SƏNAYE

Ağdamda ümumi məhsul istehsalı 5 faiz artıb
17 OKTYABR
105

Ağdamda ümumi məhsul istehsalı 5 faiz artıb

2018-10-17 18:09:00

2018-ci ilin doqquz ayında Ağdam rayonu üzrə ümumi məhsul istehsalının həcmi 115 milyon 538,4 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 502,6 min manat və ya 5 faiz çoxdur. Bu dövrdə 9 milyon 895 min manatlıq sənaye, 86 milyon 516 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 6 milyon 510 min manatlıq tikinti-quraşdırma işləri görülüb.

Fins.az xəbər verir ki, bu faktlar Ağdam rayonunun Quzanlı qəsəbəsində 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda səsləndirilib.

Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənovun məruzəsində bildirilib ki, ilin doqquz ayında Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan və Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının tikintisi başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Quzanlı qəsəbəsində akademik Xudu Məmmədov adına küçəyə asfalt-beton örtük salınıb. Muğam Mərkəzinin tikintisi yekunlaşıb. 360 şagird yerlik orta məktəb binasının inşası isə davam etdirilir. Bu günlərdə İmamqulubəyli kəndində tibb məntəqəsinin tikintisinə başlanılıb.

Aqrar sahədə görülən işlərdən danışılarkən diqqətə çatdırılıb ki, ilin doqquz ayında 44 min 655 ton buğda, 7505 ton arpa, 80 min 728 ton tərəvəz, 5923 ton kartof, 15 min 118 ton şəkər çuğunduru istehsal edilib. Bundan başqa, rayon kümçüləri tərəfindən 17,1 ton barama tədarük olunub. Hazırda 3100 hektar sahədə becərilən pambığın yığımı davam etdirilir. Rayonda heyvandarlığın, xüsusilə cins mal-qaranın inkişaf etdirilməsi məqsədilə 1859 baş heyvan süni yolla mayalandırılıb, 1119 baş sağlam bala alınıb.

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə və aqrar sahədə əldə olunan uğurlardan da ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həlli və qarşıda duran vəzifələrdən danışılıb. Bildirilib ki, Quzanlı qəsəbəsi 360 şagird yerlik məktəbin, boks və taekvondo məktəblərinin, Ağdam Atçılıq Kompleksinin, İmamqulubəyli kənd körpələr evi-uşaq bağçasının və İmamqulubəyli kənd tibb məntəqəsinin tikintisi başa çatdırılmalı, Quzanlı qəsəbəsində Heydər Əliyev adına park yenidən qurulmalı, Evoğlu, Zəngişalı, Üçoğlan kənd tam orta məktəblərinin, Qaradağlı və Birinci Baharlı körpələr evi-uşaq bağçaları təmir edilməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258