SƏNAYE

Arıçı: Balların keyfiyyətini yoxlamaq üçün alternativ labaratoriyalar olmalıdır
12 OKTYABR
455

Arıçı: Balların keyfiyyətini yoxlamaq üçün alternativ labaratoriyalar olmalıdır

2018-10-12 10:13:00

“İnsan var ailəsi üçün yaşayır, insan var kəndi üçün yaşayır, insan var xalqı üçün yaşayır. Mən bunları yaşaya-yaşaya görürəm. Ancaq, arılar bütün dünya üçün yaşayırlar”. Bu fikirlər Balakən rayonundan olan arıçı, Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı İlqar Mamedov deyib.

Fins.az xəbər verir ki, o təbiətin gücünün ildən-ilə zəifləməsindən narahat olduğunu deyib: “Təbiətin ildən-ilə zəifləməsi məni də narahat edir. Biz hamımız bir sual altında qalmışıq - niyə təbiət şıltaqlıq edir? Bunlar təbii ki, arıların məhsuldarlığına da öz təsirini göstərir. Bu gün xaricdən damazlıq arı cinsləri gətirilir. Mən şəxsən öz yerli arı cinslərimizin bəslənməsinin tərəfdarıyam”. İlqar Mamedov öz təcrübəsini arıçılarla bölüşmək istəyindədir: “Arını ilk növbədə gənədan qorumaq lazımdır. Arıda qırtlaq və boğaz gənəsi olur. May ayında çərçivədə şanın ancaq 5 sm hündürlüyünü saxlayırıq, qalanını atırıq. Arılar yenidən boş qalmış yerə şan toxumağa başlayır. Həmin şan erkək arılar üçündür və onlar 24 günə yumurtadan çıxır. Gənələr də tez qaçır, yeni yaranan yuvalara doluşur. Onlar da 21 gündən sonra yumurtadan çıxır. Bax, həmin gənə yumurtaları ilə dolu şan yenidən kəsilib atılır və bununla da biz arı ailəsini gənələrdən xilas edirik. Meyvə ağaclarının çiçək dövründə onlara dərman vurulur. Arılar həm dərmanlanmış meyvə ağaclarından, həm də cır xurma ağacından zəhərlənirlər. Bunun üçün 3 faizli peroksid məhlulunu 1 litr qaynadılmış və sonradan soyudulmuş suda həll edib hər üç gündən bir çərçivələrə çiləmək lazımdır”.

Arıçı deyir ki, bol məhsul almaq üçün təbiəti qorumalıyıq: “Bizim bölgədə əsasən arılar nektarı akasiya və şabalıd ağaclarından alır. Arıçılıq insanı kamilləşdirir, insanı təbiətə daha yaxından bağlayır. Meşələri arıçılara tapşırsalar, daha səmərəli olardı. Pis arı yoxdur, pis arıçı var. Gənclərə məsləhətim budur ki, arı kimi halal olsunlar. Arı yetişdirəndə pis tərəfi düşünməsünlər, çünki arıdan ziyan gəlməz. Bu gün biz arılarımızın yığdığı balın keyfiyyətini laboratoriyadan keçirməklə öyrənirik. Mən deyərdim ki, laboratoriya bir yox, iki olmalıdır, yəni alternativ laboratoriyanın da olması vacibdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259