SƏNAYE

Avrasiya Neft nəqli dəhlizinin əsas hissəsinin tikintisi üçün verilmiş ekoloji icazənin müddəti bu il uzadılacaq
25 İYUN
160

Avrasiya Neft nəqli dəhlizinin əsas hissəsinin tikintisi üçün verilmiş ekoloji icazənin müddəti bu il uzadılacaq

2019-06-25 17:09:00

İyulun 11-də Varşavada “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin səhmdarlarının illik toplantısı keçiriləcək.

Fins.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.

Onun sözlərinə görə, bu toplantıda 2018-ci il üzrə fəaliyyət hesabatının təsdiq edilməsi, “Sarmatiya”nın nizamnamə kapitalının artırılması məsələrinə baxılacaq.

O qeyd edib ki, hazırda “Sarmatiya”nın nizamnamə kapitalı 25 482,5 min Polşa zlotu və yaxud 6 221,465 min avro təşkil edir: “Nizamnamə kapitalını 1,391 mln zlot və ya, təxminən, 340 min avro artırılması nəzərdə tutulub. Nizamnamə kapitalı təsdiq edilsə, o zaman səhmdarlar öz iştirak payının faizi qədər ödəməli olacaq”.

O qeyd edib ki, nizamnamə kapitalının artırılması şirkətin cari fəaliyyətini təmin etmək üçün nəzərdə tutulub: “Həmçinin bu, aparılan işlərin maliyyələşdirilməsi üçün yeganə mənbədir”.

S.Skripka həmçinin bildirib ki, Brodı (Ukrayna) – Plotsk “Adamova Zastava" (Polşa) kəmərinin tikintisi üçün verilmiş ekoloji icazənin müddətinin artırılması nəzərdə tutulub: “Bu ekoloji icazə sənədi şirkətə 2013-cü ildə verilmişdi. Bu sənəd 6 il müddətinə verilir, daha 4 il uzatmaq imkanı ilə. Bu il biz bu razılıq sənədini daha 4 il müddətinə uzatmaq niyyətindəyik”.

S.Skripka bildirib ki, bu icazənin müddəti artırılmasa, şirkət bütün prosesləri yenidən keçmək məcburiyyətində qalacaq: “Bunun üçün də biz bu il ekoloji icazəni əldə etməliyik".

Qeyd edək ki, “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsi 12 iyul 2004-cü ildə Ukraynanın “Ukrtransnafta” və Polşanın “PERN Przyjazn” şirkətləri tərəfindən yaradılıb. “Sarmatiya”nın əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32%), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09%), Ukraynanın “Ukrtransnafta” (28,79%), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79%) və litvanın “AB Klaipedos Nafta” (1%) şirkətləridir.

Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır