SƏNAYE

Azərbaycan bu layihə üçün təklif edilən böyük məbləğli kreditdən imtina edib
08 APREL
126

Azərbaycan bu layihə üçün təklif edilən böyük məbləğli kreditdən imtina edib

2019-04-08 11:16:00

Optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankının (AİB) birbaşa kreditinə tələbatı olmayıb.

Fins.az-ın məlumatına görə bu sözləri  "Trend"-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.

O qeyd edib: "Məlum olduğu kimi, "Cənub Qaz Dəhlizi" QSC AİB ilə iki saziş imzalayıb. Onlardan biri 524,5 milyon dollar məbləğində vəsaitin cəlb edilməsinə zəmanət verir və QSC tərəfindən tam istifadə olunub. Digər saziş – 500 milyon dollarlıq birbaşa kreditə isə optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində "Cənub Qaz Dəhlizi" QSC-nin tələbatı olmayıb".

Avropa Yenidənqurma və İnkişaf Bankından cəlb olunan 500 milyon dollar məbləğində kreditə gəlincə, İ.Əhmədov bildirib ki, bu vəsait də tam mənimsənilib:

"QSC ilin əvvəlindən "Cənub Qaz Dəhlizi" layihəsində (maliyyələşdirmə xərcləri daxil) öz iştirak payının maliyyələşdirilməsinə təqribən 320 milyon dollar yönəldib".

Qeyd edək ki, 2018-ci il mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi"nin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim baş tutub.

"Cənub Qaz Dəhlizi"nə “Şahdəniz-2” qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələri daxildir. 1,2 trilyon təbii qaz ehtiyatına malik “Şahdəniz” Azərbaycanın ən iri qaz-kondensat yatağı və "Cənub Qaz Dəhlizi"nin hasilat mənbəyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9338
  • ₽ RUB
    0.0269