SƏNAYE

Nar bağlarında məhsul yığımı
11 OKTYABR
249

Nar bağlarında məhsul yığımı

2018-10-11 12:28:00

Aqrar sahəyə göstərilən dövlət dəstəyinin nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artıraraq, ölkəmizin ərzaq təhlükəsizliyinə töhfələrini verirlər. Belə təsərrüfatlardan biri də Füzuli rayonunda fəaliyyət göstərən “Mil-Qarabağ LTD” Məhdud Məsuliyyətli Cəmiyyətidir. 2006-cı ildə yaradılan təsərrüfatda üzüm, nar bağları salınıb, eyni zamanda pambıq, şəkər çuğunduru və taxıl istehsal edilir.

Fins.az xəbər verir ki, “Mil-Qarabağ LTD” MMC-nin icraçı direktoru Malik Əhmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, 400 hektar ərazisi olan təsərrüfatın 98 hektarını üzüm bağı, 4 hektarını isə nar bağı təşkil edir. Əsasən texniki üzüm sortlarının becərildiyi bağda istehsal olunan məhsul şərab emalı müəssisələrinə verilir. Artıq təsərrüfatda üzüm yığımı başa çatıb və 500 ton məhsul istehsal edilib.

Hazırda nar bağlarında məhsul yığımı davam edir. Göyçaydan gətirilərək əkilən nar ağaclarının meyvəsi görünüşünə və dadına görə heç də məşhur Göyçay narından geri qalmır. Bu il bağdan 20 tondan artıq məhsul istehsal ediləcəyi gözlənilir. Yığılan meyvələr həm bazarlarda satışa çıxarılır, həm də emal müəssisələrinə verilir.

Təsərrüfatın əsasını taxılçılıq təşkil edir. Cari ildə 257 hektarda buğda əkilib və orta hesabla hər hektardan 30 sentnerdən çox məhsul götürülüb. İstehsal olunan buğda un emalı müəssisələrinə verilib. Hazırda təsərrüfatda gələn ilin məhsulunun əsası qoyulur - şum qaldırılır.

Təsərrüfatda ötən il 12 hektar sahədən 26 ton pambıq yığılıb. Bu il isə "Kənd Təsərrüfatı MMC" ilə müqavilə əsasında 14 hektarda “ağ qızıl” yetişdirilib. Düzgün aqrotexniki qulluq sayəsində tarlalarda məhsul boldur. Hazırda pambıq yığımı davam edir. Artıq 8,2 ton məhsul yığılaraq qəbul məntəqəsinə təhvil verilib. Mövsümün sonunadək 35 ton məhsulun istehsal ediləcəyi proqnozlaşdırılır.

Eləcə də bax:Yeni zavod istifadəyə veriləcək

Növbəli əkinin tətbiq edildiyi təsərrüfatda becərilən bitkilərdən biri də şəkər çuğundurudur. Şəkər çuğunduru əkilən 8 hektarda becərmə işləri başa çatıb. Bir neçə gündən sonra məhsul yığımına başlanılacaq. Hər hektardan orta hesabla 50 ton məhsul istehsalı gözlənilir. Yığılan məhsul İmişli şəkər zavoduna təhvil verilir.

Təsərrüfatda ilin bütün vaxtında qızğın iş gedir. Bu işlərə 100 nəfərdən artıq sakin cəlb edilir ki, bu da əhalinin məşğulluğunun təmin olunmasına xidmət edir.

Təsərrüfatın icraçı direktoru aqrar sahədə əldə etdiyi uğurlara dövlətin dəstəyi və zəhmətsevərlik sayəsində nail olunduğunu bildirib. Qarşıda isə yeni-yeni planlar var. Təsərrüfatı daha da genişləndirmək və inkişaf etdirməyi, məhsuldarlığı artırmağı hədəfləyən fermer bu məqsədlə yeni su xəttinin çəkilməsini, suvarma sisteminin yenidən qurulmasını planlaşdırıb: "Dövlətin güzəştli kreditlərindən istifadə etməklə təsərrüfatın suvarma suyuna olan təminatını ödəmək istəyirik. Bunun üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fonduna müraciət edəcəyik. Əgər təsərrüfata yeni su xətti çəkilərsə üzümçülüyü, narçılığı və pambıq tarlalarını daha da genişləndirər və məhsuldarlığı yüksəldər, beləliklə də ölkəmizin ərzaq təhlükəsizliyinə töhfə vermiş olarıq", - deyə Malik Əhmədov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256