SƏNAYE

Gələn il ilk məhsul yığılacaq
05 NOYABR
121

Gələn il ilk məhsul yığılacaq

2018-11-05 11:33:00

Azərbaycanda yeni salınan badam bağlarından 2019-cu ildən başlayaraq ilk məhsul yığılacaq. İki ildir ki, becərilən badam tingləri yerli şəraitə tam uyğunlaşıb və normal inkişaf edir.

Fins.az xəbər verir ki, 2017-2018-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 23, Qusarda 10, Beyləqanda 28, Tərtərdə 18, Cəlilabadda 2 və Abşeronda 1 hektar olmaqla, 82 hektar ərazidə badam tingləri əkilib. Bu barədə Azərtac məlumat yayıb. 

İnstitutun direktoru İlham Qurbanov bildirib ki, hazırda yeni badam bağlarının salınması istiqamətində iş aparılır. Mütəxəssis Şabran rayonunda tirə üsulu ilə əkilən badam tinglərinin İspaniya təcrübəsinə əsasən yetişdirilməsi üzrə texnologiyanın özünü tam doğrultduğunu qeyd edib.

Azərbaycanda əkilən badam sortu amerikan mənşəlidir. “Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Ölkəmizin iqlim şəraitinə tam uyğun sortdur. Dünyada ən çox badam yetişdirilən ABŞ-ın Kaliforniya ştatında bağların 45 faizində bu sort becərilir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir. Bu badam bağları hər hektara görə 6-10 ton arasında məhsul verir.

Mütəxəssisin sözlərinə görə, Azərbaycan yaxın gələcəkdə badama olan tələbatını yerli istehsal hesabına ödəyə biləcək.

Yaxın gələcəkdə isə yerli istehsal hesabına badam tinglərinin idxalına son qoyulacaq. İspaniya şirkətlərindən biri ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imzalanıb. Razılığa əsasən, Azərbaycanda yeni meyvə sortlarının sınaqdan çıxarılması və müasir tingçilik təsərrüfatı yaradılıb. İspaniya şirkəti ilə qurulan əlaqələrdən sonra ölkəmizə 3 yeni badam sortu ilə yanaşı, 17 sort şaftalı və 1 sort da ərik gətirilərək sınaqdan çıxarılır.

Yeni gətirilən badam sortlarının əsas üstünlüyündən biri yaz şaxtalarına məruz qalma ehtimalının çox aşağı olmasıdır. Həm də bu sortlar öz-özünü tozlama qabiliyyətinə malikdir. Buna görə də əlavə tozlayıcı sortun əkilməsinə ehtiyac yoxdur.

Azərbaycanda mövcud badam bağlarının sahəsi 1000 hektara yaxındır. Yaxın 2-3 ildə badam bağlarının iki dəfədən çox artırılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255