SƏNAYE

“Azəripək” MMC: Ölkə üzrə 230 ton yaş barama tədarük olunub, proses davam edir
11 İYUN
431

“Azəripək” MMC: Ölkə üzrə 230 ton yaş barama tədarük olunub, proses davam edir

2018-06-11 13:43:00

Son günlər ölkə ərazisində havaların mülayim keçməsi istehsalçılardan barama tədarükünü də xeyli sürətləndirib. “Azəripək” MMC tərəfindən bu günədək kümçülərdən 230 ton yaş barama qəbul olunub.

Məhdud Məsuliyyətli Cəmiyyətdən bildiriblər ki, barama tədarükündə yenə də Zərdab rayonu öndə gedir. Rayonun kümçüləri indiyədək müəssisəyə 49 ton 665 kiloqram yaş barama təhvil veriblər. Füzuli rayonunda bu günədək istehsalçılardan 35 ton 985 kiloqram, Ağcabədi rayonunda 28 ton 898 kiloqram, Bərdədə isə 20 ton 893 kiloqram yaş barama tədarük olunub. Hazırda digər rayonlarda da barama tədarükü mütəşəkkil davam etdirilir. Füzuli kümçüləri barama tədarükünə görə nəzərdə tutulan planı birinci yerinə yetiriblər.

Qeyd edək ki, 2018-ci ildə Çin Xalq Respublikasından müqavilə əsasında 13 min qutu yüksəkkeyfiyyətli hibrid ipəkqurdu sənaye toxumları (qrena) alınıb və iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Toxumlar aprelin 17-si və 24-də Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Toxumların inkubasiyası nəticəsində əldə olunan ipəkqurdlarının bir hissəsi aprelin 27-dən 29-dək bölgü əsasında Aran bölgəsindən olan 22 rayonun kümçülərinə, mayın əvvəllərində isə dağlıq və dağətəyi zonalarda yerləşən 17 rayonun kümçülərinə əvəzi ödənilmədən paylanılıb. Cari ildə Azərbaycanda yaş barama istehsalının 450-500 tona çatdırılması hədəf olaraq qarşıya qoyulub. Bu, ötən illə müqayisədə iki dəfə çoxdur. (Azərtac)

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250