Fins.az-ın məlumatına görə, 2018-ci il ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 17 milyard 614,1 milyon manat, büdcə xərcləri isə 11 milyard 455,6 milyon manat təşkil edib. Fonddan verilən məlumata görə, ötən il ərzində neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 milyard 433 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 milyard 645,6 milyon manat olub. Qurumun bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri isə 18,1 milyon manat təşkil edib. Ötən il ərzində fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manat olub.2018-ci il ərzində Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 milyard 959 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılıb. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə isə 7,2 milyon manat vəsait yönəldilib. 2018-ci il ərzində Fondun idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar xərc 1 milyard 557,3 milyon manat təşkil edib.2019-cu il yanvarın 1-nə Dövlət Fondunun aktivləri 2018-ci ilin əvvəlinə nisbətən 7,56 faiz artaraq 38 milyard 515,2 milyon ABŞ dolları məbləğində olub. Ötən ilin yanvarında bu rəqəm 35 milyard 806,5 milyon ABŞ dolları olmuşdu. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirləri hesabına baş verib.