SƏNAYE

Fermerlərin üzü güləcək: məhsul almaq və satmaq daha asan oldu
11 SENTYABR
216

Fermerlərin üzü güləcək: məhsul almaq və satmaq daha asan oldu

2018-09-11 10:30:00

Fermerlərin üzləşdikləri ən başlıca problem istehsal etdikləri məhsulları sata bilməmələridir.

Fins.az-ın məlumatına görə, yeni istifadəyə verilmiş aqrar.az saytı da məhz bu sahədə onlara yardım etmək məqsədilə yaradılıb.

Qeyd edək ki, aqrar.az – kənd təsərrüfatı məhsulları istehsalçıları və iri istehlakçılar üçün yaradılmış ilk ixtisaslaşdırılmış saytdır.

Bu ilin mayında istifadəyə verilən saytın yaradılmasında başlıca məqsəd bazar iştirakçıları arasında şəffaf və davamlı əlaqələrin yaradılmasıdır. Yəqin razılaşarsınız ki, fermerə birbaşa zəng etmək çoxsaylı vasitəçilər vasitəsilə məhsul axtarmaqdan daha xoşdur. Beləcə siz istədiyiniz məhsulu birbaşa istehsalçının özündən münasib qiymətə almaq imkanı əldə edirsiniz.

İdeyanın yaranması

Saytın hansı zərurətdən yaranmasını isə ideya müəllifi Yavər Yavərlinin öz dilindən eşidək:

“Hələ məktəbdə oxuyan zaman atamın iş ilə əlaqədar Bakıdan Qubaya köçməli olduq. Burada yaşadığımız müddətdə daim fermerlərin məhsullarını satmaqda çətinlik çəkdiklərini eşitdim. Universitetdə təhsil aldığım vaxtlarda da regionlardan olan tələbələr daim bu barədə danışırdılar. Təhsilimi davam etdirmək üçün ABŞ-a köçədən sonra ancaq fermerlər (kənd təsərrüfatı məhsulları istehsalçıları və iri istehlakçılar) üçün saytın yaradılması barədə ciddi düşünməyə başladım.

Bir yerdə təhsil aldığım dostlarım saytın dizaynının və funksiyalarının hazırlanmasında mənə kömək etdilər. Saytın hazırlanması 2 ilə yaxın vaxt apardı və nəhayət bu ilin mayında onu istifadəyə verdik.

Həmin vaxtdan 4 ay keçib. İstifadəçilərin sayı çox olmasa da, hər gün daha çox insan bu barədə məlumat əldə edir”.

Satıcılarla alıcılar arasında virtual körpü

Əminliklə demək olar ki, aqrar.az saytının yaradılması kənd təsərrüfatının inkişafına dəstək verməklə yanaşı, alıcılarla satıcıları vahid virtual platformada bir araya gətirəcək. Yəni, onlar arasında bir növ körpü rolunu oynayacaq. Bu sayt sayəsində fermerlər öz məhsullarını bazara rahat çıxarmaq imkanı əldə edəcəklər.

Saytda hər şey çox asan və anlaşılandır. Məhsullarını aqrar.az saytı vasitəsilə satmaq istəyən fermerlərdən yalnız bir şey - saytda qeydiyyatdan keçmək və öz məhsullarının şəklini çəkib elan şəklində yerləşdirmək tələb olunur. Onlar burada eyni zamanda məhsul haqqında qısa məlumat verə, onun qiymətini, əlaqə vasitələrinizi yerləşdirə bilərlər.

Alıcılar isə sayta daxil olmaqla oradakı məhsullarla tanış ola, onların müqayisəsini apara və seçdikləri məhsulu əldə edə bilərlər.

Saytda hər iki tərəf – həm alıcılar, həm də istehsalçılar üçün bütün fəaliyyətlər tam pulsuzdur. Fermerin saytda elan verməsi üçün adi mobil telefonunun olması kifayədir ki, məhsulunun şəklini çəkib sayta yerləşdirsin. Beləliklə də fermerlər həm vaxtlarına, həm də əlavə xərclərdən qurtulmaqla pullarına qənaət etmiş olacaqlar.

Satıcılar üçün əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, onlar elanın sayta yerləşdirildiyi müddətdə öz məhsullarının qiymətini dəyişmək imkanına malikdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253