SƏNAYE

O, mərkəz bir ilin hesabatını verdi
11 YANVAR
188

O, mərkəz bir ilin hesabatını verdi

2019-01-11 10:30:00

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının tərkibində fəaliyyət göstərən Təlim Tədris Mərkəzi (TTM) 2018-ci il ərzində qarşıya qoyulan bütün hədəflərə nail olub. Fins.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibliyindən bildirilib ki, mərkəzdə dənizçilərin sertifikatlaşdırılması üçün təlimlərin keçirilməsi, onların təcrübi məşğələləri və qiymətləndirilməsi xidmətləri ötən il də davam etdirilib. 2018-ci ildə burada təlim keçən iştirakçıların sayı 2017-ci illə müqayisədə 15 faiz artıb. Ötən il TTM-də yerli dənizçilərlə yanaşı, xarici vətəndaşlar üçün də kurslar təşkil olunub. Təlimlər iştirakçıların aid olduğu ölkələrdən asılı olaraq rus və ingilis dillərində keçirilib. Bundan başqa, sözügedən müddətdə 6 yeni kurs təlim siyahısına əlavə olunub və həmin kurslar davamlı tədris edilib. Əvvəlki illərdə olduğu kimi mərkəzin əməkdaşlarının bu il də beynəlxalq təlimlərdə iştirakı təmin edilib. Nəticədə üç təlimatçı müxtəlif beynəlxalq sertifikatlar əldə ediblər. Bu, onlara gələcəkdə həmin təlimləri TTM-də tədris etməyə imkan verir. Təlim Mərkəzinin 2019-cu il üçün də ciddi planları və hədəfləri var. Bu il beynəlxalq təlimlərin və xarici dildə keçirilən seminarların sayının artırılması nəzərdə tutulur. 

Qeyd edək ki, Təlim Tədris Mərkəzi ən son model trenajor və dənizçilik avadanlıqları ilə təchiz edilib. Burada müasir ixtisaslaşmış hovuz da fəaliyyət göstərir. Hovuzda yerli və xarici mütəxəssislər üçün (dənizçilər) birbaşa suda sağ qalma və üzmə, qəzaya uğramış helikopterlərdən təxliyə, növbətçi sal və qayıqlardan istifadə qaydaları kimi praktik məşğələlər keçirilir.

Təlim Tədris Mərkəzi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi ISO 9001:2015 standartına uyğun fəaliyyətini təşkil edib və Bureau Veritas Beynəlxalq Sertifikatlaşdırma təşkilatı tərəfindən sertifikata layiq görülüb. Bundan başqa, Böyük Britaniyanın nüfuzlu “The Nautical Institute” təşkilatının nümayəndə heyətinin 2017-ci il iyulun 6-7-də keçirdiyi yoxlamanın nəticələrinə əsasən Təlim Tədris Mərkəzinin Dinamik Mövqe Saxlama Simulyatoruna sertifikat verilib. Bu sertifikat “DP Induction” və “DP Simulator” təlimlərinin keçirilməsinə şərait yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263