SƏNAYE

“SOCAR Polymer” rəsmisi: Bazarda rəqabəti artıracağıq
08 AVQUST
258

“SOCAR Polymer” rəsmisi: Bazarda rəqabəti artıracağıq

2018-08-08 11:58:00

Xəbər verildiyi kimi, iyulun 18-də Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən “Polipropilen Zavodu”nun açılışı olub.

Zavodda üç növdə (homopolimer, random polimerlər, zərbəyədavamlı ko-polimer) polipropilen məhsulunun istehsalı aparılacaq. Nəzərə çatdıraq ki, zavodun istehsal gücü ildə 184 min ton nəzərdə tutulub. Müəssisənin xammal təminatçısı “Azərkimya” İstehsal Birliyidir.

Polipropilen məhsulunun istehsal prosesi, ixrac potensialı, yerli bazardakı satışı və başqa mövzularda sualları “SOCAR Polymer”in planlama şöbəsinin rəhbəri Vüqar Aslanov cavablandırıb.  

– “SOCAR Polymer”ə daxil olan hər iki zavodun – “Polipropilen” və “Yüksəksıxlıqlı Polietilen” zavodlarının istehsalı üçün əsas xammal rolunu hansı məhsullar oynayacaq?

– Polipropilen propilenden istehsal olunur. Propilen isə naftadan istehsal edilir. Nafta neftin fraksiyalarının birindən alınan məhsuldur. Yüksək sıxlıqlı polietilenin istehsalında isə xammal rolunu etilen oynayır. 

İstehsal prosesində xaricdən də müəyyən kimyəvi vasitələr alırıq. Ümumilikdə zavod 125 çeşiddə marka istehsal edəcək. İstehsal prosesi zəncirvari aparılır. 

Belə ki, xammal Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan “Azərikimya” İstehsalat Birliyinə daxil olur, oradan da “Polipropilen Zavodu”na ötürülür. Zavod tam gücü ilə işlədikdə xammal kimi “Azərikimya” İB-dən saatda 23 ton propilen alınacaq. 

– Belə anladıq ki, zavod istehsal prosesində təkcə yerli deyil, idxal məhsuldan da istifadə edəcək...

– Əsas xammal yerli məhsuldur. Qeyd etdiyim kimi, müəyyən kimyavi qatqılar və katalizatorlar xaricdən alınacaq. 

– Dünya plastik sənayesinin təxminən 2/3 hissəsi polietilen və polipropilenin payına düşür. Sektorda kifayət qədər ciddi rəqiblər var. “SOCAR Polymer” bazarda hansı rolu oynamaq istəyir? 

– Hazırda Azərbaycan yerli bazarda o qədər də yüksək tələbatı olmayan aşağısıxlıqlı polietilen ixrac, əvəzində isə yüksəksıxlıqlı polietilen və polipropilen idxal edir.

Ümumiyyətlə, polipropilen, eləcə də, yüksəksıxlıqlı polietilenə dünya bazarında böyük tələbat var. Hətta xammala malik olmayan ölkələr var ki, bu məhsulların istehsalını aparırlar. “SOCAR Polymer”in “Polipropilen Zavodu”nun istifadəyə verilməsi həmin bazarda rəqabət yaradacaq. 

– Yəni Azərbaycan məhsulu daha ucuz olacaq? 

– Yerli bazar üçün bəli. Xammalı olmayan ölkələrdə bu məhsulların maya dəyəri bizdən yüksəkdir. Region üzrə mövqeyimiz də üstündür. Gələcəkdə strategiyaya uyğun olaraq istehsalı artıracağıq. 

Yəni 2019-cu ildə gözlənilən 184 min ton istehsal həcmindən 2022-2023-cü illərdə istehsalı 200-210 min tona yüksəldiləcək. Təbii, bunun üçün zavodda müəyyən modernizasiyalar aparılacaq. 
Belə ki, xammal təchizatı çoxalacaq. Bununla, istehsal gücümüzə görə regionda lider olacağıq.

