SƏNAYE

Elxan Bəşirov: Sahibkarlar, özəl şirkətlər sosial layihələrə dəstək verməlidir
15 MART
537

Elxan Bəşirov: Sahibkarlar, özəl şirkətlər sosial layihələrə dəstək verməlidir

2019-03-15 17:45:00

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin və İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin inkişaf proqramı çərçivəsində bu kənddə təşkil etdiyi tədbirdə “Mətanət A” şirkətinin nümayəndələri, o cümlədən şirkətin Müşahidə Şurasının sədri Elxan Bəşirov da iştirak edib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayıb və həyata keçirilən birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə iqtisadiyyatın və məşğulluğun inkişafında əhəmiyyətini vurğulayıb,belə layihələrin bundan sonra da reallaşdırılacağını diqqətə çatdırıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.

 “Mətanət A” şirkətinin Müşahidə Şurasının və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov isə çıxışında sahibkarların belə layihələrdə iştirakının  vacibliyinə toxunub və iş adamlarını bu kimi sosial layihələrə dəstək verməyə çağırıb. Rəhbərlik etdiyi şirkətin hər zaman vətəndaşlarımızın rifah halının yüksəldilməsi və məşğulluğunun artırılmasına xidmət edən layihələrdə iştirak etdiyini qeyd edən Elxan Bəşirov bunun hər bir sahibkarın vətəndaşlıq borcu olduğunu deyib. Şirkət rəhbəri tezliklə işğal altındakı digər torpaqlarımızın da azad olunacağına əminliyini ifadə etməklə bu ərazilərdə həyata keçiriləcək bərpa işlərində də “Mətanət A” şirkətinin yaxından iştirak edəcəyini söyləyib.

Xatırladaq ki, “Mətanət A” şirkəti “Böyük Qayıdış” layihəsi   çərçivəsində  Cocuq  Mərcanlıda  aparılan   tikinti-quruculuq,   yeni  istehsal  sahələrinin  yaradılması, istixanaların  qurulması, kənd  təsərrüfatının  müxtəlif  sahələrinin  təkmilləşdirilməsi işlərinə istehsal etdiyi məhsullarla dəstək göstərir. Sement və gips əsaslı məhsulların  Azərbaycanda ilk istehsalçısı olan şirkət  ən son texnologiyalarla təchiz olunmuş zavodlarında istehsal edilən məhsulları  ilə Cocuq Mərcanlıda yeni sənaye  sahələrinin  yaradılmasına  da öz töhfəsini verməkdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267