SƏNAYE

Açıq səma altında canlı bitki muzeyi - FOTOLAR
11 İYUN
357

Açıq səma altında canlı bitki muzeyi - FOTOLAR

2018-06-11 10:53:00

Qafqazın ən zəngin kolleksiyasında - Mərkəzi Nəbatat Bağında 3000-ə yaxın bitki sortu və növü mühafizə olunur

Gözəl bir yaz səhəridir. Çoxdandır getmək arzusunda olduğumuz Mərkəzi Nəbatat Bağının qarşısındayıq. Həmin məkanın önündəcə artıq ruhumuz dincəlməyə başlayır... Təsadüfi deyil ki, bağı Qafqazın ən zəngin kolleksiyası adlandırırlar. Burada hər cür müxtəlif yaşıllıqlara rast gəlmək mümkündür. 

Paytaxtda yerləşən bu bağ ölkəmizin xüsusi ekoloji, elmi, mədəni və estetik dəyərə malik təbiət ərazilərindən biridir. Burada dünyanın müxtəlif guşələrindən olan canlı bitki kolleksiyaları becərilir, öyrənilir, eyni zamanda nümayiş etdirilir. Bağda becərilən bir sıra bitki növlərinə respublika ərazisinin heç bir yerində rast gəlinmir. 
Çox keçmir ki, məkana daxil oluruq. Əvvəlcədən düşündüyümüz mənzərə ilə üz-üzəyik. Bağın möhtəşəmliyi, aurası insanı tam sakitləşdirir, zövqü oxşayır.

84 illik tarix

Hələ 1934-cü il iyunun 15-də Azərbaycan SSR Xalq Komissarları Soveti Bakı Sovetinə Nəbatat bağının salınması üçün vəsait ayrılmasını tapşırır. Beləliklə, həmin ilin ikinci yarısından bağın tikintisinə başlanılır və inşaat materialları almaq üçün maliyyə xərcləri ayrılır. Bağ üçün Bakının Dağüstü parkından (indiki Şəhidlər xiyabanı) “Qurd qapısı”na gedən yol arasında 80-100 hektar sahə ayrılması və sahənin su ilə təchiz edilməsi barədə qərar qəbul edilir. 1935-ci ildə Nəbatat bağının ilk direktoru Mixail Brjezitskinin rəhbərliyi ilə burada toxum, qələm, tinglərlə əkin işinə başlanılır.

1935-1938-ci illər ərzində bağda inzibati bina, oranjereyalar, istixanalar, emalatxanalar və təsərrüfat binalarının inşasına start verilir. Elə o vaxtdan etibarən bağın sahəsində Azərbaycan florasının, eləcə də ekzotexniki, dərman bitkilərinin kolleksiyasının yaradılması ilə yanaşı, onların üzərində elmi-tədqiqat işləri aparılır. 1937-1940-cı illərdə bağ üçün nəzərdə tutulan ərazidə neft quyularının qazılması ilə əlaqədar olaraq əsas sahə alınır və bağda yalnız 16 hektar qalır. 1960-cı ildə Ceyranbatan su anbarının tikilməsi və bağın su təchizatının yaxşılaşdırılması burada əkin və elmi-tədqiqat işlərinin genişləndirilməsinə imkan verir. Bağın mövcud sahəsinə yaxın olan 25 hektar yaşıllıq ərazisinin də bura verilməsi Nəbatat bağının ümumi sahəsinin 41 hektaradək artmasına səbəb olur.

Yaşıl muzeyin ziyarətçiləri

İlin bütün fəsillərində şəhərimizin ən yüksək nöqtəsində, dəniz səviyyəsindən 105-135 metr hündürlükdə yerləşən Mərkəzi Nəbatat Bağında turistləri görmək olar. Bağda ziyarətçilərə kömək üçün bələdçilər fəaliyyət göstərir. Bununla yanaşı, ziyarətçilər onları maraqlandıran bitkilərin növü, cinsi və vətəni haqqında məlumatları Azərbaycan, rus və latın dillərində bitkilərin üzərindən asılmış lövhəciklərdən öyrənə bilərlər. Bu bağ yaşıl muzey olaraq biologiya elminin nailiyyətlərini və təbiəti mühafizə ideyasını əhali arasında təbliğ edir. Məktəblilər, tələbələr, xarici qonaqlar, respublikamızda fəaliyyət göstərən müxtəlif səfirliklərin və təşkilatların nümayəndələri, bir sözlə, təbiəti sevənlər bura daha çox üz tuturlar. Bağın ziyarətçilərə açıq olma müddəti isə mövsümlə əlaqədardır. Məsələn, qışda gün qısalır deyə bağa giriş üçün müddət az olur. Yayda isə 09:00-dan 20:00-dək bağ ziyarət edilə bilər. Hazırda isə bağ yay mövsümündədir.

“Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri”...

Bağı seyr etdikdən sonra “Çiçəkçilik” laboratoriyasının rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Asəf İsgəndərovla görüşüb söhbət edirik. 50 ildən çox bu bağda işləyən A.İsgəndərov deyir ki, “Çiçəkçilik” laboratoriyasında tədqiqat işləri əsasən qızılgül sortlarının introduksiyası və seleksiyası istiqamətində aparılır. 2006-cı ildən isə yeni qızılgül sortları yetişdirirlər. 

Bir qızılgül sortunu almaq üçün 4-5 il vaxt lazım olur. Hazırda Nəbatat bağının kolleksiya sahələrində 575-ə yaxın qızılgül sortu var. Onlar arasında alimlərimizin yetişdirdiyi və Kənd Təsərrüfatı Nazirliyindən patent almış “Əsrin müqaviləsi”, “Sarı gəlin”, “Nazpəri” və digər qızılgül sortları mövcuddur. Başqa yeni sortların da patent alınması üçün dövlət komissiyasına təqdim edilməsinə hazırlıq işləri görülür. Xatırladaq ki, 2015-ci ilin may ayında Qafqazın ən böyük qızılgül kolleksiyalarından hesab edilən Mərkəzi Nəbatat Bağında “Qızılgül” sərgisi keçirilib və bu ənənə hər il davam etdirilir.

Azərbaycanın zəngin florasını yaşadan məkan

Bağın direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev bildirir ki, Mərkəzi Nəbatat Bağı Qafqazda ən zəngin canlı bitki kolleksiyalarından biridir. Burada əsasən yerli və dünyanın müxtəlif botaniki-coğrafi rayonlarının florasından olan faydalı bitkilərin növ, forma və sortlarının introduksiyası istiqamətində elmi-tədqiqat işləri aparılır. Dünyanın müxtəlif ölkələrinin 100-dən artıq nəbatat bağı ilə toxum mübadiləsi aparılır. Hazırda aparılan mübadilə işlərinin hesabına bağın kolleksiya fonduna yeni-yeni ağac, kol və çiçək bitkiləri introduksiya olunur. Onların üzərində müşahidələr aparılır, bioloji və ekoloji xüsusiyyətləri öyrənilir.

Azərbaycan florasında yabanı halda 4560-a yaxın bitki növünə rast gəlinir ki, bunlardan 435-dən artıq növü ağac və kol bitkiləridir. Bu bitki növləri içərisində onlarca növün nəsli kəsilmək təhlükəsi altında olduğu müəyyən edilib. Əksəriyyəti yeyilən, dərman, dekorativ əhəmiyyəti olan bitkilərin sistemsiz istifadəsi onların getdikcə tükənməsinə səbəb olur. Bu baxımdan nadir və nəsli kəsilmək təhlükəsində olan bitkilərin kolleksiya sahələrində mühafizəsinə və artırılmasına xüsusi fikir verilir. Həmçinin bağın alimləri tərəfindən alınan innovativ bitki sortlarının populyarlaşdırılması məqsədilə onların kütləvi şəkildə çoxaldılmasına başlanıb.

Nəbatat bağının qaydaları...

Bağda nizam-intizam və davranış qaydalarına əməl olunması çox vacibdir. Burada bitkiləri və gülləri qırmaq, od qalamaq, topla oynamaq, velosiped sürmək, heyvan gəzdirmək, eksperimental təcrübə sahələrinə daxil olmaq və bitkilərə toxunmaq qadağandır. Bağda həmçinin piknik də keçirməyə icazə verilmir.

3000-ə qədər mövcud olan yaşıllıqların su təminatı ən aktual məsələlərdən biridir. V.Fərzəliyev deyir ki, burada keçən ildən başlayaraq suya qənaət məqsədilə bir sıra ərazilərdə damla suvarması üsulu tətbiq edilib. Bu üsulla həm suya qənaət edilir, həm də məhsuldarlıq artır. Eyni zamanda, avtomatlaşdırılmış suvarma hesabına əl əməyi də azalır və yüngülləşdirilir. 
Bu gün dünyada bitkilərin qorunmasında nəbatat bağlarının mühüm rolu nəzərə alınaraq onların sayının çoxaldılmasına və sahəsinin artırılmasına xüsusi diqqət yetirilir. İnsan təbiətin və onu əhatə edən ətraf mühitin qayğısına qalmalı, onun gözəlliklərini duyub, hiss etməlidir. Necə deyərlər, bu təbiət bizimdir, qədrini bilək, qoruyaq...

“Azərbaycan” qəzeti

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258