SƏNAYE

DÖRDÜNCÜ SƏNAYE İNQİLABI: AZƏRBAYCAN ÜÇÜN PERSPEKTİVLƏR
26 NOYABR
178

DÖRDÜNCÜ SƏNAYE İNQİLABI: AZƏRBAYCAN ÜÇÜN PERSPEKTİVLƏR

2018-11-26 16:16:00

Biz artıq heyrətamiz bir dövrdə yaşayırıq. Texnologiyalarda radikal dəyişikliklər böyük sürətlə baş verir. Dünən fantastik hesab etdiyimiz layihələr üzərində bu gün artıq  innovasiya şirkətləri çalışır, nailiyyətlər əldə edirlər. Hər ötən gün biz elə bir texnoloji inkişaf mərhələsinə çatırıq ki, həyatımızı yeni-yeni nailiyyətlərsiz təsəvvür edə bilmirik...

 BÖYÜK DƏYİŞİKLİKLƏR ERASI

Artıq hər birimiz həyatımızı, xüsusilə də övladlarımızın həyatını 100% dəyişəcək yaxın gələcək barədə düşünürük. Hazırda biz dördüncü sənaye inqilabına qədəm qoymuşuq. Əgər birinci sənaye inqilabı buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, ikinci sənaye inqilabı elektrik enerjisinin kütləvi istehsalı ilə sənayeləşmə, üçüncü sənaye inqilabı istehsalın avtomatlaşdırılması üçün elektronika, kompüterləşmə və informasiya texnologiyalarından kütləvi istifadəni nəzərdə tuturdusa, dördüncü sənaye inqilabı (“Sənaye 4.0”) rəqəmsallaşmanı, texnologiyaların birləşməsi və fiziki, rəqəmsal və bioloji sferalar arasında sərhədlərin aradan qalxmasını səciyyələndirir. Artıq qədəm qoyduğumuz dördüncü sənaye inqilabında dəyişikliklərin xüsusiyyəti o qədər fundamentaldır ki, dünya tarixi həm böyük imkanlar, həm də potensial təhlükələrlə dolu olan buna bənzər bir dövrlə hələ qarşılaşmayıb. Bəs bu dördüncü sənaye inqilabında bizi nə gözləyir? İnsanın iştirakı olmadan idarə edilən avtomobillər, 3D çap, qabaqcıl robot texnikaları, yeni materiallar, genlərin redaktə edilməsi, əşyaların interneti (IoT – Internet of Things), insan bədəninə implantasiya edilmiş telefon, şirkətlərin rəhbərliyinin tərkibində süni intellekt, blokçeyn vasitəsilə verginin toplanması və daha nələr, nələr...

Dördüncü sənaye inqilabı miqyası, həcmi və mürəkkəbliyi baxımından, bəşəriyyətin bütün əvvəlki təcrübələrinin heç birinə bənzəmir. Qarşıda bizi süni intellekt, robot-avtomobillər, nanotexnologiya, biotexnologiya və s. daxil olmaqla ən geniş sahələrdə heyrətamiz texnoloji sıçrayış gözləyir.

Dördüncü sənaye inqilabı bəşəriyyətə həmçinin daha uzun, daha sağlam və daha fəal həyat yaşamaq imkanı verir. Biz inkişaf etmiş ölkələrdə doğulmuş uşaqların dörddə birinin nəzərdə tutulan ömür uzunluğunun yüz il olduğu bir dünyada yaşayırıq. Buna görə də, biz əmək qabiliyyətli yaşında olan əhali, təqaüd yaşı və həyatın fərdi planlaşdırılması kimi məsələləri yenidən nəzərdən keçirməliyik. Bu müzakirələr zamanı bir çox ölkələrin üzləşdikləri çətinliklər göstərir ki, biz bu dəyişikliklərə hələ hazır deyilik və bir çox hallarda onları dərk etmirik.

Texnoloji inkişaf şübhəsiz ki, biznesi də necə və hansı sürətlə aparmağımıza təsir göstərir. Dronlar, süni intellekt, biomühəndislik, kvant kompüterlər və digər yeni texnologiyalar sahibkarlara xərcləri azaltmaqda, müştəriləri cəlb etməkdə və məhsuldarlığı artırmaqda kömək edir.

“SƏNAYE 4.0” YENİ İNKİŞAF STRATEGİYASI TƏLƏB EDİR

Üzləşdiyimiz dövr bizdən artan rəqabətə tab gətirmək üçün yeni strategiyalar düşünməyi tələb edir. Çünki, dördüncü sənaye inqilabı iqtisadiyyatının rəqabət qaydaları əvvəlki dövrlərin qaydalarından fərqlənir. Burada rəqabətə tab gətirmək üçün bütün formalarda innovasiyaları tətbiq etmək lazımdır. Bu isə o deməkdir ki, hazırda bir çox ölkələrdə tətbiq edilən əsasən, xərclərin azaldılmasına yönəldilmiş strategiyalar innovasiyanın inkişafını nəzərdə tutan strategiyaya nisbətən daha az effektiv olacaq.

