SƏNAYE

Sitrus və subtropik meyvə bağlarının sahəsi 4 min hektara çatdırılacaq
05 NOYABR
81

Sitrus və subtropik meyvə bağlarının sahəsi 4 min hektara çatdırılacaq

2018-11-05 11:40:00

Sitrusçuluq Astara rayonunda ənənəvi təsərrüfat sahələrindəndir. Sovetlər dönəmində ölkəmizdə ən çox sitrus və subtropik meyvələr məhz Astarada yetişdirilirdi.

Fins.az xəbər verir ki, Azərbaycanda aparılan torpaq islahatından sonra Astara rayonunda uzun müddət tənəzzül dövrünü yaşayan sitrusçuluq aqrar bölmənin inkişafına göstərilən dövlət dəstəyi sayəsində yenidən inkişaf etdirilir.

Ölkəmizdə kənd təsərrüfatının bir çox sahələri, o cümlədən sitrusçuluğun inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları, məhsul istehsalçılarına verilən subsidiyalar, edilən güzəştlər aqrar bölmənin bütün sahələri, o cümlədən sitrusçuluğun inkişafı üçün geniş imkanlar yaradıb.

Ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı Lənkəran şəhərində keçirilən müşavirədəki çıxışında çayçılığın, çəltikçiliyin inkişafı ilə birlikdə sitrus sahələrinin genişləndirilməsi də mühüm vəzifə kimi qarşıya qoyulub.

Qarşıya qoyulmuş bu mühüm vəzifələrin Astara rayonunda da yerinə yetirilməsi istiqamətində lazımi tədbirlər həyata keçirilir.

Astara Rayon Statistika İdarəsindən Azərtac-a verilən məlumata əsasən 2017-ci ildə rayonda 3140 hektar sitrus və subtropik meyvə bağlarından 38 min 921 ton məhsul yığılıb. Bu il isə sitrus və subtropik meyvə bağlarının sahəsi 438 hektar artırılaraq 3578 hektara çatdırılıb. Yaxın gələcəkdə isə bu rəqəmin 4000 hektara çatdırılması nəzərdə tutulub.

Artıq rayonun sitrus və subtropik meyvə bağlarında məhsul yığımına başlanılıb. Sitrusçuluqla məşğul olan təsərrüfatları gəzərkən hər yerdə bol məhsulun yetişdirildiyinin şahidi olduq.

Kijəbə qəsəbəsi təkcə Astarada deyil, ölkəmizdə də yüksək keyfiyyətli sitrus məhsullarının yetişdirildiyi ərazi kimi tanınır. Sovetlər dönəmində burada geniş sitrus meyvə bağları salınıb.

Kijəbə qəsəbəsinin Tüləgüvan kəndindəki təsərrüfatlardan birində - beş ailəni birləşdirən Rafiq Ağayevin rəhbəri olduğu kəndli fermer təsərrüfatında olarkən füsunkar mənzərə bizi heyran etdi. Hiss olunurdu ki, bol və keyfiyyətli meyvələrin yetişdirilməsi üçün sitrusçular gərgin əmək sərf ediblər.

Rafiq Ağayev bu il yay mövsümündə havaların quraq keçməsi ilə bağlı üzləşdikləri problemlərdən, bol məhsulun yetişdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışaraq dedi: “Ailəmizin maddi təminatı sitrusçuluqla bağlıdır. Bir hektardan çox ərazini əhatə edən meyvə bağlarında ailə üzvlərimlə birlikdə qışın soyuğunda, yayın istisində çalışaraq ağacların suvarılması, zərərvericilərdən qorunması üçün lazımi tədbirləri vaxtında həyata keçirmişik. Yığım mövsümündə 15-20 ton naringi toplamağı nəzərdə tutmuşuq. Yığdığımız narıngi meyvəsinin kiloqramını 1 manat və ya 1 manat 50 qəpiyə satırıq. Təkcə Tüləgüvan kəndində sitrusçuluqla məşğul olanların sayı 250-dən çoxdur. Qəsəbəmizdə yüzlərlə ailə büdcəsini sitrusçuluqdan əldə etdiyi gəlirlə təmin edir.”

Qeyd edək ki, bu il Astara rayonunda 45 min tona yaxın sitrus və subtropik meyvə istehsalı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257