SƏNAYE

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamdakı “Azərxalça”nın açılışında iştirak ediblər
06 NOYABR
102

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamdakı “Azərxalça”nın açılışında iştirak ediblər

2018-11-06 10:13:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

 Fins.az xəbər verir ki, dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirib ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirilib ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olundu ki, bu kursları məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşüblər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258