Yeni sənaye inqilabını çox vaxt kompüter və telefon əməliyyatı sistemləri nümunəsində rəqəmsal göstərici əlavə etməklə "Sənaye 4.0" kimi adlandırırlar. İlk dəfə bu termin 2011-ci ildə səslənib. Almaniya hökuməti “Sənaye 4.0”-ü Almaniyanın “Yüksək Texnologiya Strategiyası 2020”-nin ayrılmaz tərkib hissəsi adlandırıb. Sonradan yaradılan işçi qrupu bununla bağlı öz baxış nöqtəsini təyin edib və “Sənaye 4.0”-ü istehsalın təkcə ayrı-ayrı mərhələlərinə cavabdeh olan deyil, bütünlükdə onu müstəqil şəkildə optimallaşdıran və nəzarətdə saxlayan kiberfikizi sistemlərin sənaye istehsalı və tətbiqi kimi qiymətləndirib.

Dördüncü sənaye inqilabının artıq geniş vüsət almağa başlaması faktı təkcə internetə ümumi çıxışla kifayətlənmir. 2016-cı il Davos Dünya İqtisadi Forumunun yekun hesabatına görə, mobil cihazların, internet sensorların və s. hər yerdə yayılması, alış-verişdən tutmuş xəstəyə qulluğadək real vaxt rejimində ətraflı və dəqiq məlumatları əldə etməyə imkan vermişdir. Hazırda “Sənaye 4.0” bağlantı xidmətləri (connectivity), avtomatlaşma və süni intellektin geniş tətbiqi ilə davam edir.

“Sənaye 4.0” inkişafda yeni üfüqlər açmaqla yanaşı heç şübhəsiz insanlar üçün də yeniliklər və bir sıra gözlənilməzliklər gətirəcək. Davos Forumunun hesabatına görə, 2020-ci ilə dünyada təxminən 4.7 milyon ofis işçisi, istehsalatda 1.6 milyon, tikintidə isə təxminən 0.5 milyon insan öz iş yerini itirəcək. Lakin eyni zamanda biznes və maliyyə sahəsində demək olar ki, 500 min, menecment və İT sahəsində 400 min, memarlıq və mühəndislik sahəsində 300 min, satış sahəsində isə 300 min yeni iş yeri yaranacaq. Yəni “Sənaye 4.0” robotlaşma təkcə insanların öz iş yerlərini itirməsi ilə deyil, həmçinin biznesin ən fərqli sahələrində yeni imkanların yaranması ilə müşayiət olunacaq.

AZƏRBAYCAN ÜÇÜN PERSPEKTİVLƏR  

Yeni sənaye inqilabı dövründə hansı ölkələr lider olacaq? İsveçrənin tanınmış maliyyə holdinqi “UBS”-in tədqiqatına görə, bu dövrdə inkişaf etmiş ölkələr qalib olaraq qalacaqlar. Qeyd olunur ki, məhz onlar dördüncü sənaye inqilabından potensial mənfəət əldə edən ölkələrin sıralamasında ilk 15 yeri tuturlar. İnkişaf etməkdə olan ölkələr isə istehsalın universal avtomatlaşdırması şəraitində artıq ehtiyac duyulmayan orta və aşağı səviyyəli işçi qüvvəsinə görə ciddi şəkildə geriləmə riski ilə üzləşə bilərlər.

Bəs bu yeni perspektivdə Azərbaycanı nə gözləyir? Hazırda ölkəmiz nüfuzlu reytinqlərdə hər il pozitiv inkişaf dinamikası göstərir. Azərbaycan İKT sahəsinin inkişafına görə dünya üzrə 65-ci yerdə qərarlaşıb və Cənubi Qafqaz ölkələri arasında liderdir. Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) “State of Broadband Report 2018” sənədinə əsasən, Azərbaycan MDB məkanında internetin əhatə olunması, yayımına görə ilk yerdədir (79 %). Dünya Bankının “Doing Business 2019” hesabatında isə ölkəmiz Avropa və Mərkəzi Asiyada ən çox islahat aparan 10 ölkə sırasına düşüb və dünya üzrə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Hazırda aparılan rekord sayda islahatlar imkan verir ki, Azərbaycan texnoloji cəhətdən daha da inkişaf etsin. Lakin heç şübhəsiz inkişaf etmiş ölkələrin tətbiq etdiyi texnoloji inkişaf modelləri qarşısında ölkəmizin yeni texnologiyalar tətbiq etmək, innovasiyalara getmək tempi daha da güclənməlidir. Bunun üçün isə təhsil modelinin modernləşməsindən tutmuş ayrı-ayrı şirkətlərdə işçi biznes proseslərinin təşkilində müvafiq biznes mədəniyyətə keçidin aparılması, inkişafın aparıcı qüvvəsi olan telekommunikasiya sferasında yeni ekosistemin yaranması, sabit (fixed) texnoloji bazanın qurulması və yenilənməsi vacibdir.

