SƏNAYE

Məhsul istehsalı artır, innovativ dəyişikliklər yeni imkan açır... ANALİTİKA
16 NOYABR
91

Məhsul istehsalı artır, innovativ dəyişikliklər yeni imkan açır... ANALİTİKA

2018-11-16 10:45:00

İqtisadiyyatın, xüsusilə qeyri-nef sektorunun şaxələndirilməsi konsepsiyasında kənd təsərrüfatı əhəmiyyətli yer tutur. Bu sahədə aparılan ardıcıl işlər öz nəticəsini verir. 

Fins.az xəbər verir ki, cari ilin 9 ayının nəticələrinə görə, kənd təsərrüfatında məhsul istehsalı 4,3 faiz artıb. Bu, qeyri-neft sektoru üzrə  ən böyük inkişaf göstəricisidir. Hazırda 30 rayonda 192 min hektar ərazidə 45 aqropark və iri fermer təsərrüfatlarının yaradılması layihəsi üzrə işlər davam edir. Bu aqroparkların yaradılması üçün 1,4 milyard manatdan çox investisiya yatırılacaq. Dövlət aqroparkların yaradılması üçün sahibkarlara davamlı dəstək verir. İndiyədək dövlət vəsaiti hesabına aqroparklarda infrastrukturun yaradılmasına ümumilikdə 219 milyon manat investisiya yatırılıb, 469 milyon manatdan çox güzəştli kredit ayrılıb, 15 aqropark üzrə dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. İlin sonunadək daha 13 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulub.

20,4 faiz çox pambıq tədarük olunub

Demək olar ki, aqrar sahənin bütün istiqamətləri üzrə artım dinamikası hiss olunur. Son illər qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı isə bir qədər də ön plana keçib. 

2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatdırılmışdı. 2017-ci ildə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı 2016-cı ilə nisbətən 2,3 dəfə artmışdı. 2018-ci ildə isə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.

Noyabrın 13-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 209 min 368 ton məhsul təhvil verilib.Bu, o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz çox pambıq tədarük olunub.

Ən çox pambıq tədarük edən beş rayonun sırasına Saatlı (15 min 815 hektardan 27 min 575 ton), Bərdə (9 min 630 hektardan 22 min 544 ton), Ağcabədi (10 min hektardan 21 min 541 ton), Biləsuvar (12 min hektardan 19 min 900 ton) və Beyləqan (9 min 560 hektardan 19 min 615 ton) daxildir. Məhsul yığımı davam edir.

Daha innovativ

Kənd təsərrüfatı müasir texnologiyanın kənd təsərrüfatı, onun ayrı-ayrı istiqamətlərində tətbiqi üçün ardıcıl iş aparır.

“Aqrolizinq” ASC-nin texnikalarından daha səmərəli istifadə olunması məqsədilə yeni innovativ layihə üzərində iş aparılır.

Bunu “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirov deyib.

Onun sözlərinə görə, fermerlərin kənd təsərrüfatı texnikalarına dair tələbatının təmin edilməsi üçün səhmdar cəmiyyətin müvafiq şöbələri tərəfindən təxirəsalınmaz işlər aparılır və real vaxt rejimində onlara dəstək göstərilir: “Xüsusi qruplar yaradılaraq yerlərə ezam edilir, Çağrı Mərkəzi və qurum daxilində “Qaynar xətt” fəaliyyət göstərir. Bunlarla yanaşı, ölkədə olan texnikalardan daha səmərəli istifadə etmək üçün yeni innovativ layihə üzərində işlər aparılır. Layihənin məqsədi vahid mexanizator reyestrinin formalaşdırılması, fermer mexanizator münasibətlərinin elektronlaşdırılmasıdır. Burada məsələ nədən ibarətdir? Təsəvvür edin ki, bir fermerin 5 hektar yeri var və ona aqrotexniki xidmət göstərilməlidir. Həmin fermer mobil applikasiya vasitəsi ilə sistemə daxil olaraq ölkə üzrə mövcud texnika və mexanizatorlar üzrə axtarış verir və qeyd etdiyi axtarış parametrləri üzrə ona vahid bir sistemdən məlumatlar təqdim edilir. Növbəti mərhələdə sistemdə şərtlərə tanış olaraq sifarişi formalaşdırır. Bu, bir növ taksi sifarişinə bənzəyir. Biz düşünürük ki, əgər vətəndaş taksi sifarişi verirsə, niyə fermer, məhsul istehsalçısı traktor və ya kombayn sifariş verə bilməsin?”.

Kənd təsərrüfatı texnikalarının, damazlıq heyvanların lizinqi, kənd təsərrüfatı texnikalarına güzəştin tətbiqi kimi elektron xidmətlər tamamlanaraq “Elektron hökumət” portalına inteqrasiya edilib.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətin informasiya və elektron xidmətlər şöbəsinin müdiri Ayaz Qədirovun sözlərinə görə, mineral gübrələrin 70 faiz güzəştlə satışı da tam olaraq elektron qaydada aparılır.

"Aqrolizinq Avtomatlaşdırılmış İnformasiya Sistemi"nin yaradılması barədə də danışan Ayaz Qədirov bildirib ki, əsas məqsəd dövlət qurumu və fermer münasibətlərinin elektron müstəviyə keçirilməsinə nail olmaqdır. Mərkəzi Aparatda ən müasir avadanlıqlarla təchiz edilmiş, modern maddi-texniki baza, zəruri informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunmuş informasiya texnologiyaları infrastrukturu yaradılıb. Cəmiyyətin informasiya texnologiyaları infrastrukturu beynəlxalq təcrübəyə əsaslanmaqla təkmilləşdirilir. Habelə "Aqrolizinq AİS"in əsas komponentləri də təkmilləşdirilir. Məlumatların toplanması, saxlanılması və vahid verilənlər bazasının yaradılması, məlumatların avtomatlaşdırılmış şəkildə yığılması imkanı səhmdar cəmiyyətin fəaliyyətini çevik bir modelə çevirir. Məlumat sistemi daxil edilən məlumatın mötəbərliyini təmin etmək məqsədilə İAMAS, AVİS, E-Gov sistemlərinə inteqrasiya olunub. Ödənişlərin avtomatlaşdırılması məqsədilə “ASAN ödəniş” sisteminə inteqrasiya tamamlanıb.

“Xidmətlərdən istifadə etmək üçün vətəndaşlar “Elektron hökumət” portalında qeydiyyatdan keçməlidirlər. Yalnız bundan sonra Kənd Təsərrüfatı Nazirliyinin xidmətləri bölməsinə daxil olaraq, xidmətlərdən istifadə edə bilərlər. Bildirmək istərdim ki, burada “Aqrolizinq” fermerlərə xüsusi yanaşır. Belə ki, “Elektron hökumət” portalı ilə razılaşma əsasında vətəndaşları həmin portalda qeydiyyatdan keçirə bilərik. Nəticədə fermer həm bizim, həm də “Elektron hökumət” portalında olan digər dövlət qurumlarının xidmətlərindən yararlana bilər”, - deyə Ayaz Qədirov qeyd edib. (Aztv) 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256