SƏNAYE

Azəri-Çıraq-Günəşli”-dən hasilat artıb
01 AVQUST
188

Azəri-Çıraq-Günəşli”-dən hasilat artıb

2018-08-01 17:02:00

2018-ci ilin I yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan gündə orta hesabla 596 min barel və ya ümumilikdə təqribən 108 mln. barel, yəni 15 mln. ton neft hasil olunub.

Bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə I yarımilliklə bağlı yaydığı hesabatda qeyd edilib.

2017-ci ilin I yarısında isə AÇG-dən hasilat ümumilikdə 106 mln. bareldən artıq, yəni 14 mln. tondan artıq təşkil edib.

Qeyd edilib ki, AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. “Çıraq” platformasından 49 min barel, “Mərkəzi Azəri” platformasından 158 min barel, “Qərbi Azəri” platformasından 127 min barel, “Şərqi Azəri” platformasından 96 min barel, “Dərinsulu Günəşli” platformasından 107 min barel və “Qərbi Çıraq” platformasından 59 min barel gündəlik hasil olub.

İyun ayının sonunda AÇG-də ümumilikdə 116 neft hasilat quyusu və 53 qaz və su injektor quyusu istismarda olub.

İki rüb ərzində AÇG-də 6 neft hasilat quyusu və 2 su injektor quyusu qazılıb.

Xatırladaq ki, AÇG yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb.

2017-ci il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş oktyabrın 31-də Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub. Yeni saziş yatağın 2050-ci ilədək işlənməsini nəzərdə tutur.

Yeni müqavilədə tərəfdaşların pay bölgüsü bu nisbətdədir: BP - 30,37%, AzACG (SOCAR) - 25,00%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Equinor" - 7,27%, "ExxonMobil" - 6,79%, TPAO - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31%.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259