SƏNAYE

Laboratoriyanın baş aqrokimyaçısı: "Mütləq sahələrinizdə torpaq analizi aparın"
04 SENTYABR
122

Laboratoriyanın baş aqrokimyaçısı: "Mütləq sahələrinizdə torpaq analizi aparın"

2018-09-04 10:14:00

"Hazırda Kənd Təsərrüfatı Nazirliyi Göygöl Regional aqrokimya laboratoriyasında makro elementlərin, azotun təyin edilməsi üzrə analizlər aparılır". Bu fikirləri Göygöl Regional aqrokimya laboratoriyası haqqında laboratoriyanın baş aqrokimyaçısı Etibar Məmmədov deyib.

Fins.az xəbər verir ki, ümumilikdə Respublika üzrə 11 bölgədə torpaq və bitkilərin analizi üçün aqrokimya laboratoriyaları quraşdırılıb. Laboratoriyalarda bitkilərin həyatı üçün zəruri olan bütün makro və mikro elementləri, torpağın aqrokimyəvi, bioloji, su-fiziki, hava və istilik xassələrini təyin etmək, torpaq və bitkilərin tərkibində olan ağır metalları, zəhərli maddələri aşkar etmək mümkündür.

Göygöl aqrokimya  laboratoriyasında torpaq, su və bitki analizləri aparılır və alınmış nəticələr əsasında fermer və torpaq sahiblərinə tövsiyələr verilir. Torpaq analizi vasitəsilə ərazinizin gübrə ehtiyacı öyrənilir, əkiləcək bitkinin tələbatları ilə torpaq analizi nəticələri qarşılaşdırılır. Su analizləri nəticəsinə əsasən suvarma suyunun su kateqoriyası məlum olur, yararlı olub-olmaması ortaya çıxır. Bitki analizləri vasitəsilə isə qidalı maddələrin və tətbiq olunmuş gübrə miqdarının ölçüsü səbəbilə yaranan problemləri, bitkinin tərkibindəki elementlərin çoxluğu və ya azlığı təyin oluna bilir.

Fermerlərin müraciəti əsasında mütəxəssislər onun sahəsinə gedir və torpaq nümunələri götürür. Nümunə laboratoriyaya gətirildikdən sonra əgər nəmli olarsa, xüsusi quruducu şkafda 6 saat ərzində qurudulur. Sonra həvəng dəstə ilə döyülərək ələkdən keçirilir. Ələkdən keçirilmiş torpaq nümunəsi üzərində analizlər aparılır. Aparılmış analizlər nəticəsində torpaqda hansı kimyəvi elementin az və ya çox olduğu müəyyən olunur və fermerlərə əkin planlaşdırılması üçün tövsiyələr verilir.

Göygöl aqrokimya  laboratoriyası adından Etibar Məmmədov fermerlərə müraciət edərək  bildirib ki, əgər yüksək, bol və keyfiyyətli  məhsul əldə etmək istəyirsinizsə, mütləq sahələrinizdə torpaq analizi aparın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253