SƏNAYE

Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulur
07 İYUN
138

Qax Damazlıq İpəkçilik Stansiyası yenidən qurulur

2018-06-07 11:42:00

Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası və əlavə istehsal sahələrinin yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir. Stansiyanın ərazisində inşa edilən bina və yardımçı tikililərdə hazırda son tamamlama işləri görülür.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Tikinti işlərini həyata keçirən “Azəraqrartikinti” ASC-nin iş icraçısı Xaləddin Bəşirov bildirib ki, hibrid və elit barama toxumlarının yetişdirilməsi, həmçinin ipəkqurdu ailələrinin yemlənməsi üçün nəzərdə tutulan binalarda hazırda bəzək işləri görülür. İnzibati binanın tikintisi də tamamlanmaq üzrədir. Ərazidə inşa edilən yardımçı tikililərin, o cümlədən qazanxana binasının, 100 və 50 kubmetrlik yanğın əleyhinə və içməli su hovuzlarının, çirkab su anbarının tikintisi başa çatıb. Stansiyada yeni transformator quraşdırılıb, tikintisi başa çatan binalar şəbəkəyə qoşulub. Hazırda stansiyanın ərazisində artezian quyusu qazılır, həyətində abadlıq işləri görülür.

Eyni zamanda, stansiyada Çin Xalq Respublikasından gətirilmiş texnoloji avadanlığın quraşdırılmasına da başlanılıb. Quraşdırma işləri çinli mütəxəssislərin iştirakı ilə həyata keçirilir.

Hazırda tikinti meydançasında 150-dək işçi çalışır. Tikinti işlərinin iyunun sonunadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, stansiyanın bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqla təchizatı Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında ipəkçiliyin maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında" 2017-ci il 19 may tarixli Sərəncamına uyğun olaraq həyata keçirilir. Sərəncama əsasən, Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və ən müasir avadanlıqla təchiz olunması üçün Prezidentin ehtiyat fondundan 4,5 milyon manat vəsait ayrılıb. Stansiya müasir standartlara uyğun yenidən qurulduqdan sonra daha xaricdən ipəkqurdu toxumu gətirməyə ehtiyac qalmayacaq və bu işlər stansiyanın özündə təşkil olunacaq. Stansiyada hibrid və elit barama toxumları yetişdiriləcək.

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267