SƏNAYE

1 ayda 25 milyon dollar qazanc - STATİSTİK RƏQƏMLƏR
04 DEKABR
110

1 ayda 25 milyon dollar qazanc - STATİSTİK RƏQƏMLƏR

2018-12-04 09:55:00

2018-ci ilin yanvar-oktyabr ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1 mlrd. 351 mln. dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bu ilin noyabr sayına olan “İxrac İcmalı”nda məlumat verilib.

Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 132 mln. dollar və ya 11% artıb. Cari ilin 10 ayı ərzində Rusiyaya 467,1 mln., Türkiyəyə 293,8mln., İsveçrəyə 114,4 mln., Gürcüstana 106,5 mln. və Qazaxıstana 38,4 mln. dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayı ərzində Rusiyaya qeyri-neft ixracı 10%, Türkiyəyə 21%, İsveçrəyə 1%, Qazaxıstana 48% artıb, Gürcüstana isə 1,4% azalıb.

Cari ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (149,9 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 99,9 milyon dollar) ikinci olub. Xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen isə (68,5 milyon dollar) bu siyahıda üçüncü yerdə qərarlaşıb.

Ümumiyyətlə cari ilin yanvar-oktyabr ayları ərzində meyvə-tərəvəz ixracı 405,5 mln., plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,6 mln., alüminium və ondan hazırlanan məmulatların ixracı 102,7 mln., elektrik enerjisinin ixracı 60 mln.,qara metallar və onlardan hazırlanan məmulatların ixracı 72,2 mln., pambıq lifi ixracı 64,5 mln., kimya sənayesi məhsullarının ixracı 63,9 mln., pambıq ipliyi ixracı 19 mln. dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 10 ayında pambıq lifinin ixracı 2,3 dəfə, elektrik enerjisinin ixracı 62%, pambıq ipliyinin ixracı 41%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 28%, meyvə-tərəvəzin ixracı 8%, alüminium və ondan hazırlanan məmulatların ixracı 5%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 5% artıb.

2018-ci ilin oktyabr ayında isə qeyri-neft sektoru üzrə ixrac 144 mln. dollar təşkil edib. 2018-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısınaRusiya (64,9 mln. dollar) başlıq edib. Daha sonra bu siyahıda Türkiyənin (18,2 mln. dollar), İsveçrənin (9,2 mln. dollar), Gürcüstanın (9,1 mln. dollar), Ukraynanın (7,3 mln. dollar) və digər ölkələrin adları var.

Bu ilin oktyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (23,4 mln. dollar) birinciliyi ələ alıb. Qabığı təmizlənmiş meşə fındığı (13,3 mln. dollar) ilə alma (7 mln. dollar) isə ikinci və üçüncü yeri bölüşüblər.

“İxrac İcmalı”nın noyabr sayındaqeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-oktyabr aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "MKT İstehsalat Kommersiya" MMC, "Kapitan Fruits" MMC, "Baku Steel Company" MMC, “Azfruittrade” MMC, “Food Export Şəmkir” MMC,"Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, “Sun Food” MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Nəqliyyat və Ticarət Ltd" MMC təmsil olunub.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, “CTS-Agro” MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC, NaxçıvanMR Dövlət Energetika Xidməti, "Suraxanı Maşınqayırma Zavodu Törəmə" ASC.

“İxrac İcmalı”ndə həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-oktyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 22,4 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88%-ni təşkil edibr. 2018-ci ilin oktyabr ayında isə “Azərkosmos” ASC dünyanın 17 ölkəsinə 5,7 mln. dollar dəyəri xidmət ixrac edib.

“Azərkosmos” ASC-nin 2018-ci ilin 10 ayı ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malaziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir.

Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən gələnlərin 31,1%-i Rusiya Federasiyası, 20,2%-i Gürcüstan, 10,1%-i Türkiyə, 8,9%-i İran, 3,2%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,8%-i Səudiyyə Ərəbistanı, 2,6%-i İraq, 2,0%-i Ukrayna, 1,6%-i İsrail, 17,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. 2018-ci ildə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə xərcləmələrində isə artım müşahidə edilib. Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 1119 mln. manat təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 248 mln. manat və ya 28% artıb.

Bu ilin oktyabr ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 117 mln. manat təşkil etmiş və ötən ilin oktyabr ayı ilə müqayisədə 57% artıb.

“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin oktyabr ayı ərzində Azexport.az portalına 23mln. dollar məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin 10 ayındaAzexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 433 mln. dollar təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-oktyabr aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 10% artıb. Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 31 oktyabr tarixinə kimi (22 ay ərzində) Azexport.az portalına dünyanın 108 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 908 mln. dollar təşkil edib.

“İxrac İcmalı”nın noyabr sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirdikləri ixracın dəyəri isə 11,8 mln. dollar olub. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan, İsveçrə, İtaliya, İran, Polşa, Çin, Çex Respublikası, Estoniya, Almaniya, Moldova, İraq, Özbəkistan, Tacikistan, Koreya, İsrail və Malayziya daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10%-nin sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256