SƏNAYE

Fermerlərə güzəştli şərtlərlə 4156 ton mineral gübrə satılıb
14 NOYABR 2018
140

Fermerlərə güzəştli şərtlərlə 4156 ton mineral gübrə satılıb

2018-11-14 09:25:00

Aqrar sektorun inkişafı və kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında sahibkarların, fermer və torpaq mülkiyyətçilərinin müasir texnika və avadanlıqlarla, cins damazlıq heyvanlarla, mineral gübrələrlə, pestisidlərlə təminatı böyük əhəmiyyət kəsb edir. Dövlətin dəstəyini daim hiss edən beyləqanlı fermerlər də aqrar sahənin inkişafına, ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verirlər.

Beyləqan rayonunda hazırda payız-tarla işlərinin qızğın çağıdır. Fermer və torpaq mülkiyyətçiləri pambıq yığımı ilə yanaşı, gələn ilin məhsulu üçün taxıl səpinini də həyata keçirirlər. Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika və avadanlıqlara, mineral gübrə və pestisidlərə olan tələbatının ödənilməsində "Aqrolizinq" ASC-nin rayon bölməsi mühüm rol oynayır.

"Aqrolizinq" ASC-nin Beyləqan-Xocavənd bölməsindən Fins.az-a bildiriblər ki, fermerlər və kənd təsərrüfatı məhsulu istehsalçıları Cəmiyyətin aqrotexniki xidmətlərindən daim istifadə edirlər. Rayon bölməsində, ümumilikdə, 275 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və aqreqatı var. Hazırda kombayn, traktor, qoşqu və aqreqatlar mühüm strateji məhsul olan pambığın yığılmasına, həmçinin taxıl səpininə cəlb edilib. Rayon bölməsində olan 10 ədəd pambıqyığan kombayn vasitəsilə 1400 hektar sahənin məhsulu yığılaraq qəbul məntəqələrinə daşınıb. Traktor və aqreqatlar isə taxıl sahələrinin malalanmasına və səpin işlərinə cəlb olunub.

Cəmiyyətin xətti ilə gətirilən mineral gübrələr və pestisidlər hesabına kənd təsərrüfatı məhsulları istehsalçılarının mineral gübrələrə olan tələbatı yaxşılaşdırılıb, aqrotexniki xidmətin dairəsi genişlənib. 2018-ci ilin əvvəlindən bəri fermerlərə 4156 ton mineral gübrə, 5977 litr müxtəlif adlarda pestisid güzəştli qiymətlərlə satılıb. Hazırda rayon bölməsinin anbarında 909,5 ton ammonium nitrat gübrəsi, 67,6 ton karbamid, 33,5 ton nitrofoska, 4297 litr müxtəlif adda pestisid mövcuddur. Yaxın günlərdə bölməyə fermerlərin əsas tələbatı olan 130 ton ammofost mineral gübrəsi də gətiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256