SƏNAYE

Kənd Təsərrüfatı Nazirliyinə məsləhətçi təyin olunan George Beers KİMDİR?
30 İYUL
365

Kənd Təsərrüfatı Nazirliyinə məsləhətçi təyin olunan George Beers KİMDİR?

2018-07-30 17:38:00

Dünyada kənd təsərrüfatı sahəsində araşdırma və tədqiqatlarına görə böyük nüfuza və təcrübəyə malik olan, Azərbaycanda kənd təsərrüfatının strateji inkişafı üzrə ilkin layihə həyata keçirmiş Wageningen İqtisadi Tədqiqatlar Universitetinin (Niderland) əməkdaşı George Beers Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi təyin olunub. Bu barədə Nazirlikdən məlumat verilib.

Bu gün adı çəkilən şəxs Mərkəzin kollektivinə təqdim edilib. George Beersin məsləhətçi təyin olunmasında məqsəd Mərkəzin təşkilati strukturunun, strateji fəaliyyət istiqamətlərinin, prinsiplərinin və əhatə dairəsinin, habelə tətbiq ediləcək texnoloji innovasiyaların müasir tələblərə və inkişaf etmiş ölkələrin qabaqcıl təcrübələrinə uyğun müəyyənləşdirilməsini, məlumatların toplanması və təhlili üçün metodologiyanın hazırlanmasını sürətləndirməkdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin 22 may tarixli Fərmanına əsasən, Aqrar Tədqiqatlar Mərkəzi aqrar sahədə təhlil, qiymətləndirmə və proqnozlaşdırmanın aparılması, aqrar-sənaye kompleksi üzrə müxtəlif xidmətlərin, o cümlədən dövlət sifarişlərinin yerinə yetirilməsi, kənd təsərrüfatının inkişafı ilə bağlı məlumat bazasının yaradılması, proqram və layihələrin hazırlanması, sahənin strateji planlaşdırılmasının və innovativ inkişafının təmin edilməsi üzrə fəaliyyətləri həyata keçirəcək. Bu işlərə dəstək verilməsi məqsədilə Mərkəzə beynəlxalq məsləhətçinin dəvət olunması məqsədəuyğun hesab edilmiş və Kənd Təsərrüfatı Nazirliyi nümayəndə heyətinin Niderland Krallığına son səfəri zamanı müvafiq araşdırma aparılıb. Nazirin innovasiyalar üzrə müşaviri Şəbnəm Məmmədova, eksperimental pilot layihələr üzrə məsləhətçisi Martis van Splanter, Aqrar Elm və İnformasiya Mərkəzinin baş direktoru Vüqar Babayev, Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov Niderland Krallığına səfər çərçivəsində Wageningen Universitetində müxtəlif görüşlər keçirib, bu istiqamət üzrə qabaqcıl metodlar ilə tanış olublar. Aparılan danışıqlar nəticəsində George Beersin Aqrar Tədqiqatlar Mərkəzinə beynəlxalq məsləhətçi qismində dəvət olunması uyğun görülüb.

Qeyd edək ki, George Beers Niderland Kənd Təsərrüfatı Nazirliyində “Yaşıl Elm Korporasiyası”nın təşəbbüskarı və rəhbəri olub. Türkiyə, Səudiyyə Ərəbistanı və Misirdə həyata keçirilən kənd təsərrüfatı layihələrinə rəhbərlik edib, Avropa Birliyinin kənd təsərrüfatı siyasətini müəyyənləşdirən proqramların hazırlanmasında aktiv iştirak edib. Wageningen Universitetinin bitki mühafizə mühəndisliyi fakültəsini bitirib, Rotterdam Menecment Məktəbində idarəetmə ixtisası üzrə PhD dərəcəsi alıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259