Region dedikdə, Qafqazı nəzərdə tuturam. Bu sıraya Türkiyəni də əlavə etmək olar. SOCAR-ın bir hissəsi olan “Petkim” zavodu ildə 144 min ton məhsul istehsal edir. Biz istehsalı 200-210 min tona qaldırsaq, bu sahədə birinci olacağıq. 

– Qiymətlərdən başqa, “Polipropilen Zavodu”nun məhsullarının başqa bir rəqabət göstəricisi olacaqmı? 

– Keyfiyyət. Bizim zavodların məhsullarında keyfiyyət yüksək səviyyədə təmin edilib. Dünyada mütəmadi olaraq təkmilləşən texnologiyalara sahib olan, patent sahibləri və ya lisenziar kimi tanınan bir sıra şirkətlər var. 

Bunlardan “LyondellBasell” və “Ineos” şirkətləri “SOCAR Polymer”in müvafiq olaraq polipropilen və yüksəksıxlıqlı polietilen üzrə lisenziarlarıdır. Bu əməkdaşlıq nəticəsində “SOCAR Polymer” ən yüksək beynəlxalq standartlara cavab verən məhsullar istehsal etməyi planlaşdırır. Bir məqamı da vurğulayım ki, dünyada lisenziarlı məhsullar çox deyil.

– Verilən açıqlamalara əsasən, zavodun məhsullarının 70 faizi ixraca, 30 faizi daxili istehlaka yönəldiləcək. Hansı ölkələrə ixrac planlaşdırılır?

– “SOCAR Polymer” bu gün əsas istiqamət kimi Türkiyə bazarını götürüb. Bu yöndə danışıqlar yekunlaşmaq üzrədir. Digər bazar isə Avropa və Çin olacaq. Qeyd edə bilərəm ki, artıq Cənubi Amerika və Yaponiya kimi ölkələr də məhsullara maraq göstərir.

– Regionda bu sahədə kifayət qədər güclü rəqib olan Rusiya da var. Amma Rusiya həm də Azərbaycan ixracatında böyük paya malikdir. Rusiya ilə bu yöndə münasibətlər necə tənzimlənəcək? 

– Hazırda Rusiya bazarı ilə bağlı araşdırma gedir. Hələlik fikir söyləmək tezdir. Bildiyiniz kimi, onlarda böyük müəssisələr var, eləcə də, yeni zavodlar inşa edilir. Ən əsası, Rusiya da eyni lisenziardan istifadə etməklə eyni məhsulların istehsalını aparacaq. 

Düzdür, Rusiyanın bu məhsullara tələbatı böyükdür. Ancaq bildirdiyim kimi, “SOCAR Polymer”in əsas istiqaməti Türkiyə bazarıdır. 

– Maraqlıdır, “SOCAR Polymer” tərəfindən ixrac qiymətləri müəyyən edilibmi?

– Bu istiqamətdə işlər gedir. Yaxınlarda məhsulların satış qiymətləri müəyyən olunacaq. Əlbəttə, yerli bazara istehlakçıları razı salacaq qiymətlər təklif ediləcək. Onlar məhsulu idxal etməkdənsə, “SOCAR Polymer”dən satın almağa razı olacaqlar. Bu gün istehlakçı şirkətlər loqistika xərclərindən və zaman itkisindən şikayət edirlər. Bunları nəzərə aldıqda bizim qiymətlər onlara sərf edəcək. 

– Sirr deyilsə, yerli bazarın tələbatı nə qədərdir? Bu yöndə bazar araşdırması varmı? 

– Bir neçə gün əvvəl “SOCAR Polymer”, İqtisadiyyat Nazirliyi və yerli istehsalçıların birgə iştirakı ilə görüş keçirildi. Orada on səkkizə yaxın memorandum imzalandı. Həmin memorandumlara əsasən, “SOCAR Polymer” yerli istehsalçıları məhsulla təhciz edəcək. 

