SƏNAYE

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb
13 SENTYABR
78

Lənkəranda Amerika ağ kəpənəyinə qarşı mübarizənin üçüncü mərhələsi başlayıb

2018-09-13 15:19:00

Cari ilin sentyabrın 11-dən etibarən Lənkəran rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizm olan Amerika ağ kəpənəyinin (Hyphantria cunea Drury, 1773) üçüncü nəslinə qarşı fitosanitar müşahidə və mübarizə tədbirləri həyata keçirilir.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətindən Fins.az-a verilən məlumata görə, Lənkəran Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 280 hektar sahədə müşahidə aparılıb və 40 hektar sahədə sirayətlənmə aşkar edilib. Sentyabrın 12-dən isə Vilvan, Cil və Veravol kəndləri əhatə olunmaqla, ümumilikdə 16 hektar sahədə kimyəvi mübarizə tədbirlərinə başlanılıb. Büdcə vəsaiti hesabına həyata keçirilən mübarizə tədbirlərində Diflobezron tərkibli Xetenazon  preparatından (100 qr/1 ha) istifadə olunub. Müşahidə və mübarizə tədbirlərinin sentyabr ayının ikinci ongünlüyünə qədər davam etdiriləcəyi proqnozlaşdırılır.
Karantin zərərvericisi olan Amerika ağ kəpənəyinə qarşı kimyəvi mübarizə tədbirlərinin vaxtını müəyyən etmək məqsədi  ilə zərərvericinin yayıldığı ərazilərdə qidalandığı bitkilər üzərində hər bir nəslin inkişafı dövründə  vaxtaşırı müşahidələr aparılmalıdır. İlk növbədə bağlarda, parklarda, həyətyanı sahələrdə, meşə zolaqlarında, tingliklərdə və s. yerlərdə zərərverici aşkar edildiyi hallarda təcili olaraq Dövlət Xidmətinin Bitki Mühafizəsi Mərkəzlərinə məlumat verilməli, yeni aşkar olunmuş mənbələrdə təcrid və ləğvedici tədbirlər həyata keçirilməlidir. Zərərverici müşahidə edilən ağaclar üzərində tırtılların əmələ gətirdikləri torlu yuvalar kəsilərək tırtıllarla birlikdə məhv edilməli, ağaclar isə dərhal insektisidlərin biri ilə dərmanlanmalıdır.

Mübarizə tədbirləri dövlət qeydiyyatına alınmış və istifadəsinə icazə verilmiş pestisidlər və bioloji preparatlardan biri ilə aparılmalıdır: diflubenzuron 0.3 l/ha, xlorban (2 l/ha), fastoks (0,2-0,3 l/ha), desis (0,7 l/ha), sumi-alfa (0,5-0,6 l/ha), superkor (0,2-0,4 l/ha), karate (0,2-0,4 l/ha), komprador (1,5-3,0 l/ha) və s. Zərərvericinin hər nəslinə qarşı insektisidlərə həssas kiçik yaşlı tırtılların kütləvi əmələ gəlməsi dövründə dərmanlama aparmaq, daha səmərəlidir. Payızda gövdəətrafı və cərgə aralarında torpaq şumlanmalıdır.

Karantin zərərvericisi əleyhinə karantin, aqrotexniki, mexaniki, bioloji və kimyəvi mübarizə üsullarından sistemli şəkildə istifadə etməklə, yüksək səmərə əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253