SƏNAYE

Niyyətiniz hara, mənziliniz ora
08 İYUN
480

Niyyətiniz hara, mənziliniz ora

2018-06-08 16:49:00

Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında Lənkəranın həmişə xüsusi yeri, çəkisi olub. Səsi-sorağı minillərin o tayından gələn bu qədim diyar öz füsunkar təbiəti, zəhmətkeş insanları, qəhrəman övladları, ziyalıları ilə həmişə sayılıb-seçilmişdir. Elə buna görə də Lənkəran haqqında söhbət düşəndə istər-istəməz göz önündən onun şanlı tarixi, xüsusilə ötən əsrin 70-ci illəri gəlib keçir.
Həmin illər, şübhəsiz ki, ilk növbədə orta və yaşlı nəsil nümayəndələrinin yadındadır. Çünki onlar bu illərdə respublikamızda, o cümlədən Lənkəranda gedən sürətli inkişafın, tərəqqinin canlı şahidləridir. O illər respublikaya rəhbərlik etmiş Heydər Əliyev hər il Lənkərana səfər edir, rayonun sosial-iqtisadi inkişafı üçün zəruri qərarlar verirdi. Xanbulançay dəryaçası, neçə-neçə sənaye müəssisəsi, mədəni-məişət obyektləri, yaşayış binaları həmin dövrün yadigarlarıdır. Onların çoxu indi də fəaliyyət göstərir. Lənkəranda istehsal olunan bir çox məhsullar keçmiş SSRİ-nin ayrı-ayrı respublikalarına göndərilirdi. Plantasiyalardan yığılan 16 min tondan çox yaşıl çay yarpağından 4,2 min ton quru çay istehsal olunurdu ki, bu da o dövrdə daxili tələbatın 50 faizini ödəyirdi.
Bu cənub rayonu Moskvanın tərəvəz bazası kimi də şöhrət tapmışdı. O vaxtlar Azərbaycana gələn yüksək rütbəli qonaqlar, xarici ölkələrin rəhbərləri, kosmonavtlar, dünya şöhrətli ədəbiyyat-incəsənət xadimləri yurdumuzun bu dilbər guşəsinə səfər edirdilər. Onların rayonun “Şərəf kitabı”na yazdıqları xoş sözləri oxuduqca qürur hissi keçirməmək mümkün deyil. 
1991-ci ildə SSRİ süquta uğradı. Keçmiş sosialist respublikalarının hər birində olduğu kimi, Azərbaycanda da tənəzzül dövrü başladı. İdarə, müəssisə, kolxoz və sovxozlar fəaliyyətlərini dayandırdı. Ulu öndər Heydər Əliyevdən sonra dövlət başçısı İlham Əliyev də qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının, onun ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi üçün ardıcıllıqla tədbirlər həyata keçirilməsi barədə müvafiq işlər görür. Bu mühüm məsələ 2004, 2009, 2014-cü illərdə təsdiqlənmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında öz əksini tapmış və aqrar sahənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilmişdir. Günü bu gün də torpaq mülkiyyətçilərinə subsidiyalar, güzəştli kreditlər verilir, lizinq yolu ilə yeni texnikalar, cins mal-qara alınır, damazlıq, toxumçuluq işləri yaxşılaşdırılır, kadr potensialı gücləndirilir. 
Bir tərəfdən də neftin qiymətinin dünya bazarında ucuzlaşması digər sahələrin, o cümlədən aqrar sahənin inkişaf etdirilməsini önə çəkdi. Ölkə rəhbəri çevik iqtisadi siyasət yürüdərək respublika üçün xarakterik olan sahələrin inkişafı ilə əlaqədar önəmli tədbirlər gördü. Pambıqçılığın, fındıqçılığın, tütünçülüyün, baramaçılığın, çayçılığın, çəltikçiliyin, sitrus meyvəçiliyinin dirçəldilməsi məqsədilə regionlarda müşavirələr keçirdi, ayrı-ayrı təsərrüfatlarda olub mütəxəssislərlə söhbətlər, məsləhətləşmələr apardı, dövlət proqramları imzaladı. Keçən il sentyabrın 3-də Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalı məsələlərinə dair keçirilmiş müşavirədəki nitqində dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycanda kənd təsərrüfatı prioritet sahə olaraq qalır və qalacaqdır. 
