SƏNAYE

SOCAR yeraltı qaz anbarlarına vurmağı planlaşdırdığını qazın miqdarını açıqlayıb
12 APREL
161

SOCAR yeraltı qaz anbarlarına vurmağı planlaşdırdığını qazın miqdarını açıqlayıb

2019-04-12 15:17:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Qaz Anbarlarının İstismarı İdarəsi bu ilin qazvurma mövsümündə yeraltı qaz anbarlarına 2,2 mlrd. kubmetr həcmində təbii qaz vurmağı planlaşdırır.

Fins.az Reoprta istinadən məlumat verir ki, qaz anbarlarına qazın vurulmasına aprelin 4-dən etibarən başlanılıb. “Hazırda keçən mövsümdən qalıq qazla birlikdə yeraltı qaz anbarlarında qazın miqdarı 831 mln. kubmetr civarındadır. Yeraltı qaz anbarlarının istismara verildiyi tarixdən bəri ötən 45 il ərzində bu qışda, yəni 2018-2019 qazvurma-götürmə mövsümündə ən çox qaz götürülüb. Bu mövsümdə 2,3 mlrd. kubmetr qaz götürülüb”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.

“Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarlarının tutumunun artırılaraq 5 mlrd. kubmetrə çatdırılması və bu prosesin iki mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. İlk olaraq daxili imkanlar hesabına qaz anbarlarının həcminin 3,5 mlrd. kubmetrə çatdırılması gözlənilir. “Qalmaz” yeraltı qaz anbarında aktiv qaz həcminin 1,5 mlrd. kubmetrə, “Qaradağ” anbarında isə 2 mlrd. kubmetrə çatdırılması nəzərdə tutulub.

Qaz anbarlarının həcminin artırılması üçün görülən işlərlə bağlı SOCAR-dan bildirilib ki, hazırda “Qalmaz” yeraltı qaz anbarının qaz tutumunun genişləndirilməsi üçün yeni qaz kompressor stansiyasının, qazpaylama məntəqəsinin tikintisində, eləcə də, şleyf xətlərinin çəkilməsində işlər yekunlaşmaq üzrədir. Habelə “Qaradağ” sahəsində eyni məqsədlə yeni qaz kompressor stansiyasının, qazpaylama məntəqəsinin tikintisi, eləcə də, şleyf xətlərinin çəkilməsi üçün layihə hazırlanır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkənin təbii qaza olan tələbatının davamlı təminatı və ixrac imkanlarının genişləndirilməsi məqsədi ilə SOCAR qarşısında yeraltı qaz anbarlarının aktiv tutumunun artırılmasına dair qoyulmuş vəzifə planlı şəkildə yerinə yetirilir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9068
  • ₽ RUB
    0.0267