Müşahidələr göstərir ki, “Sənaye 4.0” dövründə ölkələr infrastruktur inkişafına vəsait ayırır, geri qalmamaq üçün yatırımlar edirlər. Məsələn, Almaniya sənaye infrastrukturunun dəstəklənməsi və inkişafına hər il 40 milyard avro ayırır. 2014-cü ildən etibarən Böyük Britaniya "HyperCat" adlanan "Əşyaların İnterneti"nin inkişafına 70 milyon funtdan artıq vəsait ayırır. Bu, "maşınlar üçün dünya şəbəkəsi" robot və kompüterlərin qarşılıqlı əlaqədə olduqları və insanın iştirakı olmadan tapşırıqları yerinə yetirən məlumat bankıdır. Fransa isə 2015-ci ildən etibarən fransız İT şirkətlərinin və startapların inkişafını dəstəkləyən “La French Tech” proqramına ildə 200 milyon avro ayırır. Bu mənada Azərbaycanda da iqtisadiyyatın müxtəlif sahələrinə, xüsusilə telekommunikasiya sferasına yeni investisiyaların yatırılması lazımdır. Burada isə dövlətin münbit şərait yaratması fonunda özəl sektorun müxtəlif layihələri həyata keçirməsi, daha fəal investisiya proqramları icra etməsi, infrastrukturu genişləndirməsi vacibdir. Qeyd edək ki, dünya təcrübəsində da inkişaf etmiş ölkələrdə dövlətin nizamlayıcı funksiyanı yerinə yetirməsi fonunda iri infrastruktur layihələri məhz özəl sektorun müxtəlif sahələrə, xüsusilə telekommunikasiyaya investisiya yatırması, texnoloji təməli yeniləməsi, innovativ proqramlar icra etməsi ilə reallaşdırılır.

Həmçinin, “Sənaye 4.0” şəraitində Azərbaycanda innovasiyaları tətbiq etmək imkanına sahib olan, ekosistemi dərindən bilən intellektualların yetişməsi və sayının çox olması vacibdir. Çünki, innnovasiyaları insan yaradır və ölkənin İT ekosisteminin yenilənməsi və inkişafı üçün yüksək peşəkarlığa sahib İT mütəxəssisləri lazımdır. Başlıca məqamlardan biri də onların xaricə axınının qarşısının alınmasıdır.

Rəqəmsal dövrdə əhəmiyyətli inkişafa nail olmağın, dördüncü sənaye inqilabı dövründə geri qalmamağın yollarından digəri isə ölkəmizdə biznes və tətbiqi elm arasında əməkdaşlığın gücləndirilməsi, innovasiya məkanlarının yaradılması, Universitetlərin gələcəyin texnoloji inkişafını irəli aparmağa qadir olan mütəxəssislər yetişdirməsi, eləcə də dövlət və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Hazırda “Sənaye 4.0” Azərbaycana qlobal iqtisadi rəqabətdə öz rolunu dəyişmək imkanı verir. Bu isə ölkə iqtisadiyyatının mövcud potensialından tam şəkildə istifadə etmək, innovasiyaları tətbiq etməklə mümkündür. Azərbaycanın mövcud zaman kəsiyində malik olduğu imkanlardan tam yararlanaraq texnoloji sıçrayışla və innovativ həllərlə Regionun Rəqəmsal Mərkəzinə çevrilməsi imkanı olduqca böyükdür.

Müəllif haqqında: Fuad Allahverdiyev Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan və əsas səhmdarı ölkənin ilk mobil operatoru “Bakcell” şirkəti olan "AzerTelecom" MMC-nin rəhbəridir. F.Allahverdiyev informasiya texnologiyaları və telekommunikasiya sahəsində 20 ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və İKT sahəsində bir sıra uğurlu şirkətlərin təsisçisi olub. Müxtəlif illərdə “Smart Systems Technology”, “SKY”, “SKY MAX”, “Caspian Telecom” (Ailə TV, Ailə NET), “CONNECT” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Həmçinin F.Allahverdiyev "BBTV" MMC-nin rəhbəri, "Uninet" MMC-nin Müşahidə Şurasının sədri, "GoldenPay" MMC-nin isə Müşahidə Şurasının üzvüdür. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur. O Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256