SƏNAYE

Üzüm gətirin, gülsün üzüm...
11 İYUN
456

Üzüm gətirin, gülsün üzüm...

2018-06-11 10:22:00

Üzüm digər kənd təsərrüfatı məhsulları arasında hər 100 hektar torpaq sahəsi üzrə yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışına görə ən yüksək göstəriciyə malik olan texniki bitkilərdən biridir. Bununla belə, üzümçülük kənd təsərrüfatı istehsalının ən çox kapital tələb edən sahəsidir. 
Tarixən Azərbaycanda 450-dən çox aborigen və introduksiya olunmuş üzüm sortları becərilib ki, bunlardan təxminən 300-ü aborigen üzüm sortlarına aiddir. Respublikada üzümçülüyün genişləndirilməsində ölkə ərazisində üzüm sahələrinin coğrafi cəhətdən yerləşdirilməsi bölgələrin əlverişli torpaq-iqlim şəraiti nəzərə alınmaqla həyata keçirilmişdir. 
1970-ci ildə respublikada 672 təsərrüfat, o cümlədən 244 ixtisaslaşdırılmış üzümçülük sovxozu fəaliyyət göstərirdi. Üzümlüklərin sahəsi ildən-ilə genişlənərək, 1984-cü ildə 280 min hektara çatdırılmış, həmin il ilk dəfə olaraq respublikada 2,1 milyon ton üzüm istehsal edilmişdi. 
Lakin 1985-ci ildə keçmiş Sovet İttifaqında həyata keçirilən “Alkoqolizm və sərxoşluğa qarşı mübarizə tədbirləri” ilə bağlı qəbul edilmiş qərardan sonra Azərbaycan iqtisadiyyatında aparıcı sahə olan üzümçülük və şərabçılığa böyük zərbə vuruldu. Bar verən 130 min hektar məhsuldar üzüm bağları məhv edildi. Eyni zamanda, 76 istehsal, 116 ilkin emal müəsisələri öz işini dayandırdı. 
Azərbaycanın üzüm genofondunda Naxçıvan regionunda yayılan üzüm sortları yüksək şəkərliliyi, keyfiyyət göstəriciləri və təsərrüfat-texnoloji irsi əlamətləri ilə səciyyələnir. Ən yüksək keyfiyyətli süfrə istiqamətli Sarı kişmişi, Qırmızı kişmişi, Əsgəri, Mərməri, İnəkəmcəyi, Qızıl üzüm, şərab istehsalında istifadə olunan Ağ aldərə, Hənəqırna, Mələyi, Naxçıvan qara üzümü bu bölgədə xalq seleksiyası nəticəsində yaradılan yüksək keyfiyyətli və iqtisadi cəhətdən səmərəli üzüm sortlarıdır.
Çox təəssüf ki, Azərbaycanda, həmçinin Naxçıvan MR-də tanınmış yerli üzüm sortları sürətlə sıradan çıxır. Azərbaycan Respublikasında bu, əsasən üzümçülüyün genişləndirilməsi üçün ölkəyə xarici üzüm sortlarının gətirilməsi səbəbindən baş verir. Gətirilmə sortlar aqroekoloji baxımdan çox vaxt gözlənilən nəticələri vermir.Ona görə də yeni üzümlüklərin salınmasında yerli sortlardan geniş istifadə olunması daha çox iqtisadi səmərə verər. 
Müasir dövrdə respublikada üzüm genofondunun qorunması və tədqiqi, sort tərkibinin daha iqtisadi səmərəli süfrə və texniki sortlarla zənginləşdirilməsi, istifadə ediləcək sortların bioloji və təsərrüfat xüsusiyyətlərinin qiymətləndirilməsi, xüsusilə müxtəlif vaxtlarda yetişən, yüksək rentabelli, şaxtaya, xəstəlik və ziyanvericilərə nisbətən dözümlü yeni sortların əkin dövriyyəsinə əlavə edilməsi və istifadəsi üçün səmərəli təkliflərin işlənib hazırlanması ən aktual problemlərdən biridir.  
Üzümçülüyün yenidən genişləndirilməsində istehsal olunacaq məhsulun istiqamətindən asılı olaraq sort seçimi mühüm şərtdir. İstehsal prosesində yüksək iqtisadi maddi gəlirin əldə olunması torpaq-iqlim şəraitinə uyğun sort seçiminin düzgün aparılmasından çox asılıdır. Təsərrüfatda sort bütün nailiyyətlərin mənbəyidir. (aqrobiznes.az)
Varis QULİYEV
AMEA NB Bioresurslar İnstitutunun “Meyvə, tərəvəz və üzümçülük laboratoriyası”nın rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru

Eləcə də bax: “Azərişıq” daha bir yenilik etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256