SƏNAYE

Azərbaycanın üç rayon və bir şəhərində logistika və ticarət mərkəzi yaradılacaq
19 İYUL
276

Azərbaycanın üç rayon və bir şəhərində logistika və ticarət mərkəzi yaradılacaq

2018-07-19 19:13:00

2017-ci ildə “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 60 faizi tam icra edilib, 27 faizi qismən icra edilib, 13 faizi isə icra edilməyib.

Bu barədə ““Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.

Sənəddə qeyd edilib ki, ötən ilin oktyabrın 30-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin təntənəli açılış mərasimi keçirilib: "Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti ilə yüklərin tədricən daşınmasına başlanılıb. Belə ki, Qazaxıstandan göndərilən qatar Türkiyənin Mersin limanına çatıb, blok qatar limanda yüklənərək həmin istiqamətdə geri göndərilib, daha sonra isə ikinci yük qatarı Qazaxıstandan yola salınıb. Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi məqsədilə müxtəlif iqtisadi fəaliyyət sektorları üzrə məlumatlar toplanılıb və növbəti 5 il üzrə ümumi idxal-ixrac proqnozlaşdırılıb. Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı kompleksi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması məqsədilə üç əsas layihə üzrə işlərin gedişatının (tərəfdaş ölkələrdəki işlər daxil olmaqla) izlənilməsi üzrə xüsusi monitorinq sisteminin yaradılması ilə bağlı təkliflər hazırlanıb. Logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi istiqamətində logistika sahəsində həcm və dəyər artımı baxımından irəliləyişə nail olmaqda qarşıya çıxan əsas çatışmazlıqların müəyyən edilməsi məqsədilə xarici ekspertlərlə əməkdaşlıq qurmaq üçün Asiya İnkişaf Bankının eksperti ilə görüş keçirilib. Bu istiqamətdə, eləcə də çatışmazlıqların müəyyən edilməsinə dair ekspert tərəfindən hazırlanmış tövsiyələr təhlil edilib, mövcud çatışmazlıqlar və onların aradan qaldırılmasına dair növbəti illər üzrə müvafiq tədbirlər planları hazırlanıb".

Sənəddə qeyd olunub ki, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanının ərazisinin daxil olduğu azad ticarət zonasının hüquqi rejiminin hazırlanması məqsədilə İqtisadiyyat Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “DP World” arasında imzalanmış üçtərəfli müqaviləyə əsasən müvafiq qanun layihəsi hazırlanıb. Ticarətyönümlü emal mərkəzinin yaradılması məqsədilə Ələt Azad Ticarət Zonasının texniki-iqtisadi əsaslandırılması hazırlanıb. Eyni zamanda, beynəlxalq məsləhətçi şirkətlə birlikdə Ələt Azad Ticarət Zonasının GZİT təhlili aparılıb, əlverişli coğrafi mövqedə yerləşməsi, geniş iqtisadi imkanların –1000 km məsafədə olan böyük bazarlara yaxınlığı, Şərq – Qərb və Şimal – Cənub yük daşınması axınlarının kəsişmə nöqtəsində yerləşməsinin yaratdığı üstünlüklər ətraflı şəkildə təqdimatda göstərilib.

Hesabatda vurğulanıb ki, Bakıda və ölkənin müxtəlif yerlərində logistika və ticarət mərkəzlərinin yaradılmasına dair məlumatlar əsasında Astara, Xaçmaz, Qazax rayonu və Yevlax şəhərində logistika və ticarət mərkəzlərinin yaradılması ilə bağlı təkliflər hazırlanıb.

"Bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması və onların idarəolunma mexanizminin müəyyən edilməsi istiqamətində Qazaxıstan, Belarus, Türkiyə və Almaniyanın təcrübələri araşdırılıb. Heydər Əliyev Beynəlxalq Hava Limanı logistika qovşağının yaradılması istiqamətində bir sıra tədbirlər icra edilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında “Terminal 1” yeni aerovağzal kompleksi istismara verilib. 2017-ci ildə 12 yeni xarici aviaşirkət uçuşları həyata keçirməyə başlayıb. “Buta Airways” şirkəti yaradılıb və 2017-ci il sentyabr ayından ilk aşağıbüdcəli uçuşların təşkilinə başlanıb. Aviadaşımalar sahəsində fəaliyyət göstərən şirkətlərin səmərəliliyinin artırılması ilə bağlı təkliflər irəli sürülüb. Yalama-Astara dəmiryol xəttinin Sumqayıt-Yalama hissəsinin texniki iqtisadi əsaslandırılması hazırlanıb. Özəl sektorun dəniz nəqliyyatının inkişaf etdirilməsində rolu araşdırılıb və maye yük daşımaları, quru yük daşımaları, vaqon və avtotexnika daşımalarının hər biri ayrı-ayrılıqda təhlil olunub", - deyə hesabatda vurğulanıb. 

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9383
  • ₽ RUB
    0.0251