SƏNAYE

24 investisiya layihəsinə 17 milyon 896 min manat güzəştli kredit verilib
18 OKTYABR
97

24 investisiya layihəsinə 17 milyon 896 min manat güzəştli kredit verilib

2018-10-18 12:48:00

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron rayonunda 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Fins.az xəbər verir ki, yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova hesabat dövrünün Abşeron rayonu üçün uğurlu keçdiyini vurğulayıb. Rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb.

İcra hakimiyyəti başçısının müavini İlham Quluyevin təqdim etdiyi hesabat məruzəsində cari ilin 9 ayında görülən işlər haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kənd təsərrüfatı sahəsində, xüsusilə bitkiçilik məhsulları istehsalının artımına nail olunub. Belə ki, rayon ərazisində 1413 hektar sahədə taxıl biçilib, 759 hektar tərəvəz sahəsindən 69078 ton məhsul yığılıb. Eyni zamanda, 28014 sentner ət, 227748 sentner süd istehsal edilib, yumurta istehsalı isə 105,7 milyon ədəd olub.

Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı təyinatlı torpaqlarında zeytun və badam bağları sahələrinin genişləndirilməsi ilə bağlı işlər davam etdirilib. Xəzər rayonu ərazisindən Abşeron rayonuna təhkim olunmuş kənd təsərrüfatı təyinatlı 3570 hektarda aqropark yaradılması istiqamətində işlər sürətlə aparılır. Bununla bağlı 210 hektarda badam əkilərək damlama üsulu ilə suvarma şəbəkəsi quraşdırılıb, 16,3 kilometr su xətti çəkilib, 140 min kubmetrlik 3 su hovuzu tikilib, 30 ədəd müxtəlif təyinatlı texnika alınıb. Artıq salınan badam bağından məhsul yığımına başlanılıb.

“Ötən illərdə olduğu kimi, cari ilin doqquz ayında da ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılıb”, - deyən İ.Quluyev doqquz ay ərzində rayonun yaşayış məntəqələrində 10 mindən çox zeytun, çinar, şam və digər növ ağacların əkildiyini vurğulayıb.

Məruzədə qeyd edilib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən rayon ərazisində və rayona təhkim olunmuş torpaqlarda fəaliyyət göstərən sahibkarlara 24 investisiya layihəsi üçün 17 milyon 896 min manat güzəştli kredit verilib. Həyata keçiriləcək bu layihələr nəticəsində 242 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artıb və 38 şirkət tərəfindən istehsal olunan 355 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib.

Diqqətə çatdırılıb ki, Qobu qəsəbəsində xalça istehsalı emalatxanasının tikintisində son tamamlama işləri görülür. Müəssisənin fəaliyyətə başlaması ilə 160 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Hazırda Qobu Sənətkarlıq evində xalçaçılıq kursu təşkil olunub. Bundan başqa, valideyn himayəsindən məhrum olmuş kimsəsiz uşaqlar üçün Masazır kəndində daha bir 12 mərtəbəli çoxmənzilli yaşayış binasının inşası yekunlaşıb.

Cari ilin doqquz ayında Məşğulluq Mərkəzinin xətti ilə 825 nəfər işlə təmin edilib ki, bunun da 68 nəfəri qaçqın və məcburi köçkünlərdir.

Məruzədə hesabat dövründə əhalinin elektrik enerjisi, içməli su və təbii qazla təminatı istiqamətində görülən işlərdən də danışılıb, problemlər müzakirə olunub.

azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251