SƏNAYE

“Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlanılıb
08 AVQUST
159

“Qərbi Abşeron” yatağında növbəti quyuda qazma işlərinə başlanılıb

2018-08-08 12:32:00

“SOCAR-AQŞ” MMC “Qərbi Abşeron” yatağının 10 saylı stasionar dəniz özülündən 63 saylı quyuda qazma işlərinə başlayıb.

“SOCAR-AQŞ”dən verilən məlumata görə, 63 saylı quyunun Qırmaki Dəsti-3 (QD-3) horizontuna qazılması planlaşdırılır və layihə dərinliyi 724 metr təşkil edir.  

“Əminik ki, dəyərlərinə daim sadiq qalan “SOCAR-AQŞ” həmişə olduğu kimi, bu və növbəti quyuları da Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verəcək”, – şirkətdən bildirilib.

Sifarişçi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.

Qeyd edək ki, “SOCAR-AQŞ” MMC inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir.

Hazırda “SOCAR-AQŞ” dayazsulu “Günəşli” yatağında yerləşən 7 və 11 saylı, “Qərbi Abşeron” yatağının 10 saylı, “Ümid” yatağının 1 saylı və “Bulla” yatağında 6 saylı Dəniz Stasionar Özüllərində (DSÖ) qazma işləri aparır.

Müəssisə 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. “SOCAR-AQŞ” Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsi üçün ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılıb.

2017-ci ildə “SOCAR-AQŞ” dənizdə neft və qaz quyularının qazılması və quyu təmiri xidmətlərinin göstərilməsi sahəsi üzrə API Spec Q2 Keyfiyyət İdarəetmə Sisteminin tələblərinə əsasən sertifikatlaşdırılıb.

“SOCAR-AQŞ”nin səhmdarları SOCAR və “Nobel Oil Services” şirkətləridir. (Report.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259