SƏNAYE

Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər
04 İYUL
87

Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər

2019-07-04 11:26:00

Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir.

Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövrün sonuna ölkədə adambaşına düşən ÜDM-in həcmi iki dəfə artaraq 13000 ABŞ dollarına çataqdır.

2020-ci ilədək Azərbaycanın Dünya Bankının adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə "yuxarı orta gəlirli ölkələr" arasında tamhüquqlu ölkə olması və hazırda bu qrup ölkələr sırasında yer almanın əsas səbəbi olan karbohidrogen ixracından asılılığın aradan qaldırılması, habelə BMT-nin inkişaf Proqramının İnsan İnkişafı ilə bağlı təsnifatına əsasən "yüksək insan inkişafı" ölkələri qrupunda yuxarı sıralara yüksəlməsi hədəflənir.

Azərbaycan Respublikasının iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. Bu məqsədlə ölkənin əlverişli coğrafi mövqeyi, geniş potensialı nəzərə alınaraq, ölkənin regionun ticarət mərkəzinə çevrilməsi, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 ABŞ dollarına çatdırılması planlaşdırılır.

Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimləməsi, enerjidən səmərəli istifadə edən və yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsipləri əsas tutulacaqdır. Konsepsiya çərçivəsində istehsal amillərinin ümumi məhsuldarlığının artımı nəticəsində ölkə iqtisadiyyatının səmərəliliyə əsaslanan iqtisadiyyata çevrilməsi və innovasiyaların üstünlüyü ilə səciyyələndirilən mərhələyə keçidin təmin olunması hədəflənir.

İqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması makroiqtisadi sabitliyin qorunması, monetar və fiskal siyasətin koordinasiyasının gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və özəl təşəbbüsün dəstəklənməsi, maliyyə xidmətləri bazarının inkişaf etdirilməsi, xarici ticarət və investisiya siyasətinin təkmilləşdirilməsi kimi istiqamətləri özündə cəmləşdirir. Bu dövrdə inflyasiyanın məqbul səviyyədə saxlanılması, daha çevik məzənnə rejiminə tədrici keçid nəzərdə tutulur.

Eyni zamanda, məqsədyönlü şəkildə iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi tədbirləri həyata keçiriləcəkdir. Neft-qaz sektoru və neft-kimya sənayesinin modernləşdirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi və inkişaf etdirilməsi, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin gücləndirilməsi, ticarət və xidmət fəaliyyəti növlərinin genişləndirilməsi və inkişaf etdirilməsi, xarici ticarətin və investisiyaların strukturunun təkmilləşdirilməsi prioritet istiqamətlər olacaqdır. Konsepsiyanın əhatə etdiyi dövr ərzində qeyri-neft sektoru üzrə ÜDM-in orta illik real artım tempinin 7 faizdən yüksək olması nəzərdə tutulur.

Hazırkı mərhələdə qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında ixrac yönümlü iqtisadi model əsas götürülmüşdür və nəzərdə tutulur ki, iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına səbəb olacaqdır. Qeyri-neft sənayesinin sürətli inkişafı ilə yanaşı, innovasiya fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın formalaşması üçün əlverişli zəmin yaradacaqdır.

Qarşıda duran məqsədlərə çatmaq üçün ölkənin bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan enerji, nəqliyyat, tranzit və logistika infrastrukturunun genişləndirilməsi, bölgələrə xüsusi diqqət yetirilməsi və hər bir bölgənin rəqabət üstünlükləri nəzərə alınmaqla, regional inkişaf mərkəzlərinin yaradılması, şəhər və kənd yerlərində infrastrukturun və sosial xidmətlərin inkişaf etdirilməsi, nəticədə bölgələr üzrə əhalinin yaşayış səviyyəsinin tarazlaşdırılmasına nail olunması nəzərdə tutulur.

İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində etibaılı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "elektron hökumət" xidmətlərinin 100 faiz tətbiq edilməsi Azərbaycanda müasir idarəetmənin formalaşmasının əsas prioritetlərindən biri kimi diqqət mərkəzində olacaqdır.

İstənilən iqtisadi artımın məqsədi sosial rifahın yüksəldilməsidir. Bu baxımdan, sosial sahələrin və insan kapitalının inkişafı Konsepsiyanın əsas prioritetlərindən biridir. Təhsil və səhiyyədə keyfiyyətin yüksəldilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, gender bərabərliyinin təmin olunması və ailənin inkişafı, gənclərin potensialının və idmanın inkişaf etdirilməsi bu prioritet çərçivəsində əsas istiqamətlərdir.

Konsepsiya çərçivəsində yoxsulluq məsələsi insan inkişafı konsepsiyası ilə bağlı müasir yanaşmalara uyğun olaraq "çoxfaktorlu yoxsulluq" anlayışı müstəvisində dəyərləndirilir. Azərbaycanda son on ildə yoxsulluğun azaldılması istiqamətində danılmaz nailiyyətlər əldə edilmişdir. Ölkəmizdə "mütləq yoxsulluq" probleminin həll edilməsi, yəni qəbul edilmiş meyarlara əsasən yoxsulluq kateqoriyasına düşən insanların və ailələrin sayının kəskin azaldılması aparılan uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir. Bu Konsepsiya çərçivəsində Azərbaycanda "mütləq yoxsulluq" problemi yenə də daim diqqət mərkəzində olacaqdır. Bununla yanaşı, ölkədə əhalinin orta təbəqəsinin genişlənməsi, həmin təbəqənin rolunun gücləndirilməsi başlıca məqsədlərdən biridir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, orta təbəqənin güclü olduğu ölkələr həm siyasi, həm də iqtisadi, sosial və s. aspektdən daha sabit və yüksək inkişaf potensialına malik olurlar.

Əhali və onun strukturu ilə bağlı kəmiyyət və keyfiyyət göstəriciləri milli gücün əsas elementləridir və təbii ki, Azərbaycan xalqının genofondunun qorunması, miqrasiya və demoqrafiya kimi məsələlər milli təhlükəsizlik baxımından olduqca mühümdür. Konsepsiyanın əhatə etdiyi dövrdə ölkə əhalisinin hər il orta hesabla 1,1 faiz artaraq, 2020-ci ildə təxminən 10,2 milyon nəfərə çatacağı gözlənilir.

Konsepsiyada nəzərdə tutulmuş məqsədlərə çatmaq üçün qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi və müvafiq institusional potensialın gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir. Mədəni irsin qorunub saxlanılması, səmərəli idarə olunması, yeni yaradıcılıq nəticələrinin qorunması və zənginləşdirilməsi, ətraf mühit və ekologiya problemləri də Konsepsiya çərçivəsində əsas prioritet kimi qəbul edilmiş və bu sahələrdə müvafiq siyasət tədbirlərinin həyata keçiriləcəyi nəzərdə tutulmuşdur.

Mənbə: “AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ” İNKİŞAF KONSEPSİYASI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027