SƏNAYE

“Azəriqaz”: Daşıyıcı qaz kəmərləri yenidən qurulur
06 MART
93

“Azəriqaz”: Daşıyıcı qaz kəmərləri yenidən qurulur

2019-03-06 11:47:00

Daşıyıcı təbii qaz kəmərlərinin yenidən qurulması işləri uğurla icra edilir.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, Bakı şəhərinin, həmçinin şəhərətrafı qəsəbələrin daşıyıcı və paylayıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış avadanlıqların yeniləri ilə əvəz edilməsi, eləcə də hər bir istehlakçının mənzilinə müasir standartlara cavab verən yeni qaz sayğaclarının quraşdırılması istiqamətdə işlərin icrası davam etdirilir. Son zamanlar respublikamızda aparılan quruculuq işləri bütün yaşayış məntəqələrində olduğu kimi, Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində də davam etməkdədir. Qəsəbədə yaradılan şərait nəticəsində yeni çoxmərtəbəli binaların və fərdi yaşayış evlərinin sayı durmadan artmaqda davam edir ki, bu da istehlakçıları təbii qazla təmin edən qaz kəmərlərinə normadan artıq qaz verilməsi zərurəti yaradır. Abonentlərin artan tələbatını nəzərə alaraq “Azəriqaz” İB tərəfindən qəsəbənin qaz təchizatı sisteminin təkmilləşdirilməsi üçün layihə tərtib edilib və həmin layihəyə uyğun olaraq Qaraçuxur qəsəbəsində “Qaraçuxur” qazpaylayıcı stansiyasından başlayaraq 400 millimetrlik polietilen boru ilə yeraltı daşıyıcı qaz kəmərinin çəkilişinə başlanılıb.

Uzunluğu 1400 metr olacaq qaz kəməri Etibar Bəkirov, Yusif Eyvazov, Cəlal Qurbanov və Əhməd Mehbalıyev küçələrindən keçərək 1941-1945 adlanan parkın sonunda mövcud şəbəkəyə birləşdiriləcək. Bu kəmər həmin ərazidə istismarda olan və korroziyaya uğramış metal boru ilə çəkilmiş yeraltı qaz kəmərini əvəz edəcək. Hazırda həmin kəmərin 350 metrlik hissəsində işlər başa çatdırılıb, qalan hissənin çəkilməsi üçün isə torpağın qazılması və daşınması davam etdirilir.

Yeni qaz kəmərinin çəkilişi ilə əlaqədar qeyd olunan ərazinin qaz təchizatında heç bir məhdudiyyət yoxdur. Aparılan işlərin qısa zaman ərzində başa çatdırılması nəzərdə tutulub. Görülən işlər Qaraçuxur və Yeni Günəşli qəsəbələrində ümumilikdə 15 minədək abonentin fasiləsiz, keyfiyyətli və dayanıqlı təbii qazla təmin olunmasına zəmin yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264