SƏNAYE

Taxıla yeni agentlik nəzarət edəcək: DƏYİŞİKLİK
16 MAY
222

Taxıla yeni agentlik nəzarət edəcək: DƏYİŞİKLİK

2018-05-16 12:28:00

Bu il iyulun 1-dən Azərbaycanda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini və taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını yalnız Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” fərmanında dəyişiklik edilməsi haqqında fərmanda əksini tapıb. Hazırda taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyasını İqtisadiyyat Nazirliyi, taxıl emalı məhsullarının dövlət reyestrində gigiyena qeydiyyatına alınmasını isə Səhiyyə Nazirliyi həyata keçirir.

Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarətini həyata keçirən Qida Təhlükəsizliyi Agentliyinin aşağıdakı səlahiyyətləri olacaq:

– taxılçılıq fəaliyyətinin subyektləri tərəfindən taxıl məhsullarının keyfiyyətinə dair müəyyən olunmuş standartlara və tələblərə riayət edilməsini yoxlamaq;

– taxıl məhsullarının istehsalı, tədarükü, saxlanması, daşınması, satışı, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən taxıl haqqında qanunvericiliyə əməl olunmasını yoxlamaq;

-müəyyən edilmiş qaydada keyfiyyətinin təyin edilməsi üçün taxıl məhsullarından nümunələr götürmək, taxılçılıq fəaliyyətinin subyektlərindən taxıl məhsullarının keyfiyyəti barədə müvafiq məlumatlar tələb etmək;

– taxılçılıq fəaliyyətinin subyektlərinin rəsmi müraciətinə əsasən taxıl məhsullarının keyfiyyətinə və məqsədli istifadəsinə dair qanunvericiliklə müəyyən edilmiş sənədlər vermək;

– taxıl məhsullarının istehsalı, alqı-satqısı, saxlanması, daşınması, idxal və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslərə taxıl haqqında qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün icrası məcburi olan göstərişlər vermək;

Yaxın zamanlarda Taxıl Fondunun QTA-nin nəzarətinə veriləcəyi barədə söyləntilər var. Ehtimallara görə, Fövqəladə Hallar Nazirliyinin Taxıl Fondunun yığım səlahiyyətləri alınıb QTA-nə veriləcək. Məlumatlara görə, Taxıl Fondu yığımları hazırkı sərəncamla müvəqqəti də olsa, yerinə yetirir. Ekspertlər hesab edir ki, Taxıl Fondunun Fövqəladə Hallar Nazirliyinin tərkibində olması başadüşülən deyil.

İqtisadçı-ekspert Akif Nəsirli  bildirib ki, Qida Təhlükəsizlik Agentliyi ölkədə qida sektoruna aid olan bütün məhsulların təhlükəsizliyənə rəsmi cavabdeh qurum kimi çıxış edir: “Bundan irəli gələn öhdəliklərdir ki, Taxıl Fonduna yığılan taxılın keyfiyyətinə nəzarət də QTA-nə verilir. Amma bu, hələ o demək deyil ki, Taxıl Fondunun səlahiyyətləri alınıb Qida Təhlükəsizliyi Agentliyinə veriləcək. Əslində, Qida Təhlükəsizliyi Agentliyi, eləcə də, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və əlavə 5-6 qurum yaradılsa da, ölkədə inzibati qaydada qida təhlükəsizliyinə dövlət tərəfindən təminat verilməsi mümkün deyil. Bu gün Taxıl Fondu dövlətin olduğuna görə, ona nəzarəti də dövlət agentliyi həyata keçirdə bilər. Amma bu agentlik təhlükəsizliyə nəzarət etdiyi üçün ona Taxıl Fondunun səlahiyyətlərinin alınıb verilməsindən söhbət getmir. Çünki bu, agentliyin fəlsəfi strukturuna da uyğun deyil. Bu agentliyin tərkibində heç bir qida və yaxud ehtiyat fondu yoxdur. Bu, sadəcə olaraq ölkədə qida təhlükəsizliyinə nəzarət adı altında yaradılıb.

Əslində Taxıl Fondunun özü də bu məsələyə nəzarət edə bilər. Amma struktur belədir ki, Taxıl Fondu keyfiyyətsiz taxılı da rüşvət müqabilində qəbul edə bilər. Bir struktura digər strukturun nəzarət etməsi, normaldır. Ümumiyyətlə, elə qanunvericilik yaratmaq lazımdır ki, Taxıl Fondunu da, eləcə də digər qida istehsal edən müəssisələr də təhlükəsiz qida toplamaqda maraqlı olsun. Məsələ burasındadır ki, Taxıl Fondunda elə bir struktur yoxdur ki, fond normal ərzaq buğdası qəbul etməkdə maraqlı olsun. Əgər Taxıl Fondunda toplanan taxılı, buğdanı təhlil etsək, tam əminliklə demək olar ki, o fondun tən yarısı qida üçün yararsız taxıldan ibarət olacaq. Çünki orada daha keyfiyyətli və yaxşı buğda ehtiyatı yığmağa maraq yoxdur. Mexanizm elə qurulmalıdır ki, ölkənin strateji məhsulu olan buğdanı yüksək keyfiyyətli məhsullardan toplamağa həmin fond özü maraqlı olsun. Kənardan nəzarət vəziyyəti bir az dəyişə bilər. Amma hesab edirəm ki, bu, effektiv olmayacaq”.

Ekspert qeyd edib ki, Taxıl Fondunun Fövqəladə Hallar Nazirliyinin tərkibində olması başadüşülən deyil: “Belə bir fond nəyə görə FHN-nin tabeliyində olmalıdır? Bu tipli fondlara və ya müəssisələrlə Kənd Təsərrüfatı Nazirliyi nəzarət etməlidir. Hesab edirəm ki, Taxıl Fondu əvvəlcədən Kənd Təsərrüfatı Nazirliyinin nəzdində yaradılmalı idi. Sözsüz ki, o fondun mütəxəssisləri də FHN-nin məsələlərində ixtisaslaşmış insanlar deyil, onlar KTN-də ixtisaslaşıblar. Ona görə də bu məsələlər kökündən həll olunmalıdır. Azərbaycan vətəndaşı üçün çox ciddi qida təhlükəsizliyi var.

Bunun aradan qaldırılması üçün ajiotaj yaratmağa ehtiyac yoxdur. Beynəlxalq təcrübədən istifadə edib məsələnin həlli yollarını Azərbaycanda da tətbiq etmək olar. Ümumiyyətlə, bu cür hallarda inzibatçılıqdan qaçmalıyıq. Taxıl Fondunun məhsullarına nəzarəti Qida Təhlükəsizlik Agentliyinə həvalə edilməsi müsbət addımdır. Amma bu məsələlərin fəlsəfəsi bazar iqtisadiyyatına uyğun deyil”. (Cebhe.info)

Eləcə də bax: İnam Kərimovun verdiyi tapşırıq vəziyyəti dəyişdi - VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254