Ümumi götürdükdə 50-55 min ton yerli tələbat var. Əgər yerli bazarda tələbat çox olarsa, “Polipropilen Zavodu” istehsalçıları təhciz etməyə hazırdır. Bundan əlavə, istehsalçılara məhsul çeşidi ilə bağlı texniki təkliflərini göndərmələrini bildirmişik.

Qeyd etdiyim kimi, zavodun lisenziyası 125 çeşid məhsul istehsalına imkan verir. Lakin istehsalçılar elə markalar istəyə bilərlər ki, onlar bizdə olmaya bilər. Ümumilikdə, bazarı bir çox markalarla təmin edə biləcəyik.

– Yerli istehsala yönəldiləcək məhsullarla ixraca istiqamətləndiriləcək məhsulların keyfiyyəti, eləcə də, çeşidlərində fərqlər olacaqmı? 

– Xeyr. Məhsullar eyni olacaq. Çünki istehsal prosesi eynidir və keyfiyyət sertifikatı ümumi məhsula veriləcək.

– Zavodda üç növ məhsulun istehsalı aparılacaq: homopolimer, random polimer,  zərbəyədavamlı ko-polimer. Sənayenin müvafiq sahələrində hər üç məhsula tələbat hansı səviyyədədir?

– Homopolimer universal markalardan hesab edilir. Bu məhsul həm qida, həm də yüngül sənayedə (müxtəlif qablaşdırmalar), random polimerlər isə tibb sənayesində istifadə olunan avadanlıqlar və bəzi şprislərin istehsalında həmçinin ev məişətində istifadə edilən boruların istehsalında, zərbəyədavamlı ko-polimerlər daha yüksək sıxlığa, möhkəmliyə malik avtomobil və digər sənaye sahələrində istifadə olunur (plastik qapaqların istehsalı).

Araşdırmalar göstərir ki, random polimerlər və zərbəyədavamlı ko-polimerlərin marjası daha yüksəkdir. Lakin daimi tərəfdaş cəlb etmək müəyyən zaman alır. Şirkətlər bunun üçün “SOCAR Polymer”in məhsullarının keyfiyyətini tanımalı, istehsal prosesinin davamlı olacağını bilməlidirlər. 

Ümumilikdə isə bu yöndə dəqiq fikir söyləmək çətindir. Çünki altı aylıq istehsal planımızda, əsasən, homopolimer istehsalını nəzərdə tutmuşuq. Səbəb zavodun yeni olmasıdır. Hazırda xarici təlimçilər işçilərimizə təlim keçirlər. Qeyd etdiyim müddət ərzində tam hazır olduqdan sonra random polimerlər və zərbəyədavamlı ko-polimerlərin  istehsalına başlayacağıq. 

– Dünyada polimerlər arasında istehlak həcminə görə polietilen 37%, polipropilen isə 26% daha çoxdur. “SOCAR Polymer”ə daxil olan “YüksəkSıxlıqlı Polietilen” zavodunun daha rentabelli olacağını söyləmək olarmı? 

– “Yüksək Sıxlıqlı Polietilen” zavodunda istehsal 2019-cu ilin ikinci rübündən başlayacaq. Xarici bazarlar kimi Türkiyə, Çin, Şərqi Avropa ölkələri götürülüb. 

– Hər iki zavodun iş yerləri baxımından iqtisadiyyata töhfəsi necə olacaq?

– “Polipropilen Zavodu”nun illik 184 min ton məhsul istehsal etməsi üçün zavodda 500 nəfərin işlə təmin edilməsi nəzərdə tutulub. Ancaq zavodun xammalını alıb istesal edəcək şirkətlər 70-80 faiz çox insan resursu cəlb edəcəklər. (Oxu.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9117
  • ₽ RUB
    0.0251