SƏNAYE

Yevlax HESABAT verdi
19 İYUL
93

Yevlax HESABAT verdi

2018-07-19 15:16:00

2018-ci ilin birinci yarısında Yevlax rayonunda ümumi daxili məhsulun (ÜDM) həcmi 340,7 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 17,6 milyon manat və yaxud 5,4 faiz çoxdur. ÜDM-in 6 milyon manatını sənaye, 48,3 milyon manatını kənd təsərrüfatı, 30,1 milyon manatını tikinti təşkil edib. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 36 milyon 628 min manat olub.

Bu faktlar Yevlax rayonunda 2018-ci ilin altı ayının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirilib. Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun məruzəsində bildirilib ki, hesabat dövründə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Bu dövrdə Kür çayı üzərində dəmir yolu körpüsünün, Aran qəsəbəsində Ailə-Sağlamlıq Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Mingəçevir şəhəri-Bəhrəmtəpə avtomobil yolunun Yevlax rayonundan keçən Aran qəsəbəsi-Yevlax Bərdə yolunadək olan hissəsi və Bakı-Ələt-Qazax avtomobil yolu üzərindəki körpü istifadəyə verilib. Rayonun 12 kəndində meliorasiya işləri davam etdirilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu hotelin, 12 saylı Ərazi Vergilər Departamentinin, 60 yerlik körpələr evi-uşaq bağçasının, doqquzmərtəbəli 45 mənzilli yaşayış binasının, Qoyunbinəsi-Hacımahmudlu-Qaramanlı kəndlərarası avtomobil yolunun tikintisi aparılır. 2 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmir edilir. Yevlax şəhərinin Füzuli və Pişəvəri küçələrində əsaslı təmir işləri aparılır. 2018-ci ildə Yevlax şəhərində 11 yaşayış binasının dam örtüyünün əsaslı təmir olunması nəzərdə tutulub. Artıq 3 binanın dam örtüyü əsaslı təmir edilib. 3 ədəd 5 mərtəbəli yaşayış binalarının fasadlarında təmir işlərinə başlanılıb.

Yığıncaqda aqrar sahədə görülən işlərdən bəhs edilərkən bildirilib ki, əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi məqsədilə 157 kilometr suvarma kanalı mexanizmlərlə lildən təmizlənib. 2 nasos stansiyasında təmir və bərpa işləri aparılıb, 4000 metr beton kanallar, həmçinin nasos stansiyalara xidmət edən 2 kilometr təzyiqli boru kəmərləri və 146 metr beton kanal təmir edilib.

Hesabat dövründə keçən illə müqayisədə 5420 kiloqram çox olmaqla, 11 ton barama istehsal olunub. Hazırda 2500 hektar pambıq əkinlərində becərmə işləri aparılır.

Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər təhlil edilib, uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.

Eləcə də bax: Bu il istifadəyə verilən obyektlərin SİYAHISI açıqlanıb

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254