SƏNAYE

Bərdədə mal-qaranın cins tərkibi yaxşılaşdırılır
23 İYUL
84

Bərdədə mal-qaranın cins tərkibi yaxşılaşdırılır

2018-07-23 11:08:00

Bərdə rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, 2018-ci il iyulun 1-i vəziyyətinə rayon üzrə 95 min 911 baş iribuynuzlu mal-qara, o cümlədən 43 min 186 baş inək və camış, 144 min 915 baş qoyun və keçi olub. 2018-ci ilin birinci yarısında 9,4 min ton ət, 39,5 min ton süd, 15,4 milyon ədəd yumurta istehsal edilib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3,7 faiz, süd istehsalı 3 faiz, yumurta istehsalı 2,5 faiz artıb.

Heyvandarlıq məhsulları istehsalının artmasında heyvanların baş sayının artımı ilə yanaşı, damazlıq işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, müasir heyvandarlıq komplekslərinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması mühüm rol oynayır. Son 5 ildə rayona 4 min başdan çox “Holştein-friz” və “Simmental” cinslərindən olan damazlıq heyvanlar gətirilərək güzəştli şərtlərlə fermer və sahibkarlara verilib.

Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması da uğurla davam etdirilir. Cari ilin altı ayı ərzində 3930 baş inək və düyə süni yolla mayalandırılıb, 2221 baş sağlam cins buzov doğulub. Mayalanma zamanı əsasən “Holştein-friz” və “Simmental” cinslərindən olan buğaların toxumları istifadə edilir.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256