SƏNAYE

Salyanda 450-yə yaxın istixanada tərəvəz yetişdirilir
06 İYUN
207

Salyanda 450-yə yaxın istixanada tərəvəz yetişdirilir

2018-06-06 09:05:00

Salyanın qəsəbə və kəndlərindəki istixanaların şəbəkəsi ilbəil genişlənir. Bu sahədən yüksək mənfəət götürüldüyündən fermerlər istixana şəraitində tərəvəz (xiyar-pomidor) yetişdirilməsinə daha çox üstünlük verirlər. Rayonda təsərrüfatın bu sahəsi ilə ən çox Qarabağlı, Yenikənd, Xələc, Yolüstü kəndləri və Qaraçala qəsəbəsində fəaliyyət göstərən məhsul istehsalçıları məşğul olur. Onlar hər il istixanalarda yetişdirdikləri tərəvəzi daxili və xarici bazarlara göndərərək yüksək mənfəət götürürlər.

Rayon statistika idarəsinin müdiri Elnur Hüseynov bildirib ki, rayonda istixana şəraitində faraş tərəvəz yetişdirilməsi ilə məşhur olan 70 nəfərdən çox fermer fəaliyyət göstərir. Onlar hər il yüz tonlarla məhsul istehsal edərək daxili və xarici bazarlara çıxarırlar. Ötən il rayonun ayrı-ayrı yaşayış məntəqələrində ümumilikdə 130 hektar sahəsi olan 410 istixana kompleksində 4 min 430 ton xiyar, 13 min 895 ton isə pomidor yetişdirilib. Cari ildə isə rayon üzrə mövcud olan 449 istixananın 447-də tərəvəz yetişdirilib və bu günə kimi 11 min 246 ton məhsul tədarük olunub.

Mülkiyyətçilər istehsal etdikləri tərəvəzi yüksək qiymətə satdıqları və məhsula olan tələbatın çoxluğunu nəzərə alaraq əldə etdikləri gəlir hesabına hər il yeni-yeni istixana kompleksləri tikib istifadəyə verirlər. Ötən il rayonun Qarabağlı, Yenikənd və Xələc kəndlərində hər birinin sahəsi bir hektar olmaqla 8 müasir tipli istixana kompleksi yaradılıb. Kürsəngi kəndi ərazisində isə 50 hektar sahədə yeni istixana kompleksi tikilib.

Qarabağlı kənd sakini fermer Abbas Həsənov bildirib ki, istixana şəraitində yetişdirilən tərəvəz ən çox qış və yaz aylarında bazara çıxarıldığından həm qiyməti yüksək olur, həm də yaxşı satılır. O deyib: “Bu sahə ilə məşğul olduğum 5 il ərzində elə bir il olmayıb ki, yetişdirdiyim tərəvəzin satışında çətinlik çəkim. Həmişə alıcım olub. Ötən il 1,2 hektar sahədən 250 ton məhsul yetişdirib satdım. Bu il sahəni genişləndirərək 2,5 hektara çatdırmışam. Bu günə kimi istixanadan 480 ton məhsul istehsal edib bazarlara göndərmişəm. Hələ sahədə xeyli məhsul var və bundan sonra daha 30-40 ton məhsul tədarük edə biləcəyəm”. Sifarişçilərin məhsula olan tələbatını nəzərə alaraq gələcəkdə istixananın ərazisini 3-3,5 hektara çatdırmaq fikrindədir.

Rayonda fəraş tərəvəz istehsalının artırılması və ixracının gücləndirilməsi istiqamətində tədbirlər bu gün də davam etdirilir. (Azərtac)

Eləcə də bax: Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256