanın ən böyük iş yerlərindən birinə sahib olan Sumqayıt Texnologiyalar Parkı  minlərlə insan üçün  iş imkanı yaradır.  Sumqayıt üzrə  ən yüksək orta aylıq əməkhaqqı  göstəricisinə malik  Texnopark əmək bazarında  böyük maraqla izlənilir. Bu da müəssisəyə bacarıqlı və təcrübəli  kadrların cəlb olunmasına imkan yaradır. Bunlarla yanaşı STP  yetişməkdə olan gələcək nəslin və istehsal sənayesinin inkişafı istiqamətində öz məsuliyyətini hiss edir və gənc mütəxəssislərin hazırlanması və inkişafında da  əvəzsiz işlər həyata keçirir.

Belə ki, Texnopark 2019-cu ilin ilk 6 ayı ərzində tələbə-təcrübəçilərin istehsalat təcrübəsinin, öyrənmə prosesinin təşkil olunması məqsədi ilə təhsil müəssisələri ilə sıx əməkdaşlıq edib. Əməkdaşlıq hazırda da davam etməkdədir.  Şirkətin fəaliyyət istiqamətlərinə müvafiq olaraq aidiyyəti sahələr üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinin təşkili ölkəmizin gələcək işçi ehtiyatının böyüməsinə və gənclərin düzgün istiqamətdə inkişafına öz töhfəsini verməkdədir.

2019-cu ilin fevral-iyun aylarını əhatə edən layihədə ADA, Azərbaycan Texniki Universiteti,  Memarlıq və İnşaat Universiteti kimi ali təhsil ocaqları başda olmaqla 7 adda təhsil müəssisəsindən ümumilikdə 104 nəfər tələbə STP-də istehsalat təcrübəsi keçib. Layihədə əsasən 4-cü kurs tələbələri iştirak edib. Onlar təcrübə müddətində iş prinsiplərini öyrənməklə yanaşı, korporativ mədəniyyət, təşkilati dəyərlər, əməyin təhlükəsizliyi, iş yerində davranış qaydaları kimi mühüm məlumatları da mənimsəyiblər. Layihə çərçivəsində fərqlənən 45 nəfər tələbəyə sertifikatlar təqdim olunub.

Məlumat üçün bildirək ki, bu cür təcrübə proqramları dövrü xarakterlidir və daim yeni tələbələrin hazırlanması ilə müşayiət olunmaqdadır. Hazırda isə 2019-cu ilin ikinci yarısını əhatə edən təcrübəçi proqramları davam etdirilir.

Əlavə olaraq STP öz fəaliyyətinə gənc, bacarıqlı və savadlı  insanları cəlb etmək və onların iş prosesində inkişafını təşkil etmək üçün  “Təlim-İş” təcrübə proqramı da həyata keçirməyə başlayıb. Bu təcrübə proqramına əsasən sonuncu kurs bakalavriat və magistratura tələbələri və təhsilini yeni başa vurmuş məzunlara STP-də çalışaraq  öyrənmək, təcrübə qazanmaq və STP-də işləmək imkanı yaradır.  Proqram 3-6 ay davam edir və şirkətin ofis və zavodlarının işçi tələbindən asılı olaraq müxtəlif vakansiyalar üzrə həyata keçirilir.

Qeyd edək ki, aprel ayında start verilən Təlim-İş layihəsinə yüzlərlə gənc müraciət etmişdi.  Bu müraciətçilərin də içindən 50 nəfər seçilərək may ayında imtahana dəvət olunmuşdu. İmtahanların nəticəsinə uyğun olaraq Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti və Xəzər Universitetlərindən ümumilikdə 15 nəfər gənc STP-nin Konstruktor-Texnoloji, SƏTƏM və Keyfiyyətə Nəzarət departamentlərinə və  Kabel Zavodu, Mexaniki Emal  Zavodlarına işə götürülüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır