SƏNAYE

Baş nazir: TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir
31 İYUL
76

Baş nazir: TAP İtaliyanın enerji təchizatı üçün strateji layihədir

2018-07-31 10:56:00

Transadriatik boru kəməri (TAP) İtaliyanın enerji təchizatı üçün strateji layihədir. Bu fikri ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda birgə mətbuat konfransı zamanı İtaliyanın Baş naziri Cuzeppe Konte deyib.

İtaliyanın Baş naziri qeyd edib ki, bu məsələni ABŞ Prezidenti D.Trampla müzakirə edib və İtaliya hökuməti tam əmindir ki, bu, İtaliya, Cənubi Avropa və Aralıq dənzi ərazilərinin enerji təchizatı üçün strateji layihədir.

C.Konte bildirib: "Biz gözəl anlayırıq ki, TAP enerji sisteminin yenilənməsinə və bizim proqramın əsas hissəsi olan kömür istifadəsinin azalmasına müsbər təsir göstərəcək.

TAP Türkiyə-Yunanıstan sərhədində birbaşa TANAP-la birləşəcək və Yunanıstan, Albaniya ərazilərindən, həmçinin Adriatik dənizindən keçərək təbii qazı Cənubi İtaliyaya nəql edəcək. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu təşkil etdiyi üçün TAP-ın Avropa Birliyinin enerji təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinə görə strateji məqsədlərində əsas rol oynayacağı gözlənilir. Bundan əlavə, TAP lazımi təqdirdə təbii qazın Cənub-Şərqi Avropaya yönəltmək üçün texniki imkanlara malik olacaq. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan respublikaları arasında “Hökümətlərarası Saziş” 2013-cü ilin fevral ayında imzalanıb. TAP-ın təməlqoyma mərasimi 17 may 2016-cı il tarixində keçirilib. Boru kəmərinin uzunluğu 878 km təşkil edəcək və fəaliyyətə başlaması 2020-ci ildə gözlənilir. İlkin nəql qabiliyyəti 10 milyard kubmetr olacaq (illik 20 milyard kubmetrə kimi artırıla bilər).

TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir. TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km-dir. TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253