SƏNAYE

Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ
01 İYUN
1042

Azərbaycan yetişdirilən güldən hazırlanan yağın 1 litri 12 min avroya satılır - REPORTAJ

2018-06-01 14:35:00

...Səhər saat 4.00 radələridir. Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisindəyik. Sübh tezdən bura gəlməyimiz heç də təsadüfi deyil. 
Emal prosesinə gedən güldən keyfiyyətli yağ almaq üçün başlıca şərtlərdən biri gülün günəş qalxmamış, sübh tezdən şehli-şehli dərilməsidir. Aqrotexniki qaydalara uyğun olaraq qızılgül əkildiyi dövrün ikinci ilində dərimə başlanır. Hazırda 2016-cı ilin payızında əklimiş 64 hektarlıq ikiillik sahədə yığım aparılır. 61 hektar sahə isə 1 illikdir və onlarda da gələn ildən dərim prosesi reallaşdırılacaq.
“AzRose” MMC-nin direktoru Şamil Məmmədov deyir ki, Türkiyədən və Bolqarıstandan dəvət olunmuş mütəxəssislərin tövsiyələri əsasında Zaqatala rayonunun Aşağı Tala kəndində gülçülüyün inkişaf etdirilməsi məqsədilə 107 hektar torpaq sahəsi müəyyənləşdirilib. Bolqarıstandan gətirilmiş tinglərdən “Dəməşq qızılgülü” və “Lavanda” növləri üzrə gül plantasiyaları salınıb. Bu plantasiyalarda ilkin mərhələdə təxminən 600 ton gül ləçəyinin toplanması nəzərdə tutulub. “Dəməşq qızılgülü”ndən istehsal olunan yağ həm məhsuldarlığına, həm də keyfiyyətinə görə ən yaxşısı hesab olunur.
Bolqarıstandan gətirilmiş “Lavanda” gülü növünün isə Fransa və Türkiyə “Lavanda” növlərindən yağlılıq dərəcəsi 20 faiz çoxdur. İllik gücü 1250 ton yaş gül, 250 litr qızıl gül və 6 min litr “Lavanda” gül yağı olan müəssisədə istehsal edilən yağlar “AzRose” adı ilə bazarlara çıxarılacaq. 
Gələcəkdə isə həmin yağlardan istifadə etməklə müxtəlif ətriyyat, yuyucu, məişət və qida sənayesində istifadə olunan məhsulların istehsalı nəzərdə tutulur. 
Mayın əvvəllərindən gül dəriminə başlanıb. Mövsüm ilə bağlı ətraf kəndlərin sakinlərinə məlumat verildikdən sonra hər gün bura orta hesabla 500 işçi gəlir. Burada Tala, Suvagil,Yengiyan, Mosul, Mamrıx, Gözbarax, Lahıc, Əliabad kəndlərinin sakinləri çalışırlar. Onların qonşu kəndlərdən işə gəliş-gedişi üçün müəssisə tərəfindən 8 avtobus ayrılıb. İş prosesində bir ailədən nə qədər çox adam təmsil olunsa onların öz xeyirlərinədir. Təxminən 4 saat müddətinə - saat 9 radələrinədək işlərini görür, dərdikləri gülün həcminə uyğun olaraq pullarını alıb gedirlər. Günün digər vaxtında da planlı şəkildə başqa işlərini davam etdirə bilərlər. 
Ş.Məmmədov deyir ki, cari il üçün hədəf 100 ton gül ləçəyinin toplanması və ondan 30 litr yağ almaq idi. Artıq istənilən nəticəyə nail olunub. Hazırda sahələrdə yığım davam edir. 
Ərazidə qızılgüllə yanaşı 35 hektarda “Lavanda” gülü əkilib. Onun da dəriminə iyul ayında başlanacaq və 25 ton ləçək toplanacaq. Bundan da 500 kiloqram yağ gözlənilir. Səbəb qızılgüllə müqayisədə “Lavanda”nın yağlılığının daha çox olmasıdır. Lakin alış qiyməti qızılgüllə müqayisədə xeyli aşağıdır. Qızılgül yağının 1 litri dünya bazarında 12 min avro olduğu halda, “Lavanda” yağı 80-100 avro aralığında dəyərləndirilir. 

Əli SƏLİMOV,
“Azərbaycan”

Eləcə də bax: Çin şirkəti Hövsanda aqropark layihəsinə 140 milyon dollar xərcləyəcək - FOTOLAR

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254