SƏNAYE

150 milyon avroya anbar tikilir, Azərbaycan təbii qazı hesabına doldurulacaq
04 İYUN
130

150 milyon avroya anbar tikilir, Azərbaycan təbii qazı hesabına doldurulacaq

2019-06-04 12:23:00

Gürcüstanda yeraltı qaz anbarının tikintisi 2023-cü ilin sonunda başa çatdırılacaq.

Bunu Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının sədri İrina Milorava parlamentin iqtisadi siyasət və sənaye iqtisadiyyatı komitəsinin iclasındakı çıxışı zamanı söyləyib.

O, illik məruzəsini parlamentə təqdim edib. Parlamentin komitəsi milli komissiyanın 2018-ci il üzrə hesabatını qəbul edib.

Komissiya sədrinin sözlərinə görə, qışın normadan artıq isti keçməsi səbəbindən əhalinin elektrik enerjisi, təbii qaz və sudan istifadəsində azalma qeydə alınıb.

İrina Milorava deyib ki, yeraltı qaz anbarının tikintisi öz aktuallığını itirməyib. Hökumət bununla bağlı tədbirləri davam etdirir.

Yeraltı qaz anbarı üçün maliyyə qaynaqları barədə məlumat verən İ.Milorava bildirib: “Gürcüstan Neft Qaz Korporasiyası və Almaniyanın KFW Bankı 2018-ci ildə yeraltı qaz anbarının tikintisi ilə əlaqədar 150 milyon avro məbləğində kredit sazişi imzalayıblar. Neft Qaz Korporasiyası bu il tikinti işlərinə başlayacaq və layihə 2023-cü ildə başa çatacaq”.

Qeyd edək ki, Gürcüstan Cənubi Qafqaz regionunda yeraltı qaz anbarı olmayan yeganə ölkədir. Bu da ölkənin təbii qaza olan tələbatının ödənilməsində və enerji təhlükəsizliyində ciddi problemlər yaradır. Problemi həll etmək üçün Gürcüstan hökuməti yeraltı qaz anbarının tikintisi barədə qərar qəbul edib. Anbarın texniki layihəsini Fransanın “Jeostik” şirkəti hazırlayıb. Anbarda 210-280 milyon kubmetr təbii qaz saxlamaq mümkün olacaq. Bu isə hazırda Gürcüstanın istehlak etdiyi mavi yanacağın 15 faizini təşkil edəcək.

Yeni anbar Tbilisinin Samqori adlanan ərazisindəki köhnə cənub qaz günbəzinin bazasında tikiləcək. Anbar Azərbaycandan alınacaq təbii qaz hesabına doldurulacaq.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272