SƏNAYE

“Xırmana girməyincə taxıl sənin deyil”
02 İYUL
113

“Xırmana girməyincə taxıl sənin deyil”

2018-07-02 09:56:00

Son qış quraq keçməsi ilə əvvəlkilərdən kəskin şəkildə fərqləndi. Sonradan baharın da ilk aylarının az yağmurlu, yaya keçid dövründə isə dolu ilə müşahidə olunan aramsız yağan leysan yağışları təsərrüfatlara ciddi  ziyan vurdu.

Beləliklə, aqrar sektorun bütün sahələri təbiətin ərköyünlüyündən bu və ya digər dərəcədə “nəsibini” aldı. Meyvəçilikdən tutmuş baramaçılığa, taxılçılığa kimi hər sahədə məhsuldarlıqla bağlı əvvəldən verilən proqnozlar şübhə altına düşdü.

Bəs mürəkkəb relyefi ilə yanaşı, eyni zamanda, fərqli iqlim qurşağına malik İsmayıllıda əkin-biçin və ümumilikdə məhsuldarlıqla bağlı vəziyyət necədir? Müsahibimiz İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənovdur. Onunla rayonun ən iri təsərrüfatlarından olan Nikitin adına kolxoza yollanırıq. O, yolüstü aqrar sektorun, xüsusən də taxılçılığın vəziyyətini şərh etdi. Dedi ki, İsmayıllının 207 min 372 hektar torpaq sahəsindən 113 min 973 hektarı kənd təsərrüfatına aiddır. Bunun 32 min 914 hektarı əkin, 1800 hektarı çoxillik əkinlər, 351 hektarı dincə qoyulmuş, 2427 hektarı biçənək, 50 min 895 hektarı örüş, 25 min 586 hektarı yay otlaq sahəsindən ibarətdir.

Cari ilin məhsulu üçün  2017-ci ilin payızında  29 min  730 hektarda  şum çıxarılıb. 21 min 650,5 hektar buğda, 6930 hektar arpa, 161 hektar çovdar olmaqla 28 min 741,5 hektar sahədə səpin aparılıb. Bu da keçən illə müqayisədə 435 hektar çoxdur. 2 min  tondan çox  fosforlu gübrə gətirilərək istehsalçılara satılıb. Payızlıq əkinlərə yemləmə gübrəsinin verilməsi üçün “Aqroservis” rayon filialı və  “Aqrokimya” MMC tərəfindən   1730 ton azotlu gübrə, 3548 kiloqram çeşidli herbisid gətirilib. Həmin məhsullar istehsalçılara 70 faiz güzəştlə satılıb. H.Həsənovun sözlərinə görə, aparılan aqrotexniki tədbirlərin nəticəsidir ki, sahələrdən bol məhsul gözlənilir.

Öyrəndik ki, iyun ayının 2-si və 18-ində  baş vermiş leysan yağışları, həmçinin dolu nəticəsində rayonun ümumi əkin sahəsinin 4550 hektardan çox hissəsinə ziyan dəyib. Bundan əlavə, 10 hektardan çox taxıl sahəsini sel məhv edib: “Buna baxmayaraq, payızlıq dənli bitkilərin əkin sahələrindən orta hesabla 32 sentnerdən çox məhsul gözlənilir. Rayonun ən böyük taxılçılıq təsərrüfatları olan və rayonun aran zonasında yerləşən Qubaxəlilli, Kəlbənd, Gəraybəyli, Zərnava, Mollaisaqlı və  Kürdmaşı  kəndlərində biçin başlanıb”.

Rayonda  fəaliyyət göstərən 5 toxumçuluq təsərrüfatının 562 hektar əkin sahəsində aprobasiya aparılıb. Həmin toxumluq sahələrinin hər hektarından təxminən 35-45 sentner arası məhsul gözlənilir ki, bu da rayonun toxuma olan tələbatının 20-30 faizini ödəyir.

Ölkəmizdə yeganə kollektiv təsərrüfat olan İvanovka kəndində Nikitin adına kolxozun sədri Vasiliy Novoseltsevlə görüşüb söhbət etdik. Müsahibimiz bildirdi ki, bu ilin məhsulu üçün ümumilikdə 3 min 28 hektarda taxıl əkiblər. Onun 1000 hektarı arpa, qalanı buğdadır. Biçinə iyunun 22-dən başlanıb. Hazırda arpa biçilir. 154 hektardan 360 ton məhsul toplanıb. Orta məhsuldarlıq hələlik 24-26 sentnerdir. Hazırda sahədə 4 kombayn işləyir. Biçinin qızğın dövründə 18 kombayn lazım gələcək.

Biçin sahəsində kolxoz sədri bizi 82 yaşlı Qriqori Matveyeviç Minnikovla tanış etdi.  Qriqori Matveyev 1964-cü ildən kombaynda işləyir. Əvvəl sıravi kolxozçu olub. Ötən illər ərzində uğurlarla yanaşı, çətinlikləri də az olmayıb. Onun öhdəsindən gəlməyi bacarıb. Hazırda işindən də məmnundur, dolanışığından da.

81 yaşlı Mixail Matveyeviç Panin isə qaynaqçı-sürücüdür. Deyir ki, valideynləri də bu kolxozun inkişafı üçün çalışıb. O, 1954-cü ildən əmək fəaliyyətinə başlayıb. Son 30 ildən isə hazırkı işindədir.

“Azərbaycan” qəzeti

Eləcə də bax: Bakıda yaradılan bu aqroparkda 3500 nəfər işləyə biləcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256