SƏNAYE

Azərbaycanda südlük Avropa keçilərinin saxlandığı yeganə fermadan REPORTAJ - FOTOLAR
20 İYUN
387

Azərbaycanda südlük Avropa keçilərinin saxlandığı yeganə fermadan REPORTAJ - FOTOLAR

2018-06-20 12:36:00

Ağcabədidə damazlıq keçi təsərrüfatının qurulması ideyası ixtisasca həkim olan Mülhazil Balakişiyevə məxsusdur. O, uzun illər bu barədə düşündü, nəhayət axtardığını uzaq Hollandiyada tapdı. Bu ölkəyə səfərləri zamanı cins keçi təsərrüfatları ilə tanış oldu, araşdırmalar apardı və onu inandırdılar ki, holland keçiləri Ağcabədi iqliminə dözəcək. 
2013-cü ildə təsərrüfat Ağabəyli kəndində fəaliyyətə başladı. 11 hektar ərazini əhatə edən təsərrüfat hər biri 1500 başlıq 8 fermadan, təkə, revir, çəpiş üçün binalardan, baş ofis və sağımxana ofisindən ibarətdir. İlkin mərhələdə “BMS Aqro” MMC adı verilmiş təsərrüfata südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “Saanen” və “Alpin”  cinsindən olan 1000 baş keçi gətirildi, sonradan bu say  4496-a çatdırıldı. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-75 kiloqram, südünün yağlılığı 4-4,6 faiz olan bu keçilərin hər birindən laktasiya dövründə 800-1200 litr süd sağmaq olur, südvermə dövrü 300 gündür. Bu keçilər bizimkilərə bənzəmir, xaraktercə sakit və üzüyoladır. 
Bu günlərdə təsərrüfata baş çəkərək vəziyyətlə tanış olduq. Təsərrüfatın baş çobanı  Ələmdar Heydərovla söhbətimiz: 
-Avropalı keçiləri Ağcabədidə saxlamaq çətin deyil ki? Hansı  qüvvəli yemləri  verirsiniz? 
•Onlar artıq yerlidirlər. İndiyə qədər bir neçə nəsil almışıq. Çətin heç nə yoxdur. Keçilərin yem rasionuna daxil olan qidalar bunlardır: yonca, arpa, xüsusi süd yemi, quru yem və müəyyən edilmiş normalarda mərmər tozu, duz, kəpək. Bir çəpiş gündəlik 250 qram, böyüklər isə 1 kq qüvvəli yem yeyir. Bu keçiləri açıq və qapalı saxlamaq mümkündür, amma açıq daha yaxşıdır.
-Hansı məhsullar istehsal olunur? 
-Motal pendiri, duzlu pendir, təzə pendir, qəlib pendiri və şüyüdlü pendir.Təsərrüfatın ümumi göstərcilərinə görə bu günə qədər 60 min litrdən çox süd,  6.150 kiloqram pendir istehsal olunub.
-Keçilərə göstərilən baytarlıq xidmətləri haqda danışın...
-Çəpişlərə iki aylığında qurd xəstəliyinə qarşı panakür dərmanı verilir. Altı aydan sonra dabaq, qarayara, sarılıq, çiçək xəstəliyinə qarşı vaksinasiya edilir. İldə bir dəfə vannalarda çimizdirir, tövlələri sönmüş əhənglər dezinfeksiya edirik. Yerlərini təmiz saxlamaq lazımdır, döşəmə torpaq olmalıdır. Qışda soyuqdan qorumağa, tövləni qızdırmağa ehtiyac yoxdur. Soyuq iqlimdən gəldikləri üçün dözümlüdür. 
-Bu cinslərin məhsuldarlığı necədir? 
-İldə iki dəfə balavermə qabliyyətinə malikdir. Amma süd əldə etməkdə maraqlısınızsa ildə bir  bala ilə kifayətlənmək lazımdır. Keçi doğduqca südü azalır.  Bu cinslərin üçüncü ildən sonra döltutumu 95 faizdir. Bir keçi beş il bala verir, sonra məhsuldarlığı tədricən düşür. Belə keçiləri təsərrüfatdan çıxdaş edib, kəsimə göndəririk. Süd veriminə gəldikdə isə, “Saanen”lə “Alpin”in müqayisəsi belədir : ağ rəngdə olan “ Saanen”lər gündəlik  6-8 litrə qədər süd verir, lakin “Alpin”lər bu nəticəni verməslərdə onların südündə yağlılıq yüksək olur. Birinci doğuşda süd verimliliyi 2,5 litrdən başlayır getdikcə artır. Əsas məsələ qüvvəli yemləndirmədir, nə qədər güclü yem versən çəkini sürətlə yığar, südünü də artırar. 20 dişiyə 1 təkə hesab ilə çütləşəmə aparılır. Doğuşda ekiz bala verimi yüksəkdir, çəpişlər arasında erkək-dişi fərqi təxminən yarıbayarıdır. Çəpşlər 45 gün süd əmməlidir, lakin təcrübədə görürük ki, artıq 18-21-ci günündə  ota düşür, süddən ayrılır. 
Cins tərkibini qorumaq son dərəcə vacibdir, ona görə iki ildən-bir qoçu dəyişirik. Qoçları daim sürünün içərisində saxlamaq olmaz, biz onları ayrıca tövlədə saxlayırıq, qüvvəli yemləndiririk. Bu cinslərdə təkcə süd deyil, ət verimidə yüksəkdir. Qoçlar təmiz 35 kq-50 kq arası ət verir. Ətinin dadlı olması üçün yalnız bioloji Naxçıvan duzu veririk. 
-Artıq beş illik təcrübənizə əsaslanaraq bu sahəni marağı olan  heyvandarlara məsləhət görürsünüzmü?
-Əlbəttə, heç çəkinməsinlər. Bu keçilər onlara yalnız qazandıracaq. Amma unutmasınlar, intensiv keçi təsərrüfatında qüvvəli yemləndirmə olmasa məhsuldarlıq sürətlə düşəcək və ziyan qaçılmaz olacaq. 

Nicat Nəsirli
“Aqrobiznes” 

Eləcə də bax: İnanılmaz YENİLİK: telefonu sayğaca yaxınlaşdırmaqla...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256