SƏNAYE

Azərbaycanda "kolxoz" açıldı
22 NOYABR
664

Azərbaycanda "kolxoz" açıldı

2018-11-22 17:04:00

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Birlik” İstehsal Kooperativi yaradılıb. Yaxadəllək kəndində kooperativin açılış mərasimi keçirilib.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına 1100 hektar torpaq sahəsi verilib və 680 torpaq sahibi birləşərək “Birlik” İstehsal Kooperativini yaradıb. Bu torpaq sahəsinin hazırda 850 hektarı kooperativin tərkibində birləşib.

Açılışda kənd təsərrüfatı naziri İnam Kərimov da iştirak edib. “Bu iş könüllülük əsasında həyata keçirilir, heç kimi kooperativ yaratmağa məcbur edə bilmərik. Lakin biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik. Bildiyiniz kimi, nazirlikdə Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Biz Azərbaycanda kooperasiyanın gələcəyinə ümidlə baxdığımız üçün bu şöbəni təsis etmişik”, - deyə nazir bildirib.

Qeyd olunub ki, kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256