SƏNAYE

Azərbaycanda yeni emal müəssisələri fəaliyyətə başlayıb
03 DEKABR
109

Azərbaycanda yeni emal müəssisələri fəaliyyətə başlayıb

2018-12-03 16:59:00

Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" (SEDA) layihəsi çərçivəsində yem emalı müəssisələri fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, bu barədə məlumat İqtisadiyyat Nazirliyindən verilib.

Məlumata görə, bununla əlaqədar nazirliyin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən qurumun tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Nadir Adilov ölkə prezidentinin rəhbərliyi ilə sahibkarlığın inkişafı, bu sahədə həyata keçirilən islahatlar və dəstək mexanizmləri barədə məlumat verib, sahibkarlığın, o cümlədən kiçik və orta biznesin inkişafının iqtisadi siyasətin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. O, qeyd edib ki, ölkədə kiçik və orta biznesin inkişafına dəstək məqsədilə yaradılan KOBİA-nın “KOB Dostu”, “KOB evi” kimi dəstək mexanizmləri vasitəsilə sahibkarlara məsləhət, informasiya və digər xidmətlər göstərir. Regionlarda icma əsaslı biznesyönümlü layihələrin icrası, o cümlədən Goranboy rayonunun Faxralı və Qaradağlı kəndlərində yem emalı müəssisələrinin istifadəyə verilməsi bölgədə kiçik və orta biznesin inkişafında, məşğulluğun artırılmasında əhəmiyyətli tədbirlərdir. Məlumat verilib ki, Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə həyata keçirilən “Sosial-iqtisadi inkişaf fəaliyyəti” layihəsi çərçivəsində tikilmiş yem emalı müəssisələrində istehsal sahəsi yaradılıb və anbar inşa olunub. Müəssisələrdə hər birinin gücü saatda 2 ton olan toxum təmizləyən, yem üyüdən, ot doğrayan avadanlıqlar quraşdırılıb, yeni iş yerləri açılıb.

İqtisadiyyat Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Emil Qasımov bu cür layihələrin aqrar sektorun, sahibkarlığın inkişafında önəmini vurğulayıb.

Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Elçin İsmayılov yeni yaradılan yem emalı müəssisələrinin kənd sakinlərinin heyvandarlıq və bitkiçilik sahəsində fəaliyyətinin genişlənməsinə şərait yaradacağını vurğulayıb.

USAID-in Azərbaycan nümayəndəliyinin rəhbəri Cey Singh çıxışında reallaşdırılan birgə layihələrin əhəmiyyətindən danışıb, bu layihələrin regionların inkişafına töhfə verdiyini qeyd edib.

Kənd sakinləri göstərilən diqqət və qayğıya, rayonda həyata keçirilən layihələrə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256