SƏNAYE

Deməli, torpaqdan dolanmaq olur...
01 AVQUST
109

Deməli, torpaqdan dolanmaq olur...

2018-08-01 11:57:00

Əsədov Bəybala Əsədulla oğlu. 1947-ci ildə Masallının Gəyəçöl kəndində anadan olub. İxtisasca aqronomdur, sovet dövrü kolxozda briqadir işləyib.  Sovet rejimi dağılandan sonra 2 hektarlıq kicik təsərrüfat yaradaraq tərəvəzçilik sahəsinə könül verib. Bu həftə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC 71 yaşlı fermeri çətin vəziyyətdən qurtardı. Məhsul sahədə qalıb xarab olduğu üçün ASC tərəfindən tədarük olunaraq Lənkəran rayonundakı emal zavoduna təhvil verildi. “Bu il 3 hektarda pomidor əkmişdim, amma məhsulun hamısını yerbəyer edə bilmədik. ASC-yə müraciət etdik ki, bizə kömək etsinlər. Sağ olsunlar, dərhal sahəyə gəldilər. Hazırda sahədən məhsulu yığıb konserv zavoduna daşıyırlar. Bizi ziyana düşməkdən qorudular, bu addım bizi xeyli ruhlandırdı”. Onunla sahədə söhbətləşdik:
- Əvvəldən  pomidor əkirəm. 30 nəfər burda işçim var. Bu il  1 hektar  kələm də əkmişdim. 6 -  7 kənd ərazi nümayəndəliyi məndən şitil alıb apardı. Qoyduğum  mayanı şitildən çıxardım. Noxud da əkmişdim, həm Pakistan sortu, həm də yerli sort. 
- Fəhləyə nə verirsən? 
- Bu dəqiqə fəhlələr işləyirlər, gününə 10 - 12 manat verirəm. Ona görə edirəm ki, maddi maraq yaransın  insanlarda,  zəhmətə alışsınlar. Satış da çox gözəl gedir, mayamızı çıxartmışıq.
- Sahədən satdığınız pomidor neçəyədir? 
- Elə yolun qırağına qoyub satırıq, 1 kq 25 qəpik. Sahədən o qiymətə veririk, amma bazarda 70-80 qəpikdir. Keçən il pomidor baha idi, bu il hamı əkdi deyə məhsul boldu. Demirik sata bilməmişik, bahadı, ucuzdu.  Biz mayanı çoxdan çıxarmışıq, indi xeyirə işləyirik. Xeyirə işləməsək mən indi burda pomidora yay şumu vurduraram? Əgər xeyir olmasa, pul qalmasa mənə nə düşüb?
- Sahədə yay şumu gedir, əhəmiyyəti nədir? 
- Yay şumu ən azı 50 sm vurulmalıdır. Həm torpaqda qida maddələri yaradır, həm də ziyanvericilərin toxumlarını çevirib öldürür. Qışlama dövrü üçün münbitliyi artırır. Birinci şum dərin vurularsa ikinci şum 25 – 30 sm vurulur. Həmin münbitliyi sən orda qoruyub saxlayırsan. Sonra ona mala vurur, “quzu” verirsən,  sonra əkin üçün hazırlıq işləri görürsən. 
- Niyə taxıl əkmirsən? 
- Elələri var ki, məhsulu əkib gedib oturur evdə. Rayonun başçısı bizə neçə dəfə qüsur tutub ki, əkinə qoyulan xərclə qazanc eyni çıxır. Xüsusən taxılçılıqda. Hektara 200 manat qoyur, bir ildən sonra onu da götürür. Taxıl sərf eləmir. Rayonda taxılı hamı əkir heç nə də götürə bilmirlər. Tərəvəzçilik  yaxşıdı. Məsələn, deyim hesabla, mən noxudu almışdım kiloqramı 3 manat 20 qəpiyə. 100 kq noxuda pul vermişdim, onun şumunu və digər xərcləri də nəzərə alsaq olsun 200 manat. Amma hektardan 4,5 ton götürmüşəm. Nə qədər eləyir? 8000 manat. Bunun 3000 manatını sair xərclərə çıxıram, yerdə qalır 5000. Qardaş, ilin günün bu vaxtı.  5000-i kim gətirib sənə verir?
- Deməli, torpaqdan dolanmaq olur...
- Camaatımız firavan dolanır. Mən 220 manat pensiya alıram, 175 manat da arvad alır. 9 övladım var. 7 qızım, 2 oğlum. Qızlarıda köçürmüşəm, oğlanlarda evlidi. Biri ustadı köçüb Bakıya, orada  işləyir. “Qara Qarayev”də telefon ustasıdır. Yeganə axırıncı oğlum idi Masallıda yaşayan onu gücnən dartıb apardılar şəhərə.

“Aqrobiznes” 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251