SƏNAYE

"Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək"
24 DEKABR 2018
305

"Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək"

2018-12-24 12:38:00

"Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılıb və aparılan iqtisadi siyasətin əsas istiqamətlərindən biri olub. Hazırda Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən və həyatımızın bütün sahələrinin tərəqqisinə yönələn siyasi kurs dayanır. Müstəqilliyimizin, təhlükəsizliyimizin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın dayanıqlığının əsas təminatını məhz bu siyasət təşkil edir”.

Fins.az xəbər verir ki, bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub.

“Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı ilə bağlı qabaqcıl tənzimlənmə və dəstək mexanizmlərinin ölkəmizdə geniş tətbiqinə real zəmin yaranıb. İqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr Azərbaycanda dinamik inkişafın nəticəsidir. Bu nəticələr, tərəqqi və rifah, əhalinin maddi durumunun əhəmiyyətli dərəcədə yaxşılaşması aparılan məqsədyönlü dövlət siyasətinin bəhrəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bəyan etdiyi kimi “Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur”. Ölkənin ərzaq təhlükəsizliyinə böyük töhvələr verən və əhalinin davamlı olaraq ərzaqla təmin olunması missiyasını üzərinə götürən fermerlər də dövlətin xüsusi diqqət və qayğısı ilə himayə olunublar”, - İ.Kərimov vurğulayıb.

Nazir bildirib ki, ölkə iqtisadiyyatının neftdən asılılığının azaldılması, qlobal bazarlara daha sıx inteqrasiyanın təmin olunması, iqtisadi şaxələnmənin dərinləşdirilməsi və yüksək artımın təmin olunması aparılan iqtisadi siyasətin əsas prioritetləridir. İ.Kərimov qeyd edib ki, bu siyasətin tərkib hissəsi kimi ərzaq təhlükəsizliyinin və ixrac potensialının gücləndirilməsi, aqrar sahənin modernləşdirilməsi, intensiv inkişaf mexanizmlərinin daha çevik tətbiq edilməsi və fermerlərin maddi rifahının yüksəldilməsi aqrar sahədə dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir. 

Onun sözlərinə görə, bu istiqamətdə kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi, ekosistemin qorunması, məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha rasional istifadə edilməsi qarşımızda duran əsas vəzifələrə çevrilib: “Ən vacib prioritet istiqamətlərdən biri də sözsüz ki, aqrar sahədə innovasiyaların daha geniş tətbiqinə nail olunmasıdır. Bildiyiniz kimi, bu yaxınlarda Azərbaycanda ilk dəfə aqrar texnologiyalar və yaşıl enerji mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçirildi. Forum fermerlərimizə, aqrar sahədə çalışanlara dünya təcrübəsi ilə tanış olmaq, innovasiyaların tətbiqi ilə məhsuldarlığın artırılması yollarını tanınmış ekspertlərlə müzakirə etmək imkanı yaratdı. Foruma olan böyük ictimai marağı nəzərə alaraq qeyd edə bilərik ki, Azərbaycan aqrar sahədə innovasiyaların daha çox tətbiq olunduğu ölkələrdən birinə çevriləcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272