Lənkəranda bu region üçün ənənəvi olan çayçılıq, çəltikçilik, habelə sitrus meyvəçiliyinin inkişafı ilə əlaqədar ciddi tədbirlər həyata keçirilir. Yeni təsərrüfatlar yaranır, əkin sahələri genişləndirilir, istehsal artır. Belə təsərrüfatlardan biri “Yaşıl Çay” MMC-dir. 150 hektara yaxın torpaq sahəsi olan təsərrüfatda 2011-ci ildən başlayaraq yüksək məhsuldarlığı ilə seçilən “Kolxida” sortlarından ibarət çay plantasiyaları salınıb. Çay kollarına yalnız üzvi gübrələr verilir. Odur ki burada yüksəkkeyfiyyətli “Lənkəran çayı” brendi adı altında müxtəlif çeşidli çaylar istehsal edilir. Təsərrüfatda baramaçılığın inkişafı üçün də işlər görülür. Bu məqsədlə böyük tut bağı salınmışdır. 
Dadlı-ləzzətli, ətirli Lənkəran düyüsü yüzilliklər ərzində yerli əhalinin əsas ərzağı olub. Hazırda “Sədri”, “Ənbərbu”, “Haşimi”, “Həsənli”, “Akülə” və başqa növ çəltik sahələrinin əkilib-becərilməsi ildən-ilə genişlənir. Girdəni, Veravul, Ürgə, Siyavar, Hirkan, Xolmili, Şıxəkəran, Mamusta, Separadi yaşayış məntəqələrinin sakinləri bu sahəyə daha çox diqqət yetirirlər. Onların yetişdirdikləri ekoloji cəhətdən təmiz olan düyüyə tələbat getdikcə artır. Yeri gəlmişkən qeyd edək ki, keçən il rayonda 526,5 hektarda çəltik əkilmiş, hər hektarın məhsuldarlığı 50-60 sentner olmuşdu. 
“Cənub-Aqro” MMC istehsalla yanaşı, emalla da məşğul olur. Bir hektar sahədə inşa edilən çəltik zavodu regional əhəmiyyət kəsb edən layihədir. Müəssisənin aylıq emal gücü 300, düyüqurutma gücü 900 tondur. 
Məlum olduğu kimi, sitrus meyvəçiliyi də Lənkəranın ənənəvi sahələrindəndir. Rayonda keçən il 1282 hektar sitrus bağından 12 min 900 ton məhsul yığılaraq 9,9 milyon manat gəlir əldə edilmişdir. Son vaxtlar intensiv bağsalma üsulları tətbiq edilməklə 680 hektar hallabonq növlü yeni sitrus bağları salınıb. Bu növ bağçılıq Azərbaycan üçün yenidir və yaxın gələcəkdə bu bağların ümumi sahəsi 1000 hektara çatdırılacaq.
Hazırda rayonun kəndlərində təsərrüfat işlərinin qızğın vaxtıdır. Çay plantasiyalarında becərmə işləri yüksək səviyyədə təşkil olunmuşdur. Payızda 30 hektarda çay plantasiyası salınması nəzərdə tutulur. İndi sahələrdə ilk yığım gedir. Artıq 150 tondan çox yaşıl çay yarpağı emal müəssisələrinə təhvil verilmişdir. 
Çəltik sahələrində də qızğın iş gedir. 1000 hektarda çəltik yetişdirilməsi nəzərdə tutulmuşdur. Bunun bir hissəsi şitilbasdırma, digər hissəsi səpmə yolu ilə aparılır. İndiyədək 400 hektarda əkin işi görülmüşdür. Kampaniyanın iyunun 15- 20-si arasında başa çatdırılması üçün müvafiq tədbirlər görülmüşdür.
Yeni sitrus meyvə bağlarının salınması üçün sahibkarlara hər cür kömək göstərilir. Bu il Separadi kəndində 100 hektar sitrus bağı salınacaq. Bunun 35 hektarında əkin işi aparılmışdır. İşlər payızda da davam etdiriləcək. Meyvə bağlarında hazırda suvarma və digər aqrotexniki işlər görülür. Qeyd edək ki, çay, çəltik və sitrus meyvələrinin əkilməsi və becərilməsi üçün rayona lazımi texnika verilir.
Lənkəranda baramaçılığa da diqqət artmışdır. Bu il 21 kümçüyə 78 qutu baramaqurdu paylanmışdır. Ən azı 3 ton barama istehsalı gözlənilir.

Tərəvəz istehsalı sahəsində rayonun keçmiş şöhrətini özünə qaytarmaq üçün əkinlər ildən-ilə genişləndirilir. İndi təsərrüfat işlərinin başdan aşan çağıdır. Sahibkarlar, fermerlər yeni qayğılarla yaşayırlar. Onlar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara çıxmaq istəyirlər. Necə deyərlər, niyyətiniz hara, mənziliniz ora.

“Azərbaycan” qəzeti

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256