SƏNAYE

Səhmdarlar aldadılır
17 OKTYABR
368

Səhmdarlar aldadılır

2018-10-17 10:52:00

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi sistemində aparılan islahatların bu sahədə müsbət dəyişikliklərə səbəb olduğunu bildirib. Qeyd edib ki, qarşıda duran əsas məsələlərdən biri vergidən yayınma hallarının qarşısının alınmasıdır:

"Bu gün belə hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm də kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkar kimi öz fəaliyyətlərini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək"

Fins.az Vergilər Qəzetinə istinadən xəbər verir ki, çıxışında qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımların atıldığına, vergilərin toplanmasında müsbət nəticələrə nail olunduğuna və digər mühüm məsələlərə toxunan dövlət başçısı təsərrüfat subyektlərində uçot sisteminin şəffaflaşdırılmasının əhəmiyyətli məsələlərdən biri olduğunu vurğulayıb.

Sahibkarlar işlərini şəffaf qurmalı, vergi öhdəliklərini yerinə yetirməlidirlər

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov qeyd edib ki, dövlət başçısının verdiyi mesajlar vergi sistemində sahibkara yanaşmanın dəyişdiyini, yeniliklərin tətbiq olunduğunu və islahatlar kursunun davam etdirildiyini təsdiqlədi: «Vergi sahəsində başlanmış yeni islahatlar indiyə qədər yaranmış problemlərin köklü həllinə, vergi inzibatçılığının ən müasir formada təşkilinə imkan verir. Sahibkarlara münasibətin ən müasir xidmətlər səviyyəsində sağlam qurulması, vergi ödəyicisi ilə vergi orqanı arasında inam və etimadın yüksəldilməsi üçün yeni texnologiyalar tətbiq olunur. Vergi inzibatçılığının təkmilləşdirilməsi, yoxlama və vergi nəzarəti sahələrində də müasir innovativ meyarların tətbiqi baxımından yeni mərhələ başlanıb. Yoxlamaların sayının azaldılması, prosesin təkmilləşdirilməsi, yoxlamanın məsafədən aparılması istiqamətində baş verən dəyişikliklər də vergi sisteminin şəffaflığını, biznes üçün səmərəliliyini və rəqabətliliyini təmin edir. Ötən doqquz aya nəzər saldıqda, aparılan islahatların ən mühüm nəticələrindən biri kimi, vergi ödənişi potensialının artdığını müşahidə etmək olar. Xüsusilə də qeyri-neft sektorunda vergi daxilolmalarının həcminin artması vergi orqanlarının təşviqedici siyasəti sayəsində mümkün olub».

A.Hüseynov qeyd edib ki, hazırda Vergi Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər biznes fəaliyyətinin daha da genişləndirilməsi, fiskal yükün aşağı salınması, qeyri-qanuni sahibkarlığın və məşğulluğun qarşısının alınması, şəffaflığın təmin edilməsi, investisiya mühitinin yaxşılaşdırılması, vergilərin optimallaşdırılması və vergi bazasının artırılması üçün əlverişli zəmin yaradır.

Atılan addımlara adekvat olaraq sahibkarlar da işlərini şəffaflıq prinsipləri əsasında qurmalı, vergilərini düzgün hesablayıb dövlət büdcəsinə tam həcmdə və vaxtında ödəməlidirlər: «Hazırda bir sıra sahələrdə hələ də uçotsuz fəaliyyət, real dövriyyənin gizlədilməsi və vergidən yayınma cəhdlərinə rast gəlinir. Vergi uçotunun aparılmasında şəffaflığın təmin olunması qarşıda duran ən mühüm məsələlərdəndir. Vergi ödəyiciləri dövriyyələrini düzgün göstərməli və sənədləşdirmə işlərini qaydasına salmalıdırlar».

Bəzi fəaliyyət sahələrində uçota münasibət qənaətbəxş deyil

Audit üzrə mütəxəssis Mehdi Babayev hesab edir ki, dövlət başçısı ən mühüm məsələlərdən biri olan təsərrüfat subyektlərində uçot sisteminin düzgün qurulmasına dəvət etməklə vergi orqanlarının bu istiqamətdə apardığı tədbirlərin əsas aktual məsələlərdən biri olduğuna diqqət çəkib. Mütəxəssis hesab edir ki, uçotun düzgün qurulmaması iqtisadi inkişafın ahəngini ləngitdiyindən, dövlət başçısı dərinləşdirilən islahatlar çərçivəsində sahibkarların öz öhdəliklərini yerinə yetirməsini vacib hesab edir: «Hazırda ölkəmizdə qanunvericilik baxımından mühasibat, vergi və digər sahələr üzrə uçotun aparılmasını təmin edən normativ aktlar kifayət qədərdir və demək olar ki, tam təmin edilib. Lakin uçot sahəsində hüquqi bazanın olmasına baxmayaraq, bəzi fəaliyyət sahələrində, əsasən də kiçik sahibkarlıq subyektləri kateqoriyasına aid edilən və sadələşdirilmiş vergi mükəlləfiyyəti olan vergi ödəyicilərində uçota olan münasibət qənaətbəxş deyil. Elə müəssisələr var ki, il ərzində, sadəcə olaraq, sənədlər toplayır və yalnız ilin sonunda uçot qurur, bununla öz öhdəliyini bitmiş hesab edir. Məsələyə bütövlükdə baxsaq, vergi ödəyicisinin məqsədinin vergidən yayınmaq yox, qazanc barədə niyyətinin düzgün olmadığını görərik. Əsas məsələ belə niyyəti formalaşdıran halları aradan qaldırmaqdır».

M.Babayevin sözlərinə görə, uçotla bağlı problemlər, əsasən, bu amillərlə bağlıdır:

  • sahibkarın apardığı uçotun və hazırladığı hesabatların yalnız vergi, DSMF və statistika orqanlarının tələblərinə köklənməsi;
  • maliyyə uçotu bilgilərinin azlığı və bu sahədə maarifləndirmə və təhsil-təlim işlərinin yetərincə olmaması;
  • sənədləşmə yükünün (ciddi hesabat blanklarının tətbiqi sahəsinin) çoxluğu;
  • bəzi fəaliyyət sahələrində (kənd təsərrüfatı məhsullarının istehsalı və s.) tətbiq edilən vergi güzəşt və azadolmalarının uçotun əhəmiyyətliliyinə biganəliyi «təşviq» etməsi;
  • sadələşdirilmiş vergi dərəcəsinin və yükünün real iqtisadi fəaliyyətlərə uyğun olmaması və sahibkarların dövriyyələrini paylaşdırma məqsədilə çoxmüəssisəliliyə meyillənməsi.

Bəzi təsərrüfat subyektlərinin rəhbərliyi tərəfindən təsisçiləri və səhmdarları aldatma meyilləri, biznesə yanaşmanın mükəmməl olmaması da həmin sahədə nöqsanlara yol açır: «Qeyd edilənlərin fonunda sahibkarın təmiz uçot qurmaq haqqında marağı formalaşmaya bilər. Lakin bütün bunlar və digər mənfi hallar ən qısa zamanda belə həll edilsə də, neqativ «ənənələrə» bulaşmış sahibkar şəffaflıq mədəniyyətini tez bir zamanda özündə formalaşdıra bilməyəcək. Çünki bu mərhələdə sahibkar sıxıntı yaşaya, neqativ vərdişləri özündən uzaqlaşdırmaq üçün zamana ehtiyacı yarana bilər. Sahibkarı tam qınamaq düzgün deyildir. Onlar günümüzün güzgüsüdür və onların da dövlət dəstəyinə ehtiyacları var».

Hökumət tərəfindən aparılan islahatlara və ortaya qoyulan möhkəm iradəyə sahibkarın güvənməsi vacib məsələdir. Sahibkar yaratdığı müssisənin dövriyyəsindən özünə lazım olan pulu yalnız qanunun yol verdiyi formada çıxara bilər. Bu yoldan kənar qazanc hüquqi şəxs üçün məsuliyyət yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257