SƏNAYE

Azərbaycanda tütünçülüyün inkişafı nə yerdədir?
16 NOYABR
96

Azərbaycanda tütünçülüyün inkişafı nə yerdədir?

2018-11-16 09:48:00

Aqrar sahənin inkişafı Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət strategiyasının əsas tərkib hissələrindən biridir. 2016-cı ildən etibarən ölkədə kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq, tütünçülük, baramaçılıq, çayçılıq və digər sahələr üzrə kompleks tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Dövlət tərəfindən tütünçülüyün inkişafına yüksək dəstək göstərilir

Azərbaycan Prezidentinin 2017-ci il 10 avqust tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı”nın əsas məqsədi ölkədə tütünçülüyü inkişaf etdirmək, tütün məmulatları istehsalını artırmaq, emal müəssisələri yaratmaq, tütün məmulatlarının ixracını təşviq etmək və beləliklə, tütünçülüklə məşğul olan insanların gəlir əldə etmək imkanlarını genişləndirməkdir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tütünçülük sahəsində atılan addımların artıq müsbət nəticə verdiyini vurğulayaraq deyib: “Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük”.

Tütünçülükdə mövcud vəziyyətə toxunan dövlətimizin başçısı sonra deyib: “Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur”.

Şimal-qərb bölgəsində tütünçülüyün inkişaf etdirilməsi üçün böyük potensial var

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, respublikamızın şimal-qərb rayonlarında tütünçülüyün inkişaf etdirilməsi üçün zəngin ənənə və böyük potensial var. İxrac potensialı yüksək olan bu sahə uzun illər diqqətdən kənarda qalsa da, son illər ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində tütünçülük yenidən dirçəlməyə başlayıb, bu gəlirli sahəyə maraq göstərənlərin sayı xeyli artıb.

Respublikamızda tütünçülüyün inkişafında maraqlı olan “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC (əvvəlki adı “İnter-Tobacco” MMC) şimal-qərb bölgəsində 2007-ci ildən fəaliyyət göstərir. Həmin ildən etibarən cəmiyyət tərəfindən bölgənin rayonlarında “Virciniya” növlü ətirli tütünün yetişdirilməsinə başlanılıb. 2008-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində cəmiyyətin ilk tütün istehsalı və emalı məntəqəsi açılıb. 2010-cu ildə isə Zaqatala rayonunda illik istehsal gücü 3500 ton olan tütün emalı zavodu istifadəyə verilib. Hazırda cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında Bolqarıstandan alınmış və hər birinin tutumu 10 ton yaş tütün olan 232 tütünqurutma kamerasından ibarət 4 tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdə qurudulan tütün emal olunmaq üçün tütün emalı zavoduna göndərilir.

Zaqatala tütün emalı zavodunda istehsal edilən xammal

Rusiya və Gürcüstan bazarlarına ixrac olunur

Zaqatala tütün emalı zavodu nəinki Cənubi Qafqazda, ümumiyyətlə, MDB məkanında ən müasir texnologiyalar əsasında qurulan və bənzəri olmayan emal müəssisəsidir. Zavodda ABŞ, İtaliya və Almaniya istehsalı olan ən son texnoloji avadanlıq quraşdırılıb.

Müəssisənin direktoru Qabil Qazıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, noyabrın əvvəlindən zavodda quru tütünün emalına başlanılıb. İndiyədək qəbul məntəqələrindən zavoda 450 tona yaxın quru tütün daxil olub. Emal prosesindən əvvəl quru tütün növlər üzrə çeşidlənir. Sonra tütünün yarpaqları burada quraşdırılmış texnoloji avadanlıq vasitəsilə yenidən nəmləndirilir, zoğdan ayrılır, didilir, qurudulur və uzun müddət saxlanma imkanına malik xammal istehsal edilir. Xammal daha sonra karton yeşiklərə preslənərək qablaşdırılır və zavodun anbarlarına yığılır. Zavodda istehsal olunan xammal satış üçün əsasən Rusiya və Gürcüstan bazarlarına göndərilir. Direktorun sözlərinə görə, zavod hazırkı xammal ehtiyatı ilə gələn ilin yayınadək fəaliyyət göstərəcək.

Hazırda zavodda 60 nəfər